AZ EN RU

Xəzərin sahillərində…

Naxçıvandan Bakıya, ordan da Lənkərana olan səfərimizin qeydləri

Sentyabr ayının ikinci həftəsi, axşam üstüdür. İki gündür ki, başladığım hazırlıq işləri yekunlaşıb, necə deyərlər, artıq sağollaşıb yola düşmək vaxtı çatıb. Həyatımda ilk dəfədir ki, doğulub boya-başa çatdığım Naxçıvan torpağından müvəqqəti olaraq ayrılıb başqa bir şəhərə, başqa mədəniyyətin, insanların olacağı diyara təhsil almağa gedirəm. Həyəcanlıyam, ona görə ki, hələ uşaqlıqdan başımızı üstündə hər gün şütüyən, öz səsi ilə insanda vahimə yaradan təyyarəyə mincək, onun kiçik pəncərəsindən dünya içindəki dünyamı – mənim ana yurdum olan Naxçıvanı bir də bu guşədən izləyəcək, qəlbimdə olan ən xoş arzularımı, diləklərimi ailəmə, jurnalist həmkarlarıma, sevdiklərimə arzulayıb səfərdən zövq almağa çalışacağam…

Ailəmlə sağollaşıb məhəllə başında məni gözləyən taksiyə əyləşib gedəcəyim ünvanı deyirəm: Naxçıvan Beynəlxalq Hava Limanı. Yol boyunca payız ətirli, qələbə soraqlı sentyabrın qəlbə xoşluq verən rayihəsini duymaq insanda xoş əhvali-ruhiyyə yaradır. Çox keçmir ki, bir çoxları kimi məni də, gözlərin zilləndiyi o sonsuz boşluqdan, xəyallardan aeroportun qulaqbatıran səs-küyü oyadır. Bəli, artıq ayrılmaq vaxtı çatıb. Elə şairlərin də dediyi kimi, sevdiklərimiz Allaha, arzularımız, xəyallarımız gələcək gözəl günlərə əmanətdir…

İllər əvvəl bir kitabda oxumuşdum. Müəllif yazmışdı ki, hava limanları və xəstəxanalar bu dünyada səmimi dualara, kövrək hisslərə, təmiz sevgilərə, qarşılıqsız eşqlərə ən çox şahid olan ünvanlardır. Hələ o illərdən düşüncəmi ovsunlayan bu sözlərin həqiqətini indi bütün reallığı ilə görürəm. Başqa bir müəllif isə belə əlavə edir: Bu dünyada soyuq torpaq altında yatan ölülər dirilərdən daha çox çiçək alır, çünki peşmanlıq təkəbbürdən daha üstün duyğudur. İnsan düşüncəsi təlatümlü dəniz kimidir, gah coşub sahilləri yuyan nəhəng dalğalara çevrilir, gah da bir ömür davam edəcəkmiş kimi sükuta qərq olur… Diqqətlə baxıram ətrafa, insanlar necə də səmimi vidalaşırlar bir-biriləri ilə. Bəlkə də bu məqama kimi, bu an olduğu qədər səmimi olmamışdılar, amma ayrılıq vaxtı yetişəndə hər şey dəyişir. Əbədi küskünlüklərin qucduğu təmənnasız sevgilər özünü mənəvi azadlığın qollarına atır, ordan da damla-damla göz yaşı olub yanaqlara süzülür…

Əlimə çantamı alıb gözləmə zalına daxil oluram. Bələdçi xanım yolçulara məlumat verir ki, təyyarə təxminən bir saat ərzində hava limanına yaxınlaşacaq. O zamana qədər insanlarla həmsöhbət olmaq, maraqlı müzakirələr etmək insanda xoş təəssürat yaradır. Tam səmimi etiraf edim ki, burada saatın necə gəlib keçdiyinin fərqinə belə varmıram. Vaxtın çatdığını isə başımızın üzərində asılan kiçik monitordan öyrənirəm. Çantamı alıb bayaqdan həmsöhbət olduğum insanlarla sağollaşıb, biletlərin qəbul edildiyi guşəyə yaxınlaşıram. Sərnişinlərə gülərüzlüklə xidmət göstərən bu gənc xanım böyük qonaqpərvərliklə sərnişinləri yola salır, onlara düzgün istiqamət verir. Bütün yolçular kimi mən də təyyarədə öz yerimi almaq üçün tələsirəm. Oxucularımıza bir şeyi səmimi etiraf edim ki, bu mənim təyyarəylə paytaxt Bakıya ilk səyahətimdir. Unudulmayacaq, hafizəmdən heç zaman silinmiyəcək ilk səyahət…

