AZ EN RU

Xocalı Hava Limanı da dinc quruculuğa və Böyük Qayıdışa xidmət edəcək

Qarabağın erməni separatçılığından tamamilə təmizlənməsindən sonra Rusiya sülhməramlı kontingentinin də missiyası məntiqi olaraq sona çatmış, bundan sonra Azərbaycan və Rusiyanın ali rəhbərliyinin qərarı ilə onların ölkəmiz ərazisindən çıxarılmasına başlanılmışdır. Nəhayət, bu gün sülhməramlıların hərbi texnikasının Xocalı Hava Limanını da tərk etməsi ilə rusların təkcə Qarabağdan deyil, bütün Azərbaycan torpağından da son gedişləri olacaq. Strateji obyekt kimi Xocalı Hava Limanında Azərbaycan Bayrağının dalğalanması isə həm də simvolik olaraq tezliklə bölgəmizdə daimi sülhün bərqərar olunacağına bir işarədir. 
Artıq işğaldan azad olunmuş ərazilərimizdə Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilmiş və Laçın Beynəlxalq Hava Limanının inşası davam etdirilməkdədir. Bölgəni ağıllı yaşayış məkanı və “yaşıl enerji zonası”na çevirməyi qarşısına məqsəd qoymuş Azərbaycan Böyük Qayıdış və quruculuq üçün hava limanlarının tikintisini prioritet olaraq həyata keçirmiş və bu proses uğurla davam etdirilir. Xocalı Hava Limanının Azərbaycanın tam nəzarətinə keçməsi ilə bu mühüm nəqliyyat-kommunikasiya obyekti də bölgənin ümumi inkişafına xidmət edəcək. 
Xatırladaq ki, hələ 1974-cü ildə Azərbaycanın vəsaiti hesabına tikilib istifadəyə verilmiş Xocalı Hava Limanı o zaman, əsasən, kiçiktutumlu yüngül təyyarələrin qəbulu üçün nəzərdə tutulmuş və 1992-ci ildə yararsız hala düşmüşdü. Erməni işğalı dövründə, 2012-ci ildə separatçı xunta rejimi hava limanını yenidən təmir edib istifadəyə verməyə çalışsa da, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı beynəlxalq qurumlara etirazı nəticəsində buraya bir təyyarə də qəbul edilməmişdir. Ancaq ölkəmizin tam suverenliyi bərpa olunandan sonra Xankəndidən cəmi 10 kilometr məsafədəki bu hava limanı ölkəmizin iqtisadi-mədəni inkişafına və yurdlarından köçkün düşmüş insanların Böyük Qayıdışına xidmət edəcəkdir. 

Əli CABBAROV

Nəşr edilib : 12.06.2024 22:06