AZ EN RU

Xocalı soyqırımı ilə əlaqədar dəyirmi masa təşkil olunub

Ordubad Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar dəyirmi masa təşkil olunub. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli tədbiri açaraq Ulu Öndər Heydər Əliyevin, Xocalı şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxış edərək Ulu Öndər Heydər Əliyevin soyqırımı aktına ilk dəfə hüquqi-siyasi qiymət verdiyini, dahi şəxsiyyətin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” Qərar qəbul etdiyini bildirib. İcra başçısı vurğulayıb ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Araz Lütvəliyev, Əndəmic kənd tam orta məktəbinin direktoru Əyyar Səfərov çıxış ediblər. Çıxışlarda ermənilər tərəfindən son 100 il ərzində xalqımızın başına gətirilən faciələr, erməni ideologiyasının münaqişənin alovlanmasında oynadığı rol və erməni terror qruplarının fəaliyyəti qeyd edilib.

Vurğulanıb ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi, – “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.

Çıxış edənlər Xocalı faciəsi zamanı əhalinin başına gətirilən müsibətlər haqqında danışaraq bu hadisənin sağ qalan insanların taleyində dərin yara açdığını vurğulayıb.

Çıxışlarda ölkə rəhbərliyi tərəfindən son illərdə Xocalı soyqırımının tanıdılması üçün aparılan diplomatik siyasət, Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın 2008-ci ildən başlayaraq davam etdirdiyi “Xocalıya ədalət” kampaniyasının əhəmiyyəti,  dünya dövlətləri və parlamentləri tərəfindən qətliam barədə çıxarılan qərarların bu hadisənin daha geniş arenaya çıxarılmasında və tanıdılmasında mühüm rol oynadığı qeyd olunub. 

Bülbül QULİYEVA

Nəşr edilib : 26.02.2024 19:11