AZ EN RU

Xocalı sakinləri bu dəfə “Şərq qapısı” üçün danışdılar

Fiqurə Rüstəmovanın anası Xocalı rayonundan, atası isə Şərur rayonunun Mahmudkənd kəndindəndir. O, hazırda Bakı şəhərində yerləşən  Xocalı şəhər 2 saylı tam orta məktəbdə müəllim işləyir. Müsahibimin anası illər öncə erməni sürücünün idarə etdiyi avtomobillə vurularaq öldürülüb. Fiqurə xanım qardaşı ilə bərabər baba-nənəsinin himayəsində böyüyüb. Onunla telefon əlaqəsi yaradan zaman öyrənirik ki, qardaşı Füzuli Rüstəmov Xocalıya edilən hücumlar zamanı könüllü dəstələrin tərkibində rayonun müdafiəsində iştirak edib. Fiqurə xanımın dediklərindən:
    –  Bizim əslimiz Qərbi Azərbaycandan – Dərələyəz mahalındandır. Ata-babalarımız orada min bir əziyyətlə qurub-yaratdığı evini qoyub Xocalıya pənah gətirib. Ona görə də Füzulinin qəlbində ermənilərə nifrət elə uşaq vaxtlarında yaranmışdı. Xocalıda  könüllü özünümüdafiə dəstəsi yaradılanda ilk yazılanlardan biri oldu. O, bir yerdə dayanmırdı, gecəsi-gündüzü yox idi. Xocalının hər cığırına, hər daşına bələd oğul idi. Faciə zamanı çoxlu  Xocalı sakininə kömək etdi. 300-dən çox sakini sağ-salamat meşə yollarından keçirib əsgərlərimizə təhvil verib, geri qayıdıb yeni bir dəstəni də gətirəndə özü şəhidlik zirvəsinə yüksəldi. Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli Fərmanı ilə qardaşıma Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verildi.  Xocalı yanğısı  uzun illər qəlbimizi göynədib. Orada işgəncəyə məruz qalan körpələrin səsi hələ də qulağımızdadır. İllərlə onların qisasının alınmasını gözlədik. Allaha şükürlər olsun ki, Müzəffər Komandanımız ordusu, xalqı ilə bir olub torpaqlarımızı düşməndən azad etdi. Artıq Xocalı azaddır. Xocalıdan körpə iniltilərinin yox, xoşbəxt uşaqlarımızın səsi gələcək. 

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 25.02.2024 13:49