AZ EN RU

“Xocalı sakinlərinin başına gələnlər insanlıq tarixinin ən böyük yarası, məlhəmi isə zəfərimizdir”

    Çox da uzaq keçmişdə yox, 31 il öncə xalqımızın taleyinə erməni vandalizminin bariz sübutu olan ən dəhşətli kütləvi terror hadisələrindən biri – Xocalı faciəsi yazıldı. Əsassız torpaq iddiaları ucbatından ermənilər xalqımıza göstərdikləri azğın və qəddar rəftarla neçə-neçə günahsız, əliyalın insana divan tutdular. 
    Minlərlə insan 25 fevral gecəsi bir də nə zaman evlərinə geri dönəcəyini bilmədən oradan ayrıldı. Bu fəlakətlərin içində yaşayan, həmin gündən sonra qardaş itkisinin ağır yükünü ürəyində daşıyan 70 yaşlı Xocalı sakini Sevda Xanlarova illər ötsə də, həmin ağrı-acılı günləri kədər və qisas hissi ilə belə xatırlayır: “Əsil-kökümüz Laçın rayonundandır, ancaq özümüz Xocalıda yaşamışıq. 39 yaşım var idi. Yer üzündə inanmıram ki, yaşanan hadisələri və ondan öncəki günlərin ağırlığını ifadə edə bilən söz olsun. Fevralın 25-nə kimi Xocalıda vəziyyət illərboyu mürəkkəb olmuşdu. Qazdan, işıqdan, ərzaqdan həmişə əziyyət çəkmişdik. Bunlar bir yana, evimizdə də rahat yaşaya bilməmişik. Bütün günü başımızın üstündən güllələr, bombalar ələnirdi. Çölə çıxmaq mümkün deyildi, günlərlə zirzəmilərdə qalırdıq. Artıq şəhərə gediş-gəliş də yox səviyyəsinə düşmüşdü. Həmin vaxt uşaq və qadınları şəhərdən çıxarmağı məsləhət bildilər. Mən də uşaqlarımla birgə 1991-ci ilin sonlarında Ağdama getməli oldum. Evimizi, qohum-qardaşı geridə qoyub çıxdıq şəhərdən. Qardaşlarım Muradla Vaqif Xocalıda qaldılar. Qardaşım Murad o vaxt Vaqifə təklif edib ki, 5 uşağı və yoldaşı Bəsirəni Ağdama göndərsin ki, bizdə qalsınlar. Birazdan Vaqif və uşaqlar Bəsirə ilə birlikdə Ağdama gəldilər. Bəsirə 2 kişini (yoldaşı Vaqif və qaynı Muradı) orada tək qoymamaq, onlara yemək hazırlamaq, ev-eşiyə baxmaq üçün geri qayıtmaq istədiyini bildirdi. Nə qədər dil töksək də, Bəsirəni razı sala bilmədik, elə həmin gün Xocalıya geri döndülər. Biz bilirdik ki, geri – Xocalıya qayıtsalar, onları hansı tale gözləyir. Amma fikirlərindən daşındıra bilmədik. Qardaşımın 5 balaca uşağı həmin gün ana-atası ilə son dəfə vidalaşdığından xəbərsiz idi...
    Əhali könüllü şəkildə Xocalı özünümüdafiə batalyonunu yaratmışdı. Murad da həmin batalyonun döyüşçüsü idi. Özünümüdafiə batalyonun döyüşçüləri məlum gündən daha öncədən, yəni Xocalıya hər gün atəş açılarkən əhalinin gizlənə biləcəyi zirzəmilər qazırdılar, torpağımızın müdafiəsi üçün hazır dayanırdılar. 
    Fevralın 26-sı səhər saatları idi. Uşaqları oyadıb məktəbə yola saldım, lakin evdən çıxdıqdan çox keçməmiş geri qayıtdılar. Onlar məktəb yolunda vəziyyətdən xəbər tutmuşdular. Ermənilərin Xocalıda camaata gecəyarı divan tutduqlarını eşidəndə sanki bədənim qurudu. Axı mənim qardaşlarım, gəlinimiz, qohum-qardaşlardan bəziləri hələ də orda idilər…” 
    Əzizlərinin başına gəlmiş bu fəlakətdən ürək yanğısı ilə danışan müsahibimiz sözlərinə belə davam edir: “Hadisədən xəbər tutanların hamısı Ağdamın mərkəzinə – məscidin önünə toplaşmışdı. Həmin gecə Xocalıdan canını qurtara bilib Ağdama pənah gətirən insanların vəziyyəti çox dəhşətli idi. Piyada gələnlərin hamısı başıaçıq, ayaqyalın, əlləri və ayaqları donmuş halda idi, halsızlıqdan yeriyə, danışa bilmirdilər. Deyirdilər ki, ermənilər yolda-izdə qarşısına çıxan hər kəsi – uşaq, qadın, yaşlı deyib ayırmadan güllələyirdilər. Qaça bilənlərin isə çoxu qışın sərt ayazında meşələrdə, yollarda dözə bilməyib canını tapşırmışdı.
