AZ EN RU

Xeyirxahlıq və təşəbbüskarlıq rəmzi olan könüllülər hərəkatı

    Könüllülük ali dəyərlərə əsaslanan, soykökümüzə bağlı qarşılıqsız və nəcib bir fəaliyyət növüdür. Əsrlərboyu hər çətinliyə möhkəm xarakteri ilə qalib gələn soydaşlarımız bizə, yəni xələflərinə vətənpərvərlik, milli-mənəvi dəyərlərə bağlılıq, humanizm kimi insani xüsusiyyətləri miras buraxıb. Vətənin azadlığı uğrunda vuruşan, xalqa qalibiyyət sevinci yaşadan qəhrəmanlarımız da ən yeni tariximizin könüllüləri kimi bizə bütöv Azərbaycan eşqini təlqin etdi. Könüllülük həm də gələcəyimizə yatırımdır... 

Azərbaycanda könüllülər hərəkatı

Ölkəmizdə könüllülük və ya bu prinsipə əsaslanan fəaliyyət istiqamətləri müxtəlifdir. Sülhsevərlik, yardımsevərlik, çalışqanlıq xalqımıza xas olan əsas xarakterik amillərdəndir. Bu baxımdan da birgəlik, kollektiv əmək prosedurları mehribanlıqla icra olunub. Müasir dövrə nəzər yetirsək, görərik ki, Azərbaycanda könüllülüklə bağlı ilk addımlar ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin sonlarında atılıb. Belə ki, 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Pro­qramının birgə layihəsi əsasında 1998-2000-ci illərdən başlayaraq ölkədə könüllülük prinsiplərinin geniş təbliğinə başlanıldı. 2009-cu ildə Milli Məclisin “Könüllü fəaliyyət haqqında” Qanun qəbul etməsi ilə könüllülük fəaliyyəti yeni mərhələyə daxil oldu. Buna baxmayaraq, 2013-cü ilə qədər könüllülük kiçik komandaları əhatə edirdi. Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) yanında aktiv və konstant könüllü təşkilat olan “ASAN Könüllüləri” Təşkilatı (AKT) yaradıldı. Bu, artıq könüllülüyün hərəkat halına çevrilməsinə böyük zəmin yaradılması demək idi. Hərəkat minlərlə gəncin ilkin iş təcrübəsi toplamasına, öz peşəsinin incəliklərini öyrənməsinə, ən əsası isə özünü kəşf etməsinə böyük imkan yaratdı. Prezident cənab İlham Əliyevin 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan edilməsi barədə Sərəncamı isə gənclərin müstəqil dövlətimiz üçün sosial məsuliyyət hissinin güclənməsinə, onların öz potensialına inamının artmasına səbəb oldu. Ölkə başçısının bu fəaliyyət növünü şəxsən dəstəkləməsi və dövlət müstəvisində icrasına zəmin yaratması könüllülər üçün əsas stimulverici məqamlardandır. 
    “Ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Könüllülərin sosial sahədə, ictimai xidmətlər sektorunda töhfəsi aydın hiss olunur. Onlar cəmiyyətin maraqları naminə təmənnasız fəaliyyət göstərərək müxtəlif mədəni tədbirlərin, idman yarışlarının, ekoloji və sosial aksiyaların, təbliğat və maarifləndirmə kampaniyalarının uğurla keçirilməsində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında yaxından iştirak edirlər. Minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirmişdir”. Prezidentin bu fikirləri Naxçıvan gənclərinin də qatıldığı Azərbaycan könüllülərinin V həmrəylik forumunda iştirakçılara müraciətində öz əksini tapır. Bir faktı əlavə edək ki, Prezidentin tövsiyəsi ilə 2