AZ EN RU

Xocalı faciəsinin ildönümü qeyd olunub

    Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndə­liyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
    Tədbiri açıq elan edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycan tarixində xalqımıza qarşı törədilmiş qanlı hadisələrdən biri, amansızlığı və xüsusi qəddarlığı ilə seçilən şovinist, azərbaycanlıların, bütövlükdə, türk millətinin varlığına qənim kəsilmiş erməni-daşnak faşizmi tərəfindən xalqımıza qarşı törədilən Xocalı qətliamı barədə geniş danışıb. 
    Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni barbarları – işğalçıları tərəfindən Xocalı şəhərində dəhşətli qətliam, bəşəri cinayət törədilmişdir. Həmin dövrdə yalnız Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ona görə də xalqımız məhz ikinci Xocalı faciəsini yaşamamaq üçün ümummilli lideri hakimiyyətə gətirdi. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs də məhz ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf etdi. Ümummilli lider ilk gündən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasını xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdi. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. 
    Çıxışda Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində ölkədə və xaricdə keçirilən mühüm layihələrdən və görülən işlərdən danışılıb. Daimi Nümayəndəliyin rəhbəri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab        İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası istiqamətində uğurlu addımlar bəhrəsini verməkdədir. İlbəil daha da güclənən, qüdrətlənən, müdafiə potensialı artan Azərbaycanın Milli Ordusu artıq düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başlanılan, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir qismi işğaldan azad olundu. Ümumilikdə, Qarabağ şəhidlərinin, eləcə də həm Xocalının, həm də xocalılıların qisası alındı.
    Bildirilib ki, Xocalı faciəsi qurbanlarının əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında, eləcə də muxtar respublikanın şəhər və rayon mərkəzlərində, qəsəbə və kəndlərində izdihamlı yürüşlərlə, anım abidələrinin ziyarət olunması ilə anılır. Hər il soyqırımı qurbanlarının əziz xatirəsinin ümumxalq səviyyəsində yad edilməsi onu göstərir ki, Xocalıda ermənilərin həyata keçirdiyi dəhşətli qətliam – soyqırımı xalqımızın yaddaşından heç vaxt silinməyəcək, gələcək nəsillər Xocalı soyqırımının dəhşətlərini heç zaman unutmayacaq.
    Tədbir digər çıxışlar və Bakı Slavyan Universitetinin Daimi Nümayəndəlikdə istehsalat təcrübəsi keçən tələbələrinin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiya ilə davam edib.

AZƏRTAC

Nəşr edilib : 26.02.2022 17:25