    Az sonra qardaşım Muradı tapa bildik. Onu görəndə keçirdiyim sevincin həddi-hüdudu yox idi, sanki ürəyimə su səpildi. Düşündüm ki, Murad gəlibsə, Vaqif də gələcək. Murad baş verənləri nağıllayanda isə ömürboyu ailəmizin dərdinə çevriləcək o xəbəri aldıq. Əvvəlki gecə Murad Xocalının ən strateji yeri olan “Cəfər” təpəsindəki postda rəhbərlik edirmiş. Səhər saat 0400-a kimi postu müdafiə ediblər, ona görə də ermənilər ora girə bilməyib. Amma sol cinahdan mühasirəyə düşəndən sonra geri çəkilməli olublar. Muradgilin onlara qarşı müqavimət göstərmək üçün texnikaları olmadığından düşmənə güc göstərə bilməyiblər. Xocalıda olan dinc əhalini çıxarmağı qərara alıb postdan ayrılıblar. Murad Vaqifə tapşırıb ki, bir az irəlidə gedib Bəsirəni, camaatdan kimi tapsa götürüb Xocalının aşağısı ilə şəhərdən çıxarsın. Murad da arxalarınca gedəcəkmiş. O əsnada küçə atışması başlayıb. Atışmadakı qarışıqlıqdan, təşvişdən heç kimin bir-birindən xəbəri olmayıb. Murad da Vaqifi sonuncu dəfə orada görüb. Batalyon döyüşçüləri ilə birgə 100-ə yaxın insanı Xocalıdan meşəyə çıxarmağı bacarıblar. Ancaq onların içərisində nə Vaqifə, nə də Bəsirəyə rast gəlib. Ağdam yaxınlığında qarşı tərəf pusqu qurubmuş. Həmin insanların əksəriyyətini orada qətlə yetiriblər. 
    Qəhərdən boğazı quruyan Sevda xanım söhbətə azca ara verdikdən sonra deyir: – O gündən 31 il ötüb... Nə Vaqif, nə də Bəsirə qayıtmadı. Xocalıda Vaqifgilin qonşusunun oğlu Vaqiflə Bəsirənin ermənilər tərəfindən öldürüldüyünü dedi. Vaqifin əlində silah var imiş, ermənilər də gəlib onu tüfəngli görüb vurublar, Bəsirə də ermənilərin üstünə gedəndə onu da qətlə yetiriblər. Qardaşımızın yadigarı – 5 balası isə hər iki valideynini itirmiş 25 uşaqdan oldular. 
    O vaxtdan qardaşım Murad, bacım Südabə onlara baxmağa başladı. Onlar elə bizim uşaqlarla bacı-qardaş kimi birevli böyüdülər. Bacım Südabə bütün həyatını onlara həsr etdi. Ailə həyatı belə qurmadan qardaşım Muradla birgə onlar üçün çalışıb çabaladı. O zamanlar böyüyünün 12 yaşı olan 5 balamız ana-ata həsrəti yaşadı. Biz isə çalışıb-vuruşduq ki, onlar bu cəhətdən nə qədər qəlbisınıq olsalar da, heç nədən korluq çəkməsinlər, çətinlik görməsinlər. İllər sonra qardaşımın böyük qızı müsahibə verərkən belə bir cümlə işlətmişdi: “Məndən şəkil istəyirsiniz. Bizim uşaqlıq şəkillərimiz yoxdur. Bütün uşaqlıq şəkillərimiz, ailə albomumuz, əşyalarımız, bizə aid nə varsa, hamısı Xocalıda qaldı. Bizim uşaqlıq xatirələrimizi ermənilər qana boyadı...” 
    İndi o valideyn dərdi, yurd-yuva həsrəti çəkən balaca uşaqlar böyüyüb, hamısı da təhsil alıb, 3-ü ailə qurub. Onları böyüdərkən tək olmadıq. Biz dövlətimiz tərəfindən göstərilən qayğıdan çox razıyıq. Dövlətimiz və Heydər Əliyev Fondu diqqətini, qayğısını onlardan əsirgəmədi, ev-eşiklə təmin etdilər. Xocalı sakinlərinin başına gələnlər insanlıq tarixinin ən böyük yarasıdır, məlhəmi isə zəfərimizdir. Çox şükür, Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin sayəsində Qarabağımız bu gün azaddır. Ordumuza, dövlətimizə hər gün dua edirəm, Allah daim o igidlərin başının üstündə olsun. Murad artıq dünyasını dəyişib. Xocalı onun ən ağır dərdi idi. Həmişə deyirdi ki, bax elə günü bu gün Xocalıma, torpağıma qayıtsam elə bilərəm ki, o əzab-əziyyətin, itkinin heç birini görməmişəm. Kaş hər iki qardaşım azad Qarabağımızı görə idi. Ancaq onu bilirəm ki, biz öz evimizə geri dönəndə, həyatını itirmiş əzizlərimizin ruhları rahatlıq tapacaq”.

Aysel YUSİFZADƏ
 

Nəşr edilib : 24.02.2023 21:30