AZ EN RU

Xəzərin sevdiyi cəsur naxçıvanlı neftçi

    O, sözün əsl mənasında, bir əfsanə olub. Çoxsaylı xidmətləri onu təkcə Azərbaycanda deyil, keçmiş ittifaqda, eləcə də bütün dünyada tanıdıb. Zarafat deyil, keçmiş SSRİ-də nadir insanlardan olub ki, gənc yaşlarında, daha dəqiqi 27 yaşında “Stalin” mükafatına, 35 yaşında isə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülüb. Dörd dəfə SSRİ Ali Sovetinin, dörd dəfə də Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1970-ci ildə haqqında çəkilən sənədli film SSRİ Kinematoqrafçılar İttifaqının diplomuna layiq görülüb. Naxçıvandakı doğulduğu kənddə məktəb və körpünü də illər əvvəl özü tikdirib. Həm də təkcə kənddə yox, elə Şərurdakı bir sıra yaşayış binalarını, mədəniyyət müəssisələrini də. Bakıda isə… Hə, bu artıq daha geniş söhbətdir. Çünki Bakıdakı xidmətləri bir yazıya sığacaq çərçivədə deyil… Amma daha maraqlısı bilirsiniz nədir? Onu cəmiyyətdə hər kəs ləqəbi ilə tanıdı, sevdiyi peşənin adı ilə çağırdılar. Xalq da bunu səmimiyyətlə qəbul etdi. Hətta vəfatından sonra da məzar daşının üzəri elə bu cür yazıldı: “Neftçi Qurban”.

    Neftçi Qurban – Abbasov Qurban Abbasqulu oğlu 1926-cı ildə Babək rayonunun Payız kəndində anadan olub (Soyadı bəzi sənədlərdə Abbasov, bəzilərində isə Abasov kimi qeyd olunub). Açıq mənbələrdə haqqında bu cür məlumat verilir ki, o, əmək fəaliyyətinə 1944-cü ildə “Artyomneft”  (indiki Pirallahı) trestində fəhlə kimi başlayıb. İşi yaxşı mənimsədiyinə və peşəkar fəaliyyətinə görə  sonra “Azərneft” İstehsalat Birliyinin Qazma İdarəsində qazmaçı, buruq ustası, “Gürgənneft”də şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib. Qurban Abbasov 1959-cu ildə Bakı Neft Texnikumunu, 1971-ci ildə isə ozamankı Azərbaycan Neft və Kimya İnstitutunu Neft və qaz yataqlarının işlənilməsinin texnologiyası və kompleksli mexanikləşdirilməsi ixtisası üzrə bitirib. Təsadüfi deyil ki, işgüzarlığı, zəhmətsevərliyi və öz peşəsinə böyük sevgisi Neftçi Qurbanın əmək fəaliyyətində bir çox mühüm nəticələr əldə etməsinə imkan verib. 1951-ci ildə 25 yaşlı qazmaçı usta mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. Həmin vaxt 9 dəzgahı olan sahəyə rəis təyin olunan Qurban Abbasov burada hər bir dəzgahın qazma sürətini 1400 metrə qədər çatdırmağa nail olub. 1967-1980-ci illərdə – Xəzərdənizneft kəşfiyyat trestinin müdiri, “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktor müavini, Neft Daşları Neft-Qaz Çıxarma İdarəsinin rəisi, 1980-1983-cü illərdə “Xəzərdənizneftqazsənaye” Ümumittifaq Sənaye Birliyinin baş direktoru, 1988-1992-ci illərdə “Xəzərdənizneft” İstehsalat Birliyinin baş direktoru, 1992-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifələrində çalışıb. 
