AZ EN RU

XIX-XX əsrin əvvəllərində Qərbi Azərbaycan qadın geyim mədəniyyəti Aşıq Ələsgər yaradıcılığında

Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər, maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətlərini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir.Məhz bu nöqteyi-nəzərdən Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edən, xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgərin yaradıcılığınıQərbi Azərbaycanın qadın geyim mədəniyyəti nöqteyi-nəzərindən zəngin etnoqrafik mənbə hesab etmək olar.

Öncə qeyd edək ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Azərbaycanın Qərb zonasında da XIX yüzil və XX yüzilin əvvəllərində əhalinin geyim materialı kimi, əsasən yerli ustalar tərəfindən kustar üsulla üfiqi toxuculuq dəzgahlarında- kərəkdə toxunmuş qılıcı şaldan, müxtəlif növlü və müxtəlif rəngli ipəkdən, nazik yun və pambıq parçalardan, həmçinin aşılanmış gön və dəridən istifadə edirdilər. Lakin, əhalinin varlı təbəqəsinin geyimi əsas etibarı ilə ipək tafta, darayı, qanovuz, atlas, alaca, xara və s. parçalardan ibarət idi ki, bunlarında çoxu satınalma yolu ilə əldə edilirdi. Aşığın yaradıcılığının böyük bir qismi doğulub boya-başa çatdığı Göyçə mahalının gözəllərinin tərifindən ibarətdir. Onun qəhrəmanları xəyalında yaratdığı obraz deyil, real həyatda-aşıq məclislərində və xalqın toy-düyünlərində, bulaq başında gördüyü sadə kəndli qızlarıdır. Aşıq Ələsgər təriflədiyi qız-gəlinin zahiri gözəlliklərini, milli geyim və bəzəklərini elə məharətlə təsvir edir ki, gözlərimiz önündə XIX-XX əsrin əvvəlləriQərbi Azərbaycan qadınlarınınmilli geyimləri, həmçinin geyimlərin rəngləri vəgeyimlərə vurulan dekorativ bəzəklər, onların timsalında bütün Azərbaycan qadınlarının geyimləri haqqında mükəmməl, aydın təsəvvür yaranır.

Dədə Ələsgərin yaradıcılığında təsvir edilən Qərbi Azərbaycan qadınlarının geyim növlərininəksəriyyəti atlaz, ipək, qanovuz, darayı, xara, alaca, mahud, zərxara parçalardan ibarət  olmuşdur. Rəng çalarlarına gəldikdə isə Qərbi Azərbaycan qadınlarınıngeyimlərində rəngarəng olaraq al, yaşıl, sarı  və s. rəng çalarları üstünlük təşkil edirdi.Aşıq deyir:“Mənim yarım yaşıl geyib incidir”yaxud“xub yaraşır əndamına, geyinibdir sarı gözəl”, yaxud da“geyinib əndamına, əbru ətlaz, alı gözəl”.Qərbi Azərbaycan qadınlarının geyimlərindəal, yaşıl, sarı və s. çalarlar üstünlük təşkilı etdiyi halda, Bakı geyimlərinin rəng seçimində ən çox bənövşəyi rəng çalarlarından, həmçinin açıq qəhvəyi, solğun xardal rəngi, ağ, tünd mavi rənglər, Qarabağ geyimlərində üst tuman və üst çiyin geyimi ya eyni ya da uyğun rənglərdə, köynək isə tuman və arxalığın rənginə nisbətən açıq və parlaq rənglər, Naxçıvan geyimlərində innabı, yaşıl, gümüşü rənglərdən istifadə edirdilər.Ümumiyyətlə, bölgələr üzrə müqayisələr apardıqda belə qənaətə gəlmək olur ki, geyimlər bölgənin təbiəti və iqlim xüsusiyyətlərinə uyğun gəlirdi.Lakin,  XIX-XXəsrin əvvəllərində Azərbaycanın ayrı-ayrı tarixi etnoqrafik bölgələrindəgeyimlərdə lokal-məhəlli xüsusiyyətlər, bölgəyə məxsus detallar müəyyən dərəcədə özünü göstərsə də, tipoloji cəhətdən ümumazərbaycan səciyyəsi daşıyırdı. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da geyim dəsti alt üst geyimlərinə bölünürdü. Qadın alt paltarları alt köynəyi (müxtəlif bölgələrdə ona “can köynəyi” və “ət köynəyi” də deyirdilər), cütbalaq (enli şalvar) və darbalaqdan (dizlikdən) ibarət olmuşdur.

