AZ EN RU

Xocalı faciəsi xalqımızın qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir

    XX əsrin böyük faciəsi sayılan Xocalı soyqırımının törədilməsindən 30 il ötür. Dinc sakinlərin yaşadığı Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən məhv edilərək yerləyeksan edilmişdir. Bu hərbi cinayət zamanı erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın köməyi ilə əliyalın xocalılıları amansızcasına qətlə yetirmiş, insanlara ağlasığmaz işgəncələr vermiş, uşaq, qoca, qadın demədən hamısını vəhşicəsinə öldürmüşlər. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri özlərini əsl qəhrəman kimi aparmış, son nəfəslərinədək düşmən qarşısında əyilməmişlər. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilmiş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedənlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhidləridir. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir”.
    Xocalı mühüm geostrateji mövqeyi ilə seçilir. Burada hava limanı da yerləşir. Ermənilərin diqqətini Xocalıya yönəltməsinin əsas səbəbi də bu şəhərin işğal edilməsi ilə Qarabağa nəzarətin tam ələ keçirilməsi, eyni zamanda hava limanı vasitəsilə Ermənistanla daha rahat əlaqə yaradılmasına nail olmaq idi. Strateji mövqeyi ilə yanaşı, Xocalı həm də ölkəmizin zəngin tarixə malik ərazilərindən biridir. Bu ərazinin tarixində Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrləri mədəniyyətinə aid kurqanlar özünəməxsus yer tutur. Xüsusilə tunc silahları və başlıca olaraq boz rəngli keramika məmulatı ilə fərqlənən bu mədəniyyətə məxsus abidələr ilk dəfə Xocalı yaxınlığında, daha sonra isə Qarabağın böyük bir hissəsində və Gədəbəydə aşkara çıxarılmış, əsas yaşayış məntəqələrinin adına görə Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır. Tarixçilər müəyyən ediblər ki, Xocalı-Gədəbəy mədəniyyəti eradan əvvəl V-III min­illiklərdə Azərbaycanda formalaşan Kür-Araz mədəniyyətinin və ondan sonra burada mövcud olan Qarabağ mədəniyyətinin varisidir. Xocalı mühüm arxeoloji abidələri ilə Azərbaycanın qədim tarixini özündə əks etdirdiyindən ermənilərin burada həyata keçirdikləri soyqırımının bir məqsədi də azərbaycanlılara məxsus mədəniyyəti yer üzündən silmək idi. Təsadüfi deyil ki, Xocalı şəhəri işğal ediləndən dərhal sonra onun ətrafında olan və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığı da xüsusi texnika ilə dağıdılmışdır.
    Xocalı faciəsinə aparan yol hələ XX əsrin əvvəllərindən başlamışdı. Bu yaşayış məntəqəsinin azərbaycanlı əhalisi bir əsrdə 3 dəfə qırğınlara məruz qalmışdır. Xocalı birinci dəfə 1905-ci ildə, sonra isə 1918-ci ildə yandırılmış, 1992-ci ildə isə Xocalıda daha qanlı, daha dəhşətli faciə törədilmişdir. Xocalının işğalı düşmənin əvvəlcədən hazırladığı plan üzrə baş tutmuşdu. Belə ki, şəhər hələ 1991-ci ilin oktyabr ayından blokadaya alınmışdı. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. 1992-ci ilin yanvarında ermənilər Xocalı ətrafındakı Axullu, fevral ayında isə Malıbəyli və Quşçular kəndlərini işğal etmişdilər. Həmin kəndlərin işğalından bir neçə gün sonra ən iri yaşayış məskənlərindən olan Qaradağlı 366-cı motoatıcı alayın, eləcə də müxtəlif xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçmişdi. Xocalını əhatə edən Daşbulaq, Mehdikənd, Ballıca, Həsənabad, Pirəməki, Noraguh və Mirzəcan kəndlərində xeyli qüvvə toplanmışdı. Avtomat və pulemyotlarla silahlanmış yüzlərlə erməni yaraqlısının toplandığı bu kəndlərdə çox sayda raket qurğuları və zirehli texnikalar vardı. Fevralın ortalarından Xocalı erməni silahlıları tərəfindən mühasirəyə alınmışdı və hər gün ağır texnikadan atəşə tutulurdu. İşğal planı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə təşkil olunmuş, Ermənistan silahlı qüvvələrinin bölmələri ilə yanaşı, sovet ordusunun 366-cı motoatıcı alayı da 7 min nəfərin yaşadığı Xocalı şəhərinə basqın etmiş, günahsız insanları, dinc sakinləri xüsusi amansızlıqla qətlə yetirmişlər.
