AZ EN RU

Xocalı - bir insanlıq dramının tarixi

XX əsrin 92-ci ilində bəşəriyyət üçün bir İnsanlıq dramı yaşandı -heç kəsə rəhm edilmədən... Hətta körpələrə belə...1992 -ci il fevralın 25- dən  26-na keçən gecə Xocalıda insanlıq adına ləkə gətirən bir faciə baş verdi. O sərt, şaxtalı qış gecəsində elə bil qar üstünə qan yağırdı. Ermənilər fevralın 25-də gecə saat 23 radələrində Xocalı şəhərinə keçmiş sovetlərdən qalma 366-cı motoatıcı alayın komanda heyəti və hərbi texnikası ilə birgə hücum edərək əliyalın, silahsız dinc Xocalı sakinlərinə divan tutdular. Azərbaycanın qədim şəhəri olan  Xocalı sakinləri heç vaxt ağıllarına belə gətirə bilməzdilər ki, ömrü boyu suyunu, çörəyini əsirgəmədiyi, ancaq yaxşılıq etdikləri "qonşu"ları olan ermənilər bunca vəhşiləşsin, insan qanına susayan hərbiçilərin iştirakı ilə qocaya, uşağa, qadına belə rəhm etməsin, hətta insanları öldürdükdən sonra meyitlər üzərində ağılasığmaz hərəkətlərdə bulunsunlar. Bu XX əsrdə Xocalıda yaşayan Azərbaycan türklərinə qarşı genosid idi.

 Soyqırımdan  əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı, səhər saat 05 radələrində Xocalı tam alova büründü. Dəhşətli bir gecə idi.  Hər tərəfdə alov, qətlə yetirilən insanların fəryadları, yaxın ları gözləri önündə qətlə yetirilən insanların qışqırıq səsləri, soyuq və qaranlıq gecədə dəhşətlər içərisində yuxudan oyanan uşaqların vahimə və qorxu içərisində ağlaşması, qaçmağa belə macal tapmayan qocaların naləsi... Şəhərdən qaçıb yaxındakı meşəyə sığınan insanlar burada da tələyə salındılar.  Meşələr qadın və uşaq meyitləriylə dolu idi. Bu qırğından qaçıb meşələrdə canını qurtaran yüzlərlə azərbaycanlı  isə günlərlə ac-susuz qalmaqdan, dəhşətli soyuqdan tələf olurdu. Ağır yaralanmış, köməksiz qalan Xocalı sakinləri, qocalar, uşaqlar qanaxmadan ölürdülər. Çünki Ermənistan silahlı qüvvələri öz havadarları ilə birgə onların qaçıb canını qurtara biləcəyi bütün yolları mühasirəyə almışdı. Ölümə məhkum olmuş bu insanlar, “bəlkə qaçıb canımı qurtara bildim, onsuz da burda sonum ölümdü” düşüncəsi ilə gecələr qaranlıqda, soyuqda qarın üstündə Ağdama doğru sürünürdülər.  Canını qurtarmaq üçün çöllərə, meşələrə üz tutan Xocalı sakinləri müsibətlərlə qarşılaşdılar. Ermənistan silahlı qüvvələri qaçıb canını qurtarmaq istəyən silahsız dinc insanları güllələyir, ələ keçirdiklərini isə min bir işgəncə ilə vəhşicəsinə qətlə yetirirdilər. Körpə uşaq, yaşlı demədən insanların gözlərini çıxarır, başını kəsir, dərisini soyur, hamilə qadınların qarınlarını deşir, döşlərini kəsir, övladlarını anaların gözləri qabağında işgəncələrlə öldürürdülər. Küçələr, yollar, yamaclar  insan meyiti ilə dolmuşdu. Xocalıda əhalinin naləsi ərişi lərzəyə gətirmişdi.

 Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Ermənilərin Xocalıda törətdikləri bu  soyqırım dünya tarixində yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və “Holokost” kimi dəhşətli faciələrdən heç də geri qalmır.

 Xocalı soyqırımında iştirak etmiş erməni əsgəri  Davud Xeyriyan kitabında yazır: “Martın 2-də erməni “Qaflan” qrupu 100-dən artıq azərbaycanlının meyitini toplayıb, Xocalının təxminən 1 km qərbində yandırdıq. Mən maşına daşınan meyitlərin içərisində əlindən və alnından yaralanan 10 yaşlı qızcığazı gördüm. Üzü artıq göyərmiş olan bu uşaq aldığı yaralara, soyuğa və aclığa baxmayaraq hələ sağ idi. O, asta-asta nəfəs alırdı. Mən ölümlə mübarizə aparan bu körpənin gözlərini unuda bilmirəm… Tezliklə Tiqranyan adlı əsgər bu hərəkətsiz qalmış qızcığazı götürərək meyitlərin üstünə atdı. Sonra onları yandırdı. Mənə elə gəlir ki, yanan cəsədlər arasında kimsə qışqırır, xilas üçün kömək istəyirdi. Bundan sonra mən irəli gedə bilmədim.” Bu, erməni Davud Xeyriyanın insanlıq və həqiqət qarşısında dəhşətli etirafıdır. Yüzlərcə belə vəhşiliyin, faktın şahidi olan xocalıların çoxu  psixoloji sarsıntılara duruş gətirə bilməyərək dünyasını dəyişib, bəziləri ruhi xəstəliyə mübtəla olub, bəziləri isə qarlı gecədə aldıqları güllələri indiyə qədər bədənlərində gəzdirməkdədirlər.

Bəşər tarixində ən dəhşətli faciələri belə kölgədə qoyan Xocalı soyqırımı xalqımızın ürəyinə vurulan sağalmaz yaradır. İllərlə ürəyimizdə daşıdığımız bu yaraya 44 günlük Vətən müharibəsində qəhrəman Azərbaycan  oğulları düşməndən qisas almaqla su çilədilər. Amma bütün bunları yaxşı bilən Azərbaycan əsgəri heç bir mülki erməni vətəndaşı incitmədi, ona qarşı hansısa qəddarlığı etmədi.  Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda soyqırımına məruz qalanların qisası döyüş meydanında mərdliklə  alındı. Xocalı qatillərini, insan cəlladlarını məhv edən igidlərimiz günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Amma yenə də Xocalı soyqırımı bütün bəşəriyyət üçün tarixi bir dərs kimi unudulmayacaq.  

       İlahə Allahverdiyeva Naxçıvan Dövlət Universitetinin

" Jurnalistika " ixtisası üzrə III kurs tələbəsi

Nəşr edilib : 26.02.2022 14:12