Aid olduğu dövrdə Qərbi Azərbaycan qadınlarının köynəkləri ilə Qarabağ qadınlarının köynəkləri eynilik təşkil edir.    XIX-XX əsrin əvvəl­lərində həmin bölgənin qadınları alt geyim dəsti olan dizlikdən geniş şəkildə istifadə etmişlər. Aşığın “Qırmızı” qoşmasında  darbalaq-dizlik belə təsvir edilir: Mərnuz dizlik geyib, çəpgəni ətlaz”.Onu da qeyd edək ki, Qərbi Azərbaycan qadınlarının dizlikləri ilə Naxçıvan qadınlarının dizlikləri eynilik təşkil edirdi. Hər iki mahalın qadınlarının geydikləri dizliklər topuğa qədər uzun olub, topuqda büzülürdü. Bakı ərazisinin qadınları da darbalaq geyim növündən istifadə edirdilər. Abşeron qadınlarının darbalaq-dizlik geydiklərini vaxtilə buraya səyahət edən S.Q. Omerlinin  də yazılarında rast gəlinir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycan bölgəsində də qadın üst geyimlərinə üst köynəyi, çəpkən, çərkəzi, ləbbadə, nimtənə, küləcə, çalma, arxalıq, ləçək, örpək, şal, kəlağayı, başmaq, corab, kəmər və müxtəlif bəzək növləri  daxil idi. Bu üst geyim tiplərinin əsas elementlərindən biri üst köynəyi idi. Qadın üst köynəkləri bölgələr üzrə müəyyən fərqli xüsusiyyətlərə malik olsa da, ümumi səciyəvi xarakterə malik idi. Azərbaycan qadınları  geyimin estetik gözəlliyinə xüsusi diqqət verirdilər. Onlar üst köynəkləri ilə yanaşı, digər üst geyimlərinin sinəsini, tikişlərin kənarlarını, yaxa və qolçaqlarını, ətəklərini xüsusi bəzək elementlərindən olan tikmələr, çaxma və asma metal bəzəklər, cürbəcür baftalar, şahpəsəndlər, zəncirələr, muncuqlar, piləklərlə və s. ilə bəzəyirdilər. Bu cür bəzək elementlərini A.Ələsgər belə təsvir edir:“Güləbətin qıyı tər sinə üstə, nə gözəl yaraşır qız köynəyinə”, yaxud “əynində zər güləcə,ətəyində zər baftası”.Aşıqüst köynəyini tərif edərkən köynəyin yaxasının “güləbətin” tikmələrlə bəzədildiyini göz önünə gətirir. Güləbətin tikmə Azərbaycanda ən qədim tikmə növlərindən biri olaraq Şəki, Şamaxı, Şuşa, Naxçıvanla yanaşı,Qərbi Azərbaycanda da      inkişaf etmişdir.Aşıq “zərbafta” deyərkənküləcənin ətəklərinin güləbətinli – zərli saplarla ipək parçadan toxunmuş zər baftası-qaytanı təsvir edilir. Bafta-güləbətin ipək sapla toxunmuş qaytandır.Aşıq Ələsgər Səhnabanunu tərif edərkən deyir: Zərgər gül doğrasın zərin tiladan,əlindən gəldikcə düz köynəyinə”,-deməkləpilək tikmə növünü təsvir edir. Pilək  tikmə növündən Azərbaycanın əksər bölgələrində, o cümlədən Qərbi Azərbaycan bölgəsində də istifadə olunurdu. Onu da qeyd edək ki, pilək  və pərək zərənduz tikmə növü zərgərlik sənəti ilə üzvi surətdə bağlı olmuşdur. Bəzən  tikmə bilavasitə məmulat üzərinə müəyyən qayda ilə tikilib bəndlənir,  bəzən isə ayrıca ensiz parça zolağının üzərinə bəndləndikdən sonra üst geyimlərin qollarına və ya ətəklərinə bəndlənirdi.