    Qurban Abbasovun fəaliyyətində ən diqqətçəkən məqamlardan biri odur ki, o, dünyada açıq dənizdə neft və qaz çıxarılmasının ilk təşkilatçılarından biri olub. Xüsusilə “Şelf-1” tipli yarımdalma üzən qazma qurğularının Xəzər dənizi şəraitində istifadəsində onun xüsusi xidmətləri olub. Bu qurğular həmin dövrdə artıq dənizin 200 metrlik dərinliyində işləməyə başlamışdı. Bu, indiki “Çıraq” yatağının kəşf edilməsinə və yeni strukturlarda kəşfiyyat işləri aparmağa imkan vermişdi. Bununla yanaşı, neftçi Qurbanın birbaşa rəhbərliyi ilə dərin dəniz stasionar özüllərinin inşasının istehsalat bazası yaradılmış, Xəzər dənizinin dərin sahələrində stasionar özüllərin quraşdırma işlərinin prinsipcə yeni üsulu işlənib hazırlanmışdır. Buna görədir ki, Qurban Abbasovun keçmiş 28 Aprel, Kaveroçkin adına, 26 Bakı Komissarı adına, Oktyabr İnqilabı adına olan iri yataqların kəşf edilməsindəki xidmətlərinin qiyməti yoxdur. Təsadüfi deyil ki, “Titan-2” üzən kranı da onun adını daşıyır. Neftçi Qurban sonralar Sosialist Əməyi Qəhrəmanı adını almış qazma ustası Mixail Kaveroçkinlə birgə Neft Daşlarında dənizin dibinə vurulmuş dirəklər üzərində buruq briqadasının üzvləri üçün sahəsi 14 kvadratmetr olan ilk evin tikilməsinə, radiostansiyanın qurulmasına və sahillə əlaqə yaradılmasına,  eləcə də açıq dənizdə dünyada ilk dəfə 1 saylı quyunun qazılmasına rəhbərlik etmişlər.  Məhz 1949-cu il 7 noyabr tarixdə 942 metr dərinlikdən neft fontanının vurulması sayəsində neft sənayesi tarixində dəniz nefti erasının əsası qoyulub. Həmin quyunun gündəlik neft hasilatı 100 tondan artıq idi. Bu quyu ilə yanaşı, 2 saylı quyunun qazılması üçün də açıq dənizdə özülün tikilməsi, qüllələrin quraşdırılması davam etdirildi və onun qazılması da gənc buruq ustası Qurban Abbasova tapşırıldı. Beləliklə, 7 noyabr günü həm də xalqımızın dilində dünyanın “səkkizinci möcüzəsi” adlandırılan əfsanəvi Neft Daşlarının yaranma günü kimi tarixə düşdü.
     Əfsanəvi Neftçi Qurban Abbasov Neft-Qaz Çıxarma İdarəsinə rəhbərlik etdiyi müddət ərzində mühüm nəticələr əldə edildi. İki il yarımda plandan əlavə 200 min tondan artıq neft hasil edildi. Bu göstəricilərin əldə olunması üçün bilavasitə onun rəhbərliyi ilə idarədə bir sıra mürəkkəb texniki, texnoloji tədbirlər həyata keçirildi. İlk növbədə, qazlift sistemində əsaslı dəyişikliklər və təmir işləri aparıldı, qaz-kompressor stansiyalarında yenidənqurma işləri görüldü, əmtəə çənləri parkında, istehsalat üçün vacib olan bir çox obyektlərdə, estakada və meydançalarda böyük həcmdə təmir-bərpa işləri həyata keçirildi, qaz itkilərinin qarşısı alınaraq yığılan qazın miqdarı, demək olar ki, iki dəfə çoxaldıldı. Qazma və tikinti idarələrinin işinin sürəti və səmərəliliyi artırıldı. 3 beşmərtəbəli yataqxana binası və beşmərtəbəli inzibati idarə binası tikilib istismara verildi. Qurban Abbasovun təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin göstərişi əsasında Nazirlər Sovetinin qərarı ilə Neft Daşlarının əməkçilərinin Xəzərdə gördükləri qəhrəmanlıq xariqələrini əbədiləşdirmək üçün 1980-ci ildə Çivanov qəsəbəsində park salındı. Parkda hündürlüyü dörd metr olan beş nəhəng heykəl ansamblı yaradıldı. Onlardan biri də Neftçi Qurbanın prototipi idi. Burada 40-dan çox fəhlə və mühəndisin ala-bəzək materiallardan quraşdırılmış obrazları yaradılmışdır. 2004-cü ildə Neft Daşlarının 55-ci ildönümü ərəfəsində parkın sahəsi genişləndirilərək təzə dekorativ ağaclar əkilmiş, böyük memarlıq işləri görülmüşdür, Həmçinin burada Ümummilli Liderin  mərmərdən yonulmuş büstü qoyulmuş və Neft Daşları əməkçilərinin müraciəti əsasında parka Heydər Əliyevin adı verilmişdir. Bundan əlavə, Qurban Abbasovun böyük səyi nəticəsində Bakı şəhərində üç ədəd 9 mərtəbəli kooperativ bina alınaraq Neft Daşları əməkçilərinə paylanılmışdır. Əfsanəvi neftçi 1980-ci ildə “Neftqazsənaye” Birliyinin rəisi təyin edildikdən sonra daha böyük və məsuliyyətli işlərin ağırlığını öz üzərinə götürmüşdür. Qurban Abbasovun neft sənayesindəki ən böyük, şərəfli, tarixi xidmətlərindən biri də məşhur “Günəşli” yatağının kəşfiyyatının, abadlaşdırılmasının, işlənməsinin təşkilidir. O bu yatağın mənimsənilməsinin bütün mərhələlərində işlərə bilavasitə rəhbərlik etmişdir. Neftçi Qurban yatağın abadlaşdırılması zamanı Xəzərdə ilk dəfə istifadə olunmuş bütün elmi-texniki təkliflərin tətbiqi üçün bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, monoblok tipli dayaq bloklarının inşası, onların üzmə üsulu ilə böyük su tutumlu bənddə nəqli, üst tikililərin sənaye üsulu ilə sahildə hazırlanması, “Günəşli” yatağında inşa olunmuş 14 dəniz stasionar platformasından on biri məhz onun rəhbərliyi ilə qurulmuşdur. Təkcə bunu demək kifayətdir ki, həmin platformalardan 8 nömrəli platforma dənizin 140 metr dərinliyində inşa olunmuşdur ki, bu da Xəzər dənizi üçün hələlik rekord dərinlikdir və həmin  platformalardan 200-ə qədər quyu qazılmışdır. Bütün bu işlərin nəticəsi kimi indiki “Günəşli” yatağı Xəzərdə hasil olunan neftin 65 faizini, qazın isə 60 faizini verir. 