Biletimdə qeyd olunan nömrə üzrə mənim üçün ayrılan yeri tapıb orada əyləşirəm. Təqribən beş-on dəqiqə keçdikdən sonra təyyarədə hər kəsə ünvanlanan bir səs duyulur: “Diqqət, əziz sərnişinlərimiz. Sizinlə danışan yardımcı pilotunuzdur. Naxçıvan-Bakı reysində sizə xidmət etməkdən qürur duyuruq. İnanırıq ki, 1 saat 15 dəqiqəlik yolda rahat təhlükəsiz səyahət edəcək və bundan zövq alacaqsız. Sizdən xahiş edirik ki, təlimatımız üzrə bildirilən təklükəsizlik qaydalarına düzgün əməl edəsiniz. Kəmərlərinizi bağlayın, bir neçə dəqiqədən sonra uçuş başlayır, növbəti ünvan paytaxt Bakı şəhəridir”.

Pilotun sərnişinlərə etdiyi bu səmimi müraciətin üzərindən çox keçmir ki, təyyarəmiz hərəkətə gəlir, kəmərlər bağlanır, mobil telefonlar mənzil başına çatana qədər müvəqqəti söndürülür və ya uçuş rejiminə keçirilir. Təyyarə uçuş üçün üzüyuxarı qalxdıqca Naxçıvan şəhərinin gecələri sayrışan işıqları da özünü göstərir. Sanki bir kibrit qutusunu xatırladan binalar, mənzillər, tikililər insanda qeyri-adi maraq yaradır. Mənimlə birgə hər kəs kiçik pəncərədən asimanın ucsuz bucaqsız mənzərəsinə tamaşa edir. Bu guşədən məcnulluğa zillənmiş baxışların hər biri isə fərqli arzulara, xəyallara boylanır.

Geniş pambıq tarlalarını xatırladan ağ buludların üzərindəki səfərimiz, elə pilotumuzun da söylədiyi kimi 1 saat 15 dəqiqəyə başa çatır. Təyyarədən enərkən gəlişimizin xəbərini paytaxt Bakının gecə mənzərəsindən əvvəl təmiz Azərbaycan neftinin qoxusundan alırıq. Bir zamanlar dünyanı işıqlandırıb özü zülmətdə qalan qədim diyarımızın – Bakımızın bugünkü mənzərəsi necədə xoş və cəlbedicidir, cazibədardır. Tarixə müraciət etsək görərik ki, hələ lap qədim zamanlardan bu şəhər Cənubi Qafqaz regionunun ən məhsuldar yerlərindən biri olub. Coğrafi-strateji əhəmiyyəti ilə yanaşı zəngin təbii sərvətləri, o cümlədən təmiz nefti ilə dünya siyasətinin nəzərində olan Bakı son 50 illik dönəmdə böyük inkişaf yolu keçib. Tarixçi-alim, yazıçı-publisist Manaf Süleymanov “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında Bakı haqqında bir zamanlar yazırdı: “ …Ümumiyyətlə, şəhər küçələri torpaqlı və bərbad halda idi. Xəzri-giləvar əsəndə aləm toz pərdəsinə bürünür, göz-gözü görmür, bir həftə, on gün havada toz olardı. Yerli əhalinin səksən faizi traxoma azarına (xəstəliyinə) mübtəla idi. Yağış yağanda palçıq dizə qalxır, küçədə yer-yer gölməçələr əmələ gəlirdi, bir səkidən qarşı səkiyə keçmək olmurdu, bəzən hamballar adamları arxalarına alıb qarşı tərəfə keçirirdilər. Yay aylarında isə istidən nəfəs almaq olmurdu. Qoşqu heyvanları istidən çox əziyyət çəkirdi; görənlər nəql edirdi ki, fayton atları istidən ləhləyər, dözə bilməyib yıxılıb dizi üstə çökərdi. Faytonçu qaçıb həyətdəki quyudan su gətirər, heyvanın üstünə tökərdi. Bundan sonra atlar azaca özlərinə gələr, haçandan-haçana qalxardılar”. Yazçı Manaf Süleymanovun qəlb yanğısı ilə qələmə aldığı Birinci Dünya müharibəsindən sonrakı Bakının üzərindən artıq xeyli zaman keçib. Dövrünün bir sıra xeyriyyəçilərinin, milyonçu-mesenantların, xüsusən də Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov kimi maarifə, mədəniyyətə böyük əhəmiyyət verən şəxsiyyətlərin büdcəsi hesabına paytaxt şəhərimiz inkişaf etdi, yeniləndi. Hətta yerli Bakı sakinlərinin daima işlətdiyi belə bir ifadə də var: “Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi binaları çıxsaq, yerdə yalnız Ümummilli Lider Heydər Əliyevin tikdirdiyi binalar qalar”.