Aşıq öz qəhrəmanlarını tərif edərkən onların geyindikləri qadın üst geyimlərindən olan, “küləcə”, “mintənə”, “çəpkən”, “don”, “alaca”, “alı” və digərlərinin də adlarını sadalayır. Aşıq “Mələk” müxəmməsində deyir:“Geyinib əndamına əbru ətlaz, alı gözəl, xara don, zərin nimtənə, başındakı şalı gözəl.”Aşığın tərif etdiyi gözəlin geyindi paltar atlasdandır və al rənglidir. Bu da təbiidir, çünki, ipək parça toxuculuğu olan şərbaflıq XIX əsrdə Azərbaycanda ən yüksək inkişaf mərhələsinə çatmışdır. Onu da qeyd edək ki, 1861-ci ildə Nuxada fəaliyyətə başlayan fabrikdə 1200-1400 pud ipək məhsulu istehsal olunurdu. Bundan əlavə, Nuxa qəzasında 33, Qarabağda 19, Ordubadda 2 fabrik xarakterli ipəkçilik müəssisəsi var idi. Bu dövrdə  ipək parça növlərindən olan “məni aldatdı”, “alışdım-yandım”, “gecə-gündüz”, “şəmsi-qəmər”, “darayı, “xara” və s. qadınlar tərəfindən daha çox bəyənilirdi.

Aşıq Ələsgər “Mələk” müxəmməsində qadın geyimlərinin ən bəzəklisi və zəngini olannimtənə  haqqında da danışır. Nimtənə qızıl sapla toxunan zərbaftan hazırlanırdı. Zərbaft  isə qızıl və ya güləbətinlə qarışıq hazırlanan qiymətli parça idi. Qadın üst paltarı olan nimtənə gündəlik geyim kimi  yun və pambıq parçadan, boğçalıq, toy-düyün paltarı kimi məxmər darayı, tirmə və başqa parçalardan hazırlanırdı. Nimtənənin ətəyinə, qollarının ağzına, yaxa və yan kəsiklərinə qızıl-gümüş düymələr bəndlənir, müxtəlif tikmələrlə bəzədilirdi. Tipoloji cəhətdən çəpkənlə eynilik təşkil edən nimtənə  haqqında məlumata Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsərində də təsadüf edilir. Həmin əsərdə şair yazır: “Onların donu (nimtənəsi) başdan dizə qədərdir” Buradan aydın olur ki, nimtənə haqqında yazılı məlumatlar XII əsrə qədər gedib çıxır.

Aşıq Ələsgər “Qırmızı” qoşmasında təriflədiyi  qız-gəlinin geyindikləri qadın üst geyimlərindən olan çəpkəni belə təsvir edir: “Qüdrətdən çəkilib qaməti-şahbaz, mərnus dizlik geyib, çəpgəni ətlaz”.Çəpkən  qadın üst geyim növü olub, köynəyin üstündən geyilir və astarlı tikilir, bəzən isə yüngül sırınır və bədənə kip biçilirdi. Çəpkən iqtisadi durumdan asılı olaraq ipək parçalardan məsələn, məxmər, tirmə, zərxara, tafta, qumaş, atlas və s-dən,  həmçinin pambıq, yun və adi parçalardan hazırlanırdı. Çəpkənin yaxasının hər iki tərəfində cərgə ilə qızıl və gümüş pullar tikilirdi. Aşıq Ələsgər bu barədə  “Görürsənmi oğrun baxan gözəli” qoşmasında deyir:Yaxası qızıldan düymələnibdi”.

Azərbaycan qadın üst geyimlərindən biri “küləcə” olmuşdur.Aşıq Ələsgər “Şahpəri” müxəmməsində küləcə qadın üst geyimini  belə tərənnüm edilir:“Əynində xas güləcə (küləcə”...).Küləcənin yaxa kəsiyi oval formada biçilir, yaxası boyhaboy açıq olur və qolları düzdəmə tikilərək ensiz bilərziklə tamamlanırdı. Küləcə qurşaq yerində xırda düymə və ya çarpaz vasitəsilə tamamlanırdı. Bəzək elementləri ilə olduqca zəngin olan küləcənin  yaxası, bel ətəkləri, qollarının ağzı, güləbətin, muncuqlu pilək, məlilə tikmə, zəncirə, bafta, piləkli doldurma  və s. ilə işlənirdi. Onu da qeyd edək ki, küləcə  Gəncəbasar, Borçalı, Naxçıvan, Şirvan, İrəvanda qadınların bayramlıq geyim növü olmuşdur.

