AZ EN RU

Xocalı sakinləri bu dəfə “Şərq qapısı” üçün danışdılar

Ömrümün 15 ili cəbhə xətti bölgəsində, Qarabağdan məcburi köçürülən insanlarla keçdiyindən onların necə torpaq həsrəti ilə alışıb-yandığına şahid olur, bir gün yurdlarına geri dönəcəklərinə inamım heç vaxt itmirdi. Çünki əmin idim Azərbaycan Ordusunun torpaqlarımızı geri qaytaracağına. O gün gələndə Vətən müharibəsində hər kənd, şəhər azad ediləndə sevinc gözyaşı tökdük.  Hər kənd, şəhər azad olanda ürəyimiz pərvazlanıb Şuşaya, Laçına uçdu. Amma qəlbimizdə bir nisgil –  Xocalı dərdi sızlayırdı hələ də. Ötən ilin payızında antiterror əməliyyatından sonra “Xocalı azaddır” deyiləndə ürəkdən bir ah çəkdi bütün Azərbaycan. Çünki Xocalı deyəndə soyuq bir qış gecəsində hər ailə üzvünü bir təpədə itirən xocalılılar, dünyaya göz açmamış ana bətnindən çıxarılıb süngüyə keçirilən körpələr, övladı soyuq, şaxtalı yollarda donmasın deyə nəyi var körpəsinə bürüyüb özü buz kəsilən qadınlar, övladının gözü önündə yandırılan atalar, dərisi soyulan körpələr gəlir göz önünə. “Xocalı, sən azadsan!” sözləri duyulanda o nisgil yaddan çıxmasa da, azaldı. Hər kəsin sevinci göz yaşına dönüb torpağa töküldü. 
    Artıq Xocalı faciəsinin yaşandığı o qaranlıq, soyuq gecədən 32 il keçir. İllərlə birlikdə yaşadığım Xocalı sakinlərindən bir neçəsi ilə həmsöhbət olur, onların acı xatirələrini, bugünkü sevinc­lərini dinləyirəm. 
    Xocalı şəhər sakini Əli Rəcəbov uzun illər polis orqanında işləyib. O, Xocalı şəhərində doğulub, böyüyüb və Xocalı şəhərinin müdafiəsində iştirak edib. Həmin günləri yada salır: –  Hər tərəfdən mühasirəyə alınan şəhərin müdafiəsini çətinliklə aparsaq da, son damla qanımıza kimi döyüşməyə söz vermişdik. İllərlə qonşu kimi yaşadığımız insanların bu qədər azğınlaşacaqları ağlımıza da gəlməzdi. Amma, təəssüf ki, onlar körpə, qoca demədən insanlarımızı qətlə yetirdilər. İllərdir, həsrətlə vəhşiliyə məruz qalan insanlarımızın qisasının alınmasını gözlədik. Həmin gün gələndə, Xocalıda ucalan bayrağı görəndə hər birimiz ordumuza, Müzəffər Komandanımıza minnətdar olduq. Artıq evimizə dönürük. İndi 30 ildən artıqdır ki, müvəqqəti yaşadığımız yerləri tərk edərək Xocalı şəhərinə qayıdacağıq. Oğlum dünyaya gələndə ən böyük arzum onun toyunu Xocalıda etmək olub. O artıq böyüyüb və evlilik yaşına çatıb. İnşallah, ötən gün Ağalıdan gələn toyun sədasını Xocalıda da duyarıq.

Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 25.02.2024 12:45