AZ EN RU

Xocalı sakinləri bu dəfə “Şərq qapısı” üçün danışdılar

Aliyə Abışovanın Xocalıda faciə ilə üzləşəndə cəmi on yaşı var imiş. O, hazırda Gəncə şəhərində yaşayır. Qarabağ Regional Təhsil İdarəsində Xocalı rayon sektorunun metodisti, Xocalı rayon Kərkicahan qəsəbə məktəbində biologiya müəllimi işləyir. 
    Dedi ki, o, Xocalının işğalından bu günə kimi hər il bu faciənin ildönümündə orada şəhid olan atasının, yaxınlarının hekayəsindən, uşaqlığının qaranlıq gecəsindən danışırdı. Bu gün isə fəxrlə azad Xocalıdan bəhs etmənin qürurunu yaşayır. Azərbaycan əsgərinin şücaətinin onun uşaqlığının qaranlıq gecəsini aydınlığa çevirdiyinə, illərlə öz əzizlərinin isti nəfəsinə həsrət qalan yurdunun bu gün abadlaşdırılmasına sevinir. Anasına Xocalıya qayıdacağı günün yaxınlaşdığını xəbər verəndə atasının ruhunun şad olduğunu hiss edir. Aliyə xanım əlavə edir: “Xalqımıza qürurunu qaytaran ordumuza və Ali Baş Komandanımıza daim minnətdar olacağıq. Bu gün şəhidlərin ruhu şaddır. Çünki onların azad etdiyi torpaqlara həyat qayıdır. 32 il əvvəl Xocalıdan ayaqyalın, soyuq, şaxtalı bir qış gecəsi ağlaya-ağlaya çıxan körpə qız uşağı Xocalıya ali təhsilli bir xanım kimi qayıdacaq. Qalib xalqın qalib gələcəyinə Xocalı rayonunda, öz doğma məktəbində dərs deyəcək”.
    İllər öncə Xocalı deyəndə həm orada, o qanlı gecədə itirdiyimiz insanların acısını ürəyimizdə hiss edir, həm də düşmən tapdağında inləyən torpaqların səsini duyurduq. Bu gün isə həmin gün şəhid olan insanlarımızın məzarları önündə başı dik, alnıaçıq dayanırıq. Çünki Vətən torpağı azaddır. Xocalıda Azərbaycan Bayrağı dalğalanır. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 25.02.2024 13:52