AZ EN RU

Xocalı Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.

Hələ ötən əsrin əvvəllərində mart soyqırımları, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlının deportasiyası, 1988-ci ildə isə 250 min həmyerlimizin öz tarixi torpaqlarından qovulması bu mənfur siyasətin əsasını təşkil edirdi. Erməni şovinistlərinin məkrli planları 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələrlə daha açıq xarakter aldı və yüzlərlə kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Xüsusi amansızlıqla törədilmiş Xocalı soyqırımı da məhz bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər.

Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz faciəyə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş Ulu Öndər hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymət verilməsinin zəruriliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün çox səy göstərmişdir. Həmin vaxtlardan bu yana Xocalı həqiqətlərinin dünyaya tanıdılması istiqamətində xeyli iş görülmüş, xarici dillərdə kitablar, sənədlər dərc olunmuş, internet saytları yaradılmış, müxtəlif təşkilatlarda gündəmə gətirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayaraq aparılan “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyası həqiqətlərin üzə çıxarılmasında, faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınmasında mühüm rol oynayır. Görülən işlər nəticəsində 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir.

Bu gün hər bir azərbaycanlının qarşısında mühüm vəzifələrdən biri Xocalı soyqırımını və bütövlükdə, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin beynəlxalq miqyasda əsl hüquqi-siyasi qiymət alması, onun təşkilatçılarının cəzalandırılması, insanlığa qarşı yönəlmiş belə qəddar aktların təkrarlanmaması üçün mühüm şərtdir.

Xocalını bu il tək kədərlə yox, eyni zamanda qürurla anırıq. Xocalı üçün ədaləti Azərbaycan Ordusu bərqərar etdi, amma beynəlxalq məhkəmələrdə və tribunalarda hələ də ədalət təcəssüm etməyib. Bununla belə deyə bilərik – 32 ildən sonra Xocalı qurbanlarını artıq başıuca, qalib ölkə kimi anırıq. Təqvim vərəqlərimizdə qara dairəyə alınmış o faciəvi tarixə, hüznlə, kədərlə, qəzəb hissi ilə andığımız o dəhşətli zamana, Xocalı sakinlərinin dünyada misligörünməmiş soyqırımına məruz qaldıqları o məşum günə, yer üzündən silinən ailələrin müsibətinə, qundaqda ömrü qırılan körpələrin yarımçıq taleyinə ağladıq, gözlərimiz qan-yaş tökdü. Və qəlbimizdə alışan qisas alovu ilə Xocalıda şəhid olan, əsir götürülərək min bir işgəncəyə məruz qalan soydaşlarımızın intiqamını alacağımıza and içdik. And içdik ki, qisasları qiyamətə qalmayacaq.

2020-ci ilin Vətən müharibəsi həm də şəhidlərimiz qarşısında verdiyimiz o andın yerinə yetdiyi savaş kimi Azərbaycan tarixinə həkk olundu. Müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin müjdələdiyi 10 noyabr tarixində insanlar əllərində al qırmızı qərənfillər Şəhidlər xiyabanına, Xocalı soyqırımının daşlaşmış əksi – “Ana harayı” abidəsinə, bölgələrimizdəki şəhid məzarlarına ziyarətə axışaraq “Ruhunuz şad olsun, Vətənimin şəhid övladları, artıq uğrunda can verdiyiniz ana torpağımız Qarabağ azadlığa qovuşub, Xocalıda qətl edilən günahsız insanların qanı yerdə qalmayıb...” – dedilər.

Xocalı deyəndə hər zaman sarsılmışıq, o dəhşətli həqiqəti unutmamışıq. O dinc, gözəl şəhərimizə amansız soyqırımı gətirənləri lənətləmişik. Özü də təkcə biz yox, dünya lənətləyib. XX əsrin ən dəhşətli qırğınlarından biri, erməni millətçiliyinin tarixdən silinməyən qara ləkəsidir Xocalı soyqırımı. Qapqara gecənin içində havadarlarına güvənib yarıyuxulu şəhəri oda qalayan, qırdıqlarını qıran, qırmadıqlarını əsir götürən, insan ağlına sığmayan vəhşiliklər törədən erməni faşistləri tarixboyu bu murdar əməllərinə görə başıaşağı olacaqlar. Azərbaycanın isə başıucadır, çünki Xocalının qisasını qiyamətə saxlamadı.