Aşığın yaradıcılığında Azərbaycan qadınlarının baş geyimlərindən olan kəlağayı, şal, rübənd adlarına təsadüf olunur. Aşıq “Giləyə” müxəmməsində deyir: Başında herat kəlağay,bənzər göllər sonasına”.  Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, Azərbaycanda qədimdən məlumdur. Kəlağayı Azərbaycanın Təbriz, Gəncə, Şamaxı, Şəki və Naxçıvan şəhərlərində yüksək keyfiyyətlə hazırlanırdı, həmçinin Azərbaycana satınalınma yolu ilə Herat şəhərindən də kəlağayı alınıb gətirilirdi.

Aşıq “Mələk” müxəmməsində Mələyin başına örtdüyü şalı da nəzərdən qaçırmır: “...başındakı şalı gözəl”Aid olduğu dövrdə baş şalı kustar üsulla yerli karxanalarda toxunmaqla yanaşı, qadınların özləri də ağ yun ipdən kvadratşəkilli dördbucaq formada toxuyur və qıraqlarında toxunan ipdən saçaqlar qoyurdular. Bu baş şalı, Göyçə mahalı ilə yanaşı, Qazax vəNaxçıvan bölgəsində də toxunurdu.Azərbaycan qadınlarının baş geyimlərindən biri də rübənd olmuşdur.Aşıq “Dolanır” qoşmasında deyir:“Məni qoca gördü, ürbəndin açdı”.Rübənd üzü kənar adamlardan gizlətmək üçün bir vasitə idi. Lakin, qız-gəlinlər yaşlı adamlardan çəkinmədiklərinə görə onların yanında üzlərindən rübəndlərini açırlar. Qərbi Azərbaycanla yanaşı, Naxçıvanda da yayılmış baş geyimləri içərisində rübəndlər xüsusi yer tuturdu.

XIX yüzillikdə qadın geyimlərinin bir qismini də ayaq geyimləri təşkil edir.Aşığın “Baxın” müxəmməsində qadınların geyindiyi “sarğı başmaq” haqqında belə deyir:“...Ayağına sarğı başmaq..”.Sarğı başmağı keçmişdə atın sağrı gönündən hazırlayırdılar. Heyvanın quyruq tərəfindəki sağ və sol yanlarına, eləcə də həmin yanların dərisinə sarğı deyilir. Sarğı dərisindən keyfiyyətli ayaqqabı hazırlanırdı. Sarğı başmağa Qərbi Azərbaycan qadınları ilə yanaşı, Qarabağ  və Ordubadda da daha çox üstünlük verilirdi.

İncə zövqə malik olan Azərbaycan qadınları adətən geyim tərzlərini tamamlamaq üçün bellərinə kəmər bağlayardılar. Azərbaycanda kişi və qadın bel kəmər və toqqalarının  “ətəkli”, “təkbənd”, “gülbelbağı”, “saltoqqa”, “çilik toqqa”, “gümüş kəmər”, “zərli kəmər”, “sikkə” kəmər və s. növləri olmuşdur. Aşıq Ələsgər yaradıcılığında qadınların bellərinə bağladıqları gümüş kəmərlərdən  bəhs olunur. Aşıq “Ay yağa məni” təcnisində deyir: “...İncə beldə gümüş kəmər, inci dürr...” Göründüyü kimi, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Göyçə mahalında da  qadınlar belinə gümüş kəmər bağlayır və qiymətli daş-qaşla bəzədilirdi. Qadınların kəmərləri içərisində yayılma arealına görə üstün yeri “sallama”  (ətəkli) kəmərlər tuturdu.  Bu kəmərin ətəyinə kəmərdən aşağıya doğru 10-15-20 qəpiklik qulplu gümüş pullar gümüş zəncirlər vasitəsi ilə aypara formasında bir-birinə bənd edilirdi. Bir qayda olaraq kəməri  qızlar deyil, gəlinlər gəzdirirdi və gəlin köçən qızların toy-nişan paltar dəstlərinin içərisinə gümüş və bəzən də qızıl kəmər qoyardılar.

Nəticə etibarı ilədemək olar ki, XIX-XX əsrin əvvəllərində Azərbaycanın ayrı-ayrı tarixi etnoqrafik bölgələrində olduğu kimi Qərbi Azərbaycan da qadınların geyimlərində lokal-məhəlli xüsusiyyətlər, bölgəyə məxsus detallar müəyyən dərəcədə özünü göstərsə də,  tipoloji cəhətdən ümumazərbaycan səciyyəsi daşıyırdı.

Aytəkin QƏHRƏMANOVA

AMEA Naxçıvan Bölməsi

Tarix üzrə fəlsəfə doktoru

Nəşr edilib : 13.04.2023 12:26