AZ EN RU

Xocalı soyqırımı: dünəndən bugünə 30 il

26 fevral 1992-ci il... Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Xocalı şəhəri Rusiyanın Xankəndində yerləşən 366-cı alayının başçılığı ilə erməni silahlı qüvvələrinin amansız hücumuna məruz qaldı. Əhalisi 7 min nəfərdən çox olan Xocalı şəhəri tarixin indiyədək görmədiyi vəhşilikləri yaşadı. Şəhərin işğalı zamanı 613 nəfər işgəncə ilə öldürülmüş, bunlardan 63-ü uşaq, 106-ı qadın idi, 8 ailə tamamilə məhv edilmiş və 1275 nəfər əsir götürülmüşdür.

Xocalı şəhəri 1988-ci ildən erməni quldurlarının hədəfində idi. 1991-ci il noyabr ayından şəhər mühasirəyə alınmışdı ki, bu ermənilər soyqırım məqsədlərini həyata keçirmək üzrə olduqlarını göstərirdi. Ermənilər Xocalı şəhərini xüsusilə seçmişdilər. Çünki Xocalı qədim tarixə malik olan maddi-mədəni abidələriqoruyub saxlayırdı. Bu ermənilərin ən qədim zamanlardan Qarabağ torpaqlarında yaşaması faktını inkar edən əsas sübutlardan biri idi. Eyni zamanda Ağdam-Şuşa və Əsgərən-Xankəndi yolundakı yeganə hava limanı Xocalı ərazisində yerləşirdi. Erməni silahlı qüvvələri həm gələcək məqsədlərinə mane ola biləcək havadan yardım ehtimalını aradan qaldırmağa çalışır, həm də aeroportu Azərbaycanlıların nəzarətindən alaraq özləri üçün istifadə etməyi planlayırdılar. Eyni zamanda Xocalı şəhəri ermənilərin özlərinə paytaxt kimi seçdikləri Xankəndi (Stepanakert) şəhərinin 10 km uzaqlığında yerləşirdi. Xocalıdan atılan top atəşi ilə Xankəndi yaxınlığındakı erməni mövqeleri asanlıqla sıradan çıxarıla bilərdi ki, bu erməniləri ciddi dərəcədə narahat edirdi.

 Ermənilər Xocalıdan əvvəl Meşəli, Həsənabad, Quşçular, Kərkicahan, Malıbəyli və s. kəndlərimizi işğal etmiş, yüzlərlə vətəndaşımızı qətlə yetirmişdilər. Lakin kiçik soyqırımlar onlara kifayət etməmiş, daha böyük, şiddətli və qorxusalan faciəyə yönəlmişdirlər.  Xocalının işğalı zamanı ermənilər türk xalqlarına qarşı duyduqları nifrət hissinin doğurduğu qisas almaq məqsədiləxüsusi amansızlıq və vəhşiliklər törətdilər. Bununla onlar Azərbaycan xalqı arasında qorxu yaradaraq insanların öz torpaqlarını tərk edib qaçmaqlarına nail olmağa çalışırdılar. Xocalının xilası üçün gedən döyüşlərdə onun müdafiəçiləri son nəfəslərinədək vuruşmuş, onlardan az bir qismi salamat qalmışdır. Xocalı uğrunda döyüşən milislərdən, özünümüdafiə dəstələrinin döyüşçülərindən və məsul işçilərdən 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş, 16 nəfər “Azərbaycan bayrağı”, 58 nəfər “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

Bəs soyqırım nədir? Xocalı faciəsinin soyqırım olduğunu göstərən faktlar hansılardır? Soyqırım hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən hərəkətlərdir. Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu, bilərəkdən və iradə ilə edilən əməllərdir. Ermənilər Xocalı şəhərində soyqırım törətmək niyyəti olduğunu sübüt edən bir çox fakt mövcuddur. İlk əvvəl Ermənistan 1980-ci illərin ikinci yarısından başlayaraq Rusiyada öz qəddarlıqları ilə xüsusi fərqlənənhərbi döyüş qabiliyyətli muzdlu əsgərləri öz ordularına cəlb edərək hazırlıqlar görməyə başlamışdırlar. Bu onların işğaldan çox daha əvvəl şüurlu və bilərəkdən soyqırıma hazırlaşdıqlarını göstərən ilk sübutdur. İkinci fakt isə budur ki, fevralın 25-i gecə Xocalı şəhəri atəşə tutuldu. Mülki əhali şəhəri tərk etmək məcburiyyətində qalaraq Ağdama çatmaq üçün Əsgəran istiqamətindəqaçdılar. Lakin yolda onları pusqu gözləyirdi. Pusquya düşən dinc, günahsız və silahsız insanlar vəhşi şəkildə qətlə yetirildilər. Bu hadisə ermənilərin türk xalqlarının kökünü tamamilə qurutmaq məqsədilə hərəkət etdiklərini göstərir. Yuxarıda da qeyd etdiyimiz kimi Xocalı soyqırımı zamanı 8 ailə tamamilə məhv edilmişdir. Rusiyanın “Memorial” hüquq mühafizə mərkəzinin məlumatına görə işğaldan sonra 4 gün ərzində Ağdama 200 azərbaycanlı meyiti gətirilmişdir. Bunların hər biri təhqirə məruz qalmışdılar. Bəli, Azərbaycanımızın mənfur düşməni məhz belə insanlar idi... İşgəncə ilə öldürməklə kifayətlənməyib, cəsədlər üzərində təxribat işləri aparmışdırlar.