…Səhər çağı saat altıdır. Bakının bu həzin, amma gözoxşayan gecəsi öz yerini yavaş-yavaş Günəşin zərrin şəfəqlərinə verir, dan yeri ağarır. Bir az əvvəl şəhərə səs salan azanın sədası indi yerini işinə tələsən sakinlərin avtomobillərindən çıxan “siqnallara” verir. Bu şəhəri sevənlər yaxşı bilir ki, Bakının nəqliyyat şəbəkələrinin sıxlığı necə mürəkkəb quruluşa malikdir. Bir çox mərkəzi yollarda, gediş-gəlişin çox olduğu yerlərdə baş verən tıxaclar bəzən avtomobillərin, hətta sərnişinlərin belə rahat hərəkətini iflic edir. Təbii ki, bu da təsadüfi deyil. Tarixdən məlumdur ki, XIX əsrin sonlarından etibarən neft sənayesinin inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdı. 1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 kilometr uzunluğunda,1883-cü ildə isə 520 kilometr uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmişdi. Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868 ildə Bakı-Tiflis, 1879 ildə Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886 ildə isə şəhərdə ilk telefon xətti çəkildi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verildi və bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6 faizini verirdi. Paytaxt şəhərin hələ ötən əsrlərdən etibarən belə sürətli inkişafı, onun bu günkü müasir mənzərəsinin formalaşmasına şərait yaratdı.

Hava limanının yaxınlığında yerləşən “Naxçıvan” restoranında səhər yeməyi yeyib günə başlayıram. Hələ bura gəlməmişdən ağlımda cızdığım plan-proqramı yerinə yetirmək üçün ilk olaraq taksiyə əyləşib Dağüstü parka, Şəhidlər Xiyabanına gedəcəyimi söyləyirəm. Sürücü ilə ünvana çatana qədər olan səmimi söhbətimiz təqribən qırx beş dəqiqəlik yolun necə keçdiyini mənə hiss etdirmir. Həmsöhbət olduğum bu gəncin tələbə olduğunu, taksi xidmətində işləyib ailəsinə dəstək verdiyini, bu işə hələ uşaqlıqdan maraq göstərdiyini öyrənirəm. Deyəsən, o da mənim ləhçəmdən Naxçıvanlı olduğumu hiss edir və nənə-babasının da Naxçıvanda yaşadığını söyləyir…

Xəzərin sahillərində, paytaxt Bakı şəhərindəki ilk günümə Şəhidlər Xiyabanını ziyarət etməklə başlayıram. Paytaxtın “Dağüstü park” deyilən ərazisində yerləşən xiyaban həm də xalqımızın qürur yeri, mübarizlik guşəsidir. Hər bir azərbaycanlı yaxşı bilir, yaxşı dərk edir həmin hadisəni, həm kədəri, həm də qədəri birləşdirən o acı təqvimi…1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərimizin o müqəddəs qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir. O gecə keçmiş sovet ordusunun Bakıda törətdiyi qırğın, öz vətəndaşlıq hüquqlarını ifadə etmək, qorumaq üçün ayağa qalxmış dinc, silahsız insanların amansızlıqla qətlə yetirilməsi millətimizi varlığının dərinlikdən sarsıtdı. Həmin gecə sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdi. Lakin bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu. Bu gün şəhidlərimizin müqəddəs ruhları o illərdəki çətin, məşəqqətli ölkənin qəm pəncərəsindən yox, azad, müsətqil Vətən səmasından baxır Azərbaycana.

