AZ EN RU

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa

Xocalı həqiqətlərinin gənclər arasında təbliği və soyqrımı qurbanlarının xatirəsinin yad olunması məqsədilə gənclər arasında dəyirmi masa təşkil olunub. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında reallaşan müzakirələrin əsas məğzi gənclərin Xocalıya ədalət uğrunda sosial məsuliyyəti, soyqırımın beynəlxalq müstəvidə tanıtımı və təbliğatında onların rolu ilə bağlı olub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, "Gənclərin İntellektual İnkişaf Mərkəzi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada 50-ə yaxın könüllü və tələbə iştirak edib.

Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva gəncləri salamlayaraq tədbirin mahiyyəti haqqında ətraflı məlumat verib, mövzu ilə bağlı fikirlərini bölüşüb.  Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev erməni millətçi-şovinistlərinin xalqımıza qarşı yürütdüyü etnik təmizləmə siyasəti, hadisələrin xronologiyası və ağır nəticələri barədə danışıb. Faciə nəticəsində xalqımıza vurulan maddi və mənəvi zərərlər barədə məlumat verilib. Çıxışlarda qeyd olunub ki, Xocalının Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması nəticəsində tarixi ədalət bərpa olunub. Bununla yanaşı, soyqırımının dünya səviyyəsində tanınması və təbliğ edilməsi, düzgün qiymətləndirilməsi istiqamətində atılan addımların davam etdirilməsi zərurəti var. Bu sahədə dövlətimiz tərəfindən kifayət qədər işlər görülsə də, hər bir vətəndaşımızın, xüsusən də gənclərin üzərinə öhdəliklər düşür.

Tədbir diskussiya formatında davam edib. İştirakçılar soyqrımının tanıdılmasında internet resurslarının, əsasən də, sosial şəbəkələrin, eləcə də film və videoçarxların rolundan danışıb, müxtəlif təkliflərlə çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 22.02.2024 18:25