    Maraqlı məlumatlardan biri də budur ki, bütün bu göstəriciləri həyata keçirmək üçün Qurban Abbasov 200-dən çox müşavirə keçirmişdir. Həmçinin “Azəri”, “Çıraq”, “Kəpəz” kimi yataqların kəşfi, Neft Daşlarında dünyada analoqu olmayan 48000 kilovat gücündə qazturbinli istilik elektrostansiyasının tikilməsi, “Bahar” yatağında neft və qazın yığılmasında optimal sxemin yaradılması və digər bu kimi yeniliklərdə məhz onun adı çəkilir.  
    Bu yaxınlarda Payız kəndində olarkən kənd tam orta məktəbinin müəllimləri Əli Babayev, Niyazi Cəfərov, eləcə də bu kəndin yetirməsi olan keçmiş hərbçi Urfullah Qurbanov bildirdilər ki, hazırda kənddəki bu məktəb binasını 1984-cü ildə Qurban Abbasov tikdirib. Məktəb binası o qədər keyfiyyətlə tikilib ki, 2017-ci ildə binaya bir mərtəbə də əlavə olunub. Bundan əlavə, kəndin ortasından keçən çayın üzərindəki, təxminən, 100 metrlik körpünü də o saldırıb və müsahiblərimin sözlərinə görə, körpünün materialları o qədər sağlamdır ki, kənddə abadlıq işləri aparılarkən, sadəcə, körpünün üzərinə yeni asfalt qatı salınıb. Öyrəndik ki, qonşu Gülşənabad kəndindəki körpünü, Aşağı Buzqov kəndindəki tam orta məktəb binasını da Qurban Abbasov tikdirib. Əli müəllim bildirdi ki, Qurban Abbasov o dövrdə Şərur rayonundan deputat seçildiyinə görə Şərurda da böyük işlər görüb. Sayını tam bilməsə də, Şərur şəhərindəki bir sıra yaşayış binalarının,  eyni zamanda klub, kitabxana kimi mədəniyyət müəssisələrinin tikilməsi də onun tövsiyə və qətiyyəti hesabına başa gəlib. Həmsöhbətlərimdən bunu da öyrəndim ki, Payız kənd tam orta məktəbi, əslində, Qurban Abbasovun adını daşıyır, lakin kənd məktəbində yenidənqurma işləri yekunlaşdıqdan sonra məktəb binasının üzərinə bununla bağlı heç bir lövhənin vurulmasına icazə verilməyib. Məktəbin təşkilatçı müəllimi Əli Babayev isə onun xatirəsini yaşatmaq üçün öz iş otağında Neftçi Qurbana məxsus kiçik bir guşə ayırıb ki, həmin guşədə də bu qəhrəman insana məxsus diplom, partiyaya üzvlük kitabçaları, vəsiqə və bu kimi beş-altı adda sənəd saxlanılır. 
    Bunu da əlavə edim ki, Neftçi Qurbanın adına Bakıda – Lökbatan qəsəbəsində Mədəniyyət Sarayı, Bayılda küçə, Qaradağ rayonunda 288 nömrəli bir tam orta məktəb var. Amma təəssüflər olsun ki, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, SSRİ-nin Fəxri neftçisi, Azərbaycan SSR-in Əməkdar mühəndisi, Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülən, iki dəfə Lenin, “Qırmızı Əmək bayrağı”, “Şərəf nişanı” və “Şöhrət” ordenləri ilə təltif olunmuş Qurban Abbasovun adı ata yurdu Naxçıvanda əbədiləşdirilməyib. Halbuki Neftçi Qurban Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qurduğu milli neft strategiyasının təməlində əvəzolunmaz xidmətləri olan bir qəhrəmandır. Bu gün onun Payız kəndində doğulub boya-başa çatdığı ev mövcud olmasa da, (yaxın qohumu evi alaraq yerində yenisini ucaldıb) məktəbdə onun xatirəsini əbədiləşdirmək üçün daha geniş addımlar atmaq olar və yaxud Naxçıvan şəhərində adını hər hansı bir ünvana vermək mümkündür. Bu həm də görkəmli şəxsiyyətlər yetişdirən Naxçıvanın öz əziz övladlarına növbəti qiyməti olar. 

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 18.09.2023 19:40