Sözügedən ərazidə həm də Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın, igid oğullarımızın, cəsarəti ilə düşmənə göz dağı verən mübariz qadınlarımızın – Salatınlarımızın, Gültəkinlərimizin uyduğu yer var…Bizim kimi paytaxtımıza üz tutan minlərlə turistin, qonağın ehtiramla ziyarətinə gəldiyi bu ünvanı göz izlədikcə qəlbimizdə sevinc qarışıq kədər, qürur baş qaldırır, sanki. Milli qəhrəmanlarımız Ələkbər Əliyev, Ramiz Qəmbərov, Səyavauş Həsənov, Məzahir Rüstəmov, Albert Aqranov, Gültəkin Əsgərov, Muxtar Qasımov və onlarla qəhrəman uyuyur burda, əbədi həyatın saf, təmiz ağuşunda. Ziyarət zamanı bir məzarın cazibəsi sanki məni özünə çəkir. Axı necə çəkməyə bilər? Bir halda ki, biz Xocalı soyqırımının acı həqiqətlərini onun yanğı dolu “mavi dünya”sından izləmişdik və bu gün də dünyaya izlədirik. Unutmaq olarmı bu gün də qulaqlarımızda çığnayan o sözləri: “Kadrı tez çək, Çingiz, ürəyim dözmür. Dayan qardaş, dayan, dayanmağa, dözməyə məcburuq… Ay Allah gör balaca uşağı nə günə qoyublar”. Onun məzarı başındayam. Qəlbimdə sanki illərdir qalaqlanmış hisslər dilimə, ordan da kağıza süzülür: “Salam, əziz həmkarım, idealım cənnətdəki 30 ilin mübarək olsun. Sən bu gün aramızda olmasan da tarixin yaddaşına köçürdüyün kadrlar hər bir azərbaycanlının qəlbində Çingiz adlı dünya yaradıb. Hər kəs sənin barədə ürək dolusu söyləyir: Çingiz Mustafayev, Xocalı həqiqətlərini tarixə köçürüb özü də tarix olan qəhrəman…

Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov kimi qəhrəmanlarla olan görüşüm o qədər maraqlı və yaddaqalan olur ki, sanki, zaman və məkan məfhumu özünü itirir mənim üçün. Düşünürəm…Bəlkə də Azərbaycan xalqı qədər dünya həyatında öz azadlığı, müstəqilliyi yolunda tarixin hər bir dövründə canla-başla mübarizə aparan ikinci bir xalq yoxdur. Min illərdir ki, əcdadlarımızın həyat eşqi, yurda, torpağa bağlılıq məramı əllərimizdən tutaraq səni, məni, onu, bir sözlə hər birimizi azadlığa, müstəqilliyə səsləyib. Bu yolda şəhidlərimiz də olub, qazilərimiz də. Amma unutmaq olmaz ki, şəhid varsa, torpaq da var, Vətən də. Şəhidlərə ölüm yoxdur Vətəndə!!!