Xocalıda baş verən hadisələr Azərbaycan tərəfinin cəhdi ilə Cingiz Mustafayev başda olmaqla azərbaycanlı və xarici jurnalistlərin gözündən dəyərləndirilmişdir. Hadisə yerinə şəxsən getmiş xarici jurnalistlər jurnal və qəzetlərdə öz gözləri ilə şahid olduqları dəhşətli mənzərələri işiqlandırmış, alman faşizminin belə ermənilərin yanında məsum qaldığını etiraf etmişdirlər.

Azərbaycan höküməti Xocalı faciəsinin günahkarlarının tapılması, onların mühakiməsi və haqq səsimizin dünyaya çatdırılması ilə bağlı ilk anlardan fəaliyyət göstərir. 1992-ci ilin martından deputat istintaq Komissiyasi və Respublika Prokurorluğunda istintaq qrupu yaradılmış və faciənin  təqsirkarları olaraq 366-cı alayın 2-ci batalyonunun komandiri mayor Seyran Ohanyan, 366-cı alayın 3-cü batalyonunun komandiri Yevgeni Nabokinin, 1-ci batalyonun qərargah rəisi Valeri Çitçyanın və digərləri müəyyənləşmişdir.

Xocalı soyqırımında şəxsən iştirak edən və “Ruhumuzun canlanması” əsərində törətdikləri vəhşilikləri açıq-aydın və qururla göstərən Zori Balayan da Azərbaycan höküməti tərəfindən İnterpola axtarışa verilmişdir. Lakin təəssüf ki, Xocalı qətliamçıları öz layiqli cəzalarını tapa bilməmişdirlər...

1992-ci il martın 10-da Azərbaycan Daxili İşlər Nazirliyi Rusiya Federasiyasının prezidenti B.Yeltsinə Xocalı faciəsi ilə bağlı görüşmək üçün məktub göndərirlər. Məktuba faciənin video-kasseti və 366-ci motoatıcı alayın burada iştirakı ilə bağlı faktlar əlavə olunmuşdu. B.Yeltsin kassetə baxdıqdan sonra videogörüntülərin Rusiya Federasiyası ərazisində göstərilməsi qadağan edilməsini nəzərdə tutan xüsusi sərəncam (0219/21-OD-1992.III.12) imzaladı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə Xocalı soyqırımı haqqında xüsusi fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Prezident İlham Əliyev, dövlət və hökumət nümayəndələri, ictimaiyyət təmsilçiləri hər il fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edirlər.

Xocalı soyqırımının dünyaya tanıdılması, həqiqətlərin gün üzünə çıxarılması və soyqırıma obyektiv qiymət verilməsinə nail olmaq Azərbaycanın xarici siyasətinin istiqamətlərindən birinə çevrilmişdir. Ümümmilli lider Heydər Əliyev tərəfindən başladılan və prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən “Xocalı qoyqırımı”nın dünyaya duyurulması kampaniyalarıöz nəticələrini vermişdir. Bir neçə beynəlxalq təşkilat və bir çox dövlət tərəfindən faciə “soyqırım” aktı kimi qəbul olunmuşdur.

Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir.Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı - uşaqların gözü ilə" rəsm və əl işlərinin müsabiqəsi, 2007-ci il fevralın 26-daBrüsseldə təşkil olunan "təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi, 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans keçirilmişdir. Eyni zamanda 2007-ci il fevralın 19-26-da soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün Türkiyənin İstanbul və daha 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirilmişdir. 

2008-ci il mayın 8-də, Şuşa şəhərinin işğalının ildönümündə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası təsis edilmiş, fəaliyyətinə isə 2009-cu ilin fevralından start verilmişdir. Hazırda 60-dan çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilən "Xocalıya ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası da bu işə öz töhfəsini verməkdədir. Bu kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı ilə əlaqədar məlumatlandırmaq, qətliama beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsinə və bu qanlı qırğının qurbanlarının xatirəsinin anılmasına nail olmaqdır. 

Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir. Eyni zamanda, dünyanın bir çox şəhərlərində dünya xalqlarının soydaşlarımıza qarşı törədilmiş soyqırımı aktı haqqında məlumatlandırılması məqsədilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirən abidələr ucaldılmaqdadır.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində həm ölkə ərazisində, həm də sərhədlərimizdən kənarda irimiqyaslıtəqdimat tədbirləri və elmi konfranslar təşkil olunmuş, elmi və publisistik məqalələr yazılmış, aksiya, çağırış, ağacəkmə kampaniyaları baş tutmuş, fotosərgilər, gecələr və anım konstertlərı keçirilmiş və flasmoblar hazırlanmışdır. Bunlardan əlavə 2019-cu ildə Xocalı faciəsinə həsr olunmuş “Ağrı” romanının təqdimat mərasimi keçirilmiş, 2021-ci ildə Niderlandda poçt markaları çapa verilmişdir.

“Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində ölkəmizin rejisor, aktyor və aktisalarının iştirakı ilə 2012-ci ildə “Xoca” bədii filmi, 2018-ci ildə Bakı Dövlət Universiteti və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin dəstəyi ilə Xocalı soyqırımından bəhs edən “Cəzasız cinayət” adlı sənədli film, Prezident yanında Bilik Fondu­nun maliyyə dəstəyi ilə "ARB Aran" və "Qulp Studio"nun çəkdiyi "Xocalı dərsi" sənədli filmi və digər qısametrajlı film və videolar hazırlanmışdır. Xarici ölkələrdə isə Litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan “Sonsuz dəhliz”, araşdırmaçı-jurnalist İan Piertin ssenarisi əsasında ərsəyə gətirilən “Xocalı – bir millətin kədəri”, Kaliforniya ştatında amerikalı kinematoqraflar tərəfindən çəkilmiş “Zülmətdən qaçarkən”, 2019-cu ildə Haber Global tərəfindın hazırlanmış “Bir İnsanlıq Utancı: Xocalı Soyqırımı” və başqa sənədli filmlər çəkilmişdir. 2021-ci ildə Portuqaliyada “Story of Khojali” adlı filmdə isə Xocalı soyqırımının dəhşətləri monoloq şəklində təqdim olunmuşdur.

Bugün Xocalı soyqırımından 30 il ötür... Bu 30 il ərzində Azərbaycan xalqı hər il Xocalı hadisələrini təkrar yaşadı, göz yaşları tökdü, o gün yaşanan vəhşiliklərin unudulmaması üçün öz övladlarına, uşaq və nəvələrinə yaşanmış dəhşətlihadisələri danışdı, bağçalarda, məktəblər və universitetlərdə o gecəni yad edən şeirlər oxundu, səhnəciklər canlandırıldı... Bu 30 il ərzində Azərbaycan xalqı Xocalı nalələrini ruhunda hiss etdi...

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yanvarda ayının 28-də Xocalı soyqırımının 30 illik yubileyinin yüksək səviyyədə təşkil olunması ilə bağlı sərəncam imzaladı. “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində Xocalıda yaşayan 9 yaşlı qızın gözləri ilə Xocalı faciəsinə baxışı əks etdirən sosial şəbəkə gündəliyi formatında “Sevinj stories” adlı layihəyə başlanıldı. Kampaniya çərçivəsində 21 fevral 2022-ci ildə Kiyev şəhərində bilbordlar yerləşdirmiş, Diasporalarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Justice for Khojaly 30!” adlı videoçarx nümayiş olunmuş və Kanada hökümətinə qətliam barədə petisiya təqdim edilmişdir.

Bugün görülən tədbirlər sayəsində Azərbaycan xalqının içindəki alovlar bir qədər səngiyir... Lakin Xocalı hadisələrinə dünyanın bir sıra dövləti tərəfindən səssiz qalınması, Xocalı qatillərinin cəzalandırılmaması boğazımızda hər zaman bir düyün olaraq qalacaqdır.. Bügun bizim ən böyük təsəllimiz 44 gün ərzində parlayan zəfərimiz, alınan intiqamımızdır... Bugün bizim ən böyük təsəllimiz düşmənin 4 ildə işğal etdiyi torpaqları, 44 gündə azad edən igidlərimizdir... Bugün bizim ən böyük təsəllimiz tezliklə Xocalıya və Qarabağa yerləşəcək olmağımızdır..

Gülçin Ağayeva

“Naxçıvan” Universiteti və Naxçıvan Dövlət Universiteti, müəllim

Nəşr edilib : 24.02.2022 14:44