AZ EN RU

Xilasedicilərimiz Qəbələ rayonunda keçirilən təlimdə iştirak ediblər

    Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin qarşılıqlı əməkdaşlığı çərçivəsində Qəbələ rayonu “Tufandağ” Xizəksürmə Mərkəzində xizəksürmə və qar uçqunlarında axtarış-xilasetmə üzrə təlim keçirilib. Təlim nazirliyin xilasedicilərinin mürəkkəb relyefli və çətin iqlim şəraitində, eləcə də qar uçqunları zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərin təxliyəsi və onlara ilkin yardımın göstərilməsi üzrə bilik və bacarıqlarının artırılması, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə təşkil olunub.
    Nəzəri və praktiki hissədən ibarət olan təlimə nazirliyin müvafiq qurumlarının şəxsi heyət və texnikaları, xüsusi təlim görmüş itlər cəlb edilib.
    Təlimin gedişində avstriyalı mütəxəssislər tərəfindən şəxsi heyətə qar uçqunları zamanı istifadə olunan müasir axtarış-xilasetmə texnika və avadanlıqları, onların taktiki-texniki xüsusiyyətləri və istifadə qaydaları, qar uçqunu altında qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi, müvafiq təhlükəsizlik qaydaları üzrə nəzəri məşğələlər keçirilib.
    Təlimin praktiki hissəsində avstriyalı mütəxəssislərin təlimatları əsasında xilas­edicilər mürəkkəb relyefli dağlıq ərazilərdə əlverişsiz hava şəraitində axtarış-xilasetmə işlərinin təşkili, qar uçqunu altında qalmış zərərçəkmişlərin xilasetmə avadanlıqlarından istifadə etməklə axtarışı, xilas olunması, ilkin yardımın göstərilməsi üzrə praktiki tapşırıqlar yerinə yetiriblər.
    Təlimdən sonra xilasedicilərə Avstriya Daxili İşlər Nazirliyinin müvafiq sertifikatları təqdim olunub.
    Qeyd edək ki, Qəbələ rayonunda keçirilən təlimdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də yaxından iştirak ediblər.

 Naxçıvan Muxtar Respublikası 
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.02.2023 19:24