Şəhidlər Xiyabanından sonra Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, siyasətinin qurucuları, memarları olan şəxsiyyətlərin uyuduğu Fəxri Xiyabanı ziyarət etmək Xəzərin sahillərindəki görüşün, bəlkə də ən arzu olunan hissəsidir. Bu iki ünvan arasında, təxminən 10-15 dəqiqə məsafə var. Bu yolu piyada şəkildə, ətrafda baş verən hadisələri müşahidə edə-edə qət etmək tamam fərqli zövq verir mənə. Məşhur Alov qüllələrinin qarşısından başlanan yolda şəhərin qələbəliyi, turistlərin çoxluğu, bir sözlə geniş izdiham bizi müşayiət edir. Ətrafda olub-bitənlərə, işinə tələsən insanlara, sevdiyi ilə şəhərin dadını çıxaran aşiqlərə, məşuqlara, şəhərin ən mərkəz hissəsində səyyar kitab satışı həyata keçirən kitabsevərlərə tamaşa edə-edə, beləcə, gəlib ünvana yetişirik. Budur, qarşımızda xalqının istiqbalı, hürriyyəti yolunda çalışan Vətən fədailərinin uyuduğu o müqəddəs məkan-Fəxri Xiyaban. Vaxt itirmədən içəriyə daxil olur, adi bir qəbristanlıq mənzərəsindən uzaq, sanki insanın ruhuna dinclik bəxş edən bağı xatırladan bu ünvanı ziyarət edirəm. Giriş hissədən qarşıya doğru uzanan geniş yol məni Ümummilli Lider Heydər Əliyevlə görüşə aparır. Qəlbimdə vəcdə gələn böyük sevgi və ehtiram hissi ilə abidəni seyr etdikcə, sanki dahi öndərimiz də illərdən fərqli olaraq vəsiyyəti yerinə yetirilmiş Ata qüruru ilə seyr edir canından çox sevdiyi, qibləgahı bildiyi məzarı üzərində heç solmayan tər gülləri gördükdə, bir daha dərk edirəm ki, əslində cismani ölümlər ayrılıq deyilmiş, əbədi həyata, əbədiyaşarlığa açılan qapı, həmişəyaşarlığa doğru uzanan yol imiş. Bu mənəviyyat guşəsinin tam qarşısında ömrünü xalqının sağlığına həsr edən elm adamı, görkəmli akademikimiz Zərifə xanım Əliyevanın məzarı var. Qəribədir, sanki taleyin qüdrəti idi ki, Uca Yaradan onların hər ikisini xalqımıza xilaskar olaraq seçmişdi. Dahi rəhbər, Ulu Öndər Heydər Əliyev Vətənimizin üzərindən qara buludları çəkib soydaşlarımızı işıqlı sabaha çıxarmış, Zərifə xanım isə öz şəfqətli əlləri ilə gözlərimizə nur bəxş edib o dünyanı görməyimizə kömək etmişdi…Allah sizə rəhmət eləsin, Vətən fədailəri!

Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə, mətbuatımızın “Leylək” imzalı fədaisi Əbdürrəhim bəy Haqverdiyev, “Şərq qapısı” qəzetinin ilk redaktor-nasiri Əvəz Sadıq, akademik Məmməd Cəfər Cəfərov, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Abdulla Şaiq, Bəxtiyar Vahabzadə, Səməd Vurğun, Rəsul Rza, Təbrizi Təbrizlə qon-qanad görmək eşqi ilə alışıb yanan Xəlil Rza, “Qırmızı terror” kitabı ilə amansız, qanlı Stalin repressiyasının təfərrüatlarını üzə çıxaran Ziya Bünyadov, Cabir Novruz, vətənin qeyrətdən yoğrulmuş məhək daşı kimi bütləşən böyük Məmməd Araz və neçə-neçə əvəzsiz, təkrarolunmaz şəxsiyyətlər uyuyur bu mənəviyyat guşəsində. Hər birinin ruhuna dərin hörmət və ehtiramla…

Fəxri Xiyabandan ayrılarkən yaddaşımızda həmişəlik qalacaq bu gün barədə isə, yalnız onu söyləyə bilərəm ki, yazdıqlarımız, qələmə, kağıza sığdırdıqlarımız yaşadıqlarımızın, hafizəmizdə dolub-daşanların sadəcə bir hissəsidir. Son olaraq da onu deyirik ki, paytaxt şəhərdən uzaqda yerləşən, Xəzər sahillərinin sərinliyi ilə qidalanan Lənkəran barədə təəssüratlarımız növbəti yazılarımıza mövzu olacaq. Bəli, Bakıdan sonra növbəti dayanacağımız Lənkəran şəhəri…

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 04.10.2023 17:30