Keçən illərdən fərqli olaraq artıq bu ildönümündə biz qeyd edə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Cənab İlham Əliyevin ötən il oktyabrın 15-də Xocalı şəhərində Dövlət Bayrağını ucaltdı. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gerçəkləşdirərək hərb tarixinə qısa zamanda böyük nailiyyət kimi yenilik gətirdi. Bu Qələbə həm də Müzəffər Sərkərdənin timsalında ata vəsiyyətinin uğurla yerinə yetirilməsi idi. Ulu Öndərin atdığı təməllər və reallaşmasını gözləyən ideyaları Prezident cənab İlham Əliyevin qətiyyəti, xalqın birliyi və igidlərimizin rəşadəti ilə birləşib işğala son qoydu. Parlaq Zəfərimizlə xocalıların ürəyinə saplanan tikanı çıxartdıq.

Xocalı cinayətkarlarından bir neçəsi dövlətimizin təxirəsalınmaz tədbirləri nəticəsində tutularaq məhkəmə qarşısına çıxarıldı, qanun qarşısında hesabat verməli oldu. Bu, cəza əməllərinin qarşılığında, bəlkə də, ən mülayim reaksiya idi. Qəddarlığa qarşı humanizm mövqeyi, qanunun ali səviyyədə qorunması ölkəmizin dünya müstəvisindəki tolerantlığına daha bir nümunə oldu. Amma nə dövlətimiz, nə də xalqımız onları əsla bağışlamayıb, əksinə, bu canilər ömürlərinin axırına kimi bizim artan qüdrətimizi, qana çevirdikləri yurdların gülüstan simasını, mənsub olduqları tayfanın çöküşünü izləyəcək, məzaradək zarıldayacaqlar. Bundan da betərinə layiqdirlər. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Biz onların cavabını döyüş meydanında verdik, bütün Şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu”. Artıq Xocalı soyqırımı qurbanlarının anım günü “Azərbaycan xalqının milli birliyinin, bərabərliyinin və milli təəssübkeşliyinin simvoluna çevrilib”.

Xocalı faciəsi nə qədər acı olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi və tariximizə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazıldı. Gələcək nəsillərin, yeniyetmə və gənclərin daha da vətənpərvər ruhda böyüməsinə əngəl ola bilmədi. Bütün sadalanan tarixi faktların gələcək nəsillərə çatdırılması, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli dövlətçilik tariximizin bu təbəqə tərəfindən mənimsənilməsi diqqət mərkəzində saxlanılır.

Bu gün hər bir Azərbaycan gənci müstəqilliyimizi, suverenliyimizi qorumaq, onu daha da inkişaf etdirmək istiqamətində çalışmalıdır. Fəxrlə demək olar ki, Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə bu missiyanı şərəflə daşıyacaq, Vətəninə, elinə qırılmaz tellərlə bağlı olan gənclik yetişib. Beynəlxalq müstəvidə ölkəmizə qarşı ikili standartların tətbiq olunduğu bir dövrdə, xarici kəşfiyyat orqanlarının məkr dolu ideoloji fəaliyyəti qarşında, xüsusən də gənclərimiz ayıq-sayıq olmalı, milli dəyərləri qoruyub saxlamalıdırlar. İstənilən halda bir dövlətin gələcəyi onun vətəndaşının öz ölkəsinə olan sədaqət borcunu layiqincə yerinə yetirməsindən asılıdır. Bu kimi məsələlərdə ölkə başçısının hərzamankı həssas mövqeyi, aidiyyəti təşkilatlar qarşısındakı mühüm tapşırıq və istiqamətləri yad dairələrin çirkli planları önündə möhkəm sədd çəkir.

Unutmamaq lazımdır ki, milli kimliyi, ailə dəyərləri, yurd təəssübkeşliyi və ümumi xarakteri etibarilə Azərbaycan gənci, Azərbaycan vətəndaşı üçün Vətən hər zaman ən ümdə anlayışdır. Çünki bu Vətən bizim anamızdır. Ana isə müqəddəsdir.

Mirməcid SEYİDOV

Naxçıvan Muxtar Respublikası gənclər və

idman nazirinin müavini, Azərbaycan Vətən Müharibəsi və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

Nəşr edilib : 26.02.2024 14:00