    Xalqımızın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırımı haqqında  demişdir: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”. 
    Xocalı soyqırımının şahidi olmuş müxtəlif xarici ölkə jurnalistləri onu bəşəriyyətin böyük faciəsi adlandırmışlar. Fransadan olan jurnalist Jan-İv Yunet yazır: “...Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin – qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə helikopter verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə, hamısını çəkirdik. Bu, dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoyublar”. 
    Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, Xocalıda istifadəsi qadağan olunmuş mərmilərdən və kimyəvi silahlardan istifadə edilmişdir. Bu məlumat Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin açıqlamasında da öz əksini tapmışdır. Bütün bu faktlar Ermənistanın Cenevrə Konvensiyasının protokollarını pozaraq dinc sakinlərə qarşı soyqırımı həyata keçirdiyini təsdiqləyir.
    Təəssüflər olsun ki, Xocalı soyqırımından sonra həmin dövrdə Azərbaycana rəhbərlik edənlər bu faciəyə biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənləri və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 1700-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. 
    Ümummilli lider Heydər Əliyev demişdir: “İnanıram ki, bu gün xalqımız müstəqil Azərbaycan dövlətində daha da mətinləşib və dövlətimizin müstəqilliyini qoruyub saxlamaq, işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda yenilməz mübarizə aparmaq əzmindədir. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın bu müqəddəs amallarının gerçəkləşməsi yolunda var qüvvəsini sərf edəcək, soydaşlarımıza qarşı törədilmiş qanlı cinayətlərin, o cümlədən Xocalı faciəsinin bütün günahkarlarının lazımınca cəzalandırılması üçün bütün tədbirləri görəcəkdir”. Bəli, bu gün hər bir azərbaycanlı Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, ata vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığımız Tarixi Qələbənin qürurunu da yaşayır. Qəhrəman ordumuz Ali Baş Komandanımızın əmri ilə 2020-ci il sentyabrın 27-də başladılan “Dəmir yumruq” əməliyyatı ilə düşməni darmadağın edərək doğma Qarabağımızı 30 ilə yaxın əsarətdən xilas etdi. Şanlı Azərbaycan Ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının icraçılarından da var idi. “Biz Xocalı soyqırımı qurbanlarının qisasını döyüş meydanında aldıq”, – deyən cənab İlham Əliyev çıxışlarında bu fikri də səsləndirmişdir: “Biz heç vaxt imkan verə bilmərik ki, bizim bölgədə erməni faşizmi baş qaldırsın. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan yenə də Azərbaycan üçün potensial təhdidə çevrilsin. Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir”.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 28 yanvar tarixli “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamında qeyd olunur ki, “Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Soyqırımının törədilməsinə görə Ermənistanın ozamankı siyasi-hərbi rəhbərliyi məsuliyyət daşıyır... Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı... 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır. Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir... Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq”.
    Bu gün Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Erməni faşizminə tarixdə ən böyük zərbə olan 44 günlük Vətən müharibəsi və qazandığımız Tarixi Qələbə ilə Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaq uğrunda canını fəda edən bütün Vətən övladlarının qisası alındı.

“Şərq qapısı”

Nəşr edilib : 25.02.2022 22:46