AZ EN RU

Xocalı bundan sonra yaddaşımıza belə yazılacaq

Təsəvvür elə, doğulub böyüdüyün, uşaqlıq və ya gənclik illərinin ən əziz xatirələrinin yaşandığı torpaqdan min bir zillət və acılarla çıxmağa məcbur olursan – o da əgər sağ qalmaq qismətində varsa –  və… illər sonra Prezidentin sənin əlindən tutaraq yaşadığın məhəlləyə gətirir və güvənlə artıq öz doğma evində rahat yaşaya bilərsən deyir. Tam səmimi deyirəm: dünyada bunun bənzəri bir şey olmayıb. Olsa, olsa bu hər hansı bir ədəbiyyat insanının yaradıcılığında bədii təxəyyülün ssenari xətti ola bilər. Amma dünən Xocalıda yaşananlar yaradıcı ssenarinin məhsulu yox, əsl Azərbaycan həqiqəti idi: xocalılar Xocalıya qayıdırdılar…

          İllərdir, öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların azad olunmuş torpaqlara qayıdışı, təbii ki, ayrı hissdir. Biz bunu Cəbrayılın, Füzulinin, Şuşanın, Laçının, Zəngilanın timsalında görmüşük. Amma gəlin etiraf edək ki, Xocalıya qayıdış hər bir azərbaycanlı üçün tamam fərqli hissdir. Xocalını fərqli edən isə onun ən yeni tariximizdə yaşadıqlarıdır.

Aydın məsələdir ki, bəşəriyyət var olandan müharibələr olub və yenə də olacaq. Tarixboyu bu müharibələrdə saysız-hesabsız insanlar həlak olub. Amma 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda yaşananlar bəşər tarixinin ən dəhşətli soyqırımlarından biri kimi tarixə yazılıb. XX əsrin ən ağır insanlıq faciəsinin yaşanıldığı bu şəhərdə sakinlər öldürülməklə deyil, vəhşiliklə, ağlagəlməz üsullarla öldürülməklə sınağa çəkilmişdi. Həmin dəhşətli hadisələrin yaşandığı gecədə Xocalı özünün mərd oğulları sayəsində sonadək qorunmağa çalışmışdı. Elə buna görədir ki, təkcə Xocalının müdafiəsinə görə 10 nəfər (9-u ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 613 nəfərin öldürüldüyü, 1275 nəfərin əsir götürüldüyü şəhər sonda işğal olunub. Və bütün bu hadisələr Azərbaycan insanının yaddaşında “Xocalı” sözünün “faciə”, “kədər” sözlərinin sinonimi kimi assimilyasiya olunmuşdu. Ta ki 44 günlük Vətən müharibəsində ordumuz döyüş meydanında Xocalının qisasını alana qədər. Və bu da təsadüfi deyildi ki, Ali Baş Komandan cənab İlham Əliyev həm müharibənin gedişində, həm də ondan sonrakı çıxışlarında Xocalı faciəsini törədənlərin dovşan kimi döyüş meydanından qaçdıqlarını bildirir, onları hər addımda alçaldırdı. Antiterror əməliyyatından sonra Qarabağdan qaçmaq istəyən quldurların tutularaq Bakıya gətirilməsi isə hələ ki, İrəvanda olan bir neçə qatilin rahat yaşamaq imkanlarını əlindən alıb. Çünki onlar gözəl bilirlər ki, günlərin birində cənab İlham Əliyevin tapşırığı ilə Bakıdakı istintaq təcridxanalarında “çay içə” bilərlər.   

Azərbaycan Prezidenti Xocalı sakinləri ilə görüşündə bildirdi ki, xocalılar indiyədək müstəqillik illərini Xocalıdan ayrı keçirməli olublar. İllərlə çətin şəraitdə tələbə yataqxanalarında, uşaq bağçalarında, qohumlarının evlərində yaşamalı olublar. Bu gün isə artıq Xocalıya – öz doğma el-obalarına qayıdırlar. Azərbaycan Prezidenti sakinlərlə görüşündə artıq bundan sonra bu torpaqlarda rahat və güvəndə yaşayacaqlarını bildirdi. Qeyd etdi ki, bundan sonra Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və Azərbaycan xalqı əbədi əmin olsun ki, bir daha bu faciələr başımıza gəlməyəcək. Prezident cəmi 8 aya bərpa edilmiş Xocalıdakı bu görüşün məhz Müstəqillik Günündə baş tutmasının da xüsusi məna daşıdığını qeyd etdi və bildirdi ki, üç ay bundan əvvəl  – fevralın 26-da, hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır.

Bəli, 28 May Müstəqillik Günündə Xocalıya 20 ailənin qayıdışı bundan sonra bütün xocalılar üçün məxsusi gün olaraq xatırlanacaq. Xankəndiyə, Ağdama, Şuşaya yaxınlığı ilə seçilən Xocalı həm də strateji imkanlara sahib rayondur. Xocalının tərəqqisi, hərtərəfli inkişafı, çox yaxında nəqliyyat qovşağına çevrilməsi isə həm də yaddaşımıza Qarabağın logistik mərkəzi kimi yazılacaq.

Səbuhi HƏSƏNOV 

Nəşr edilib : 29.05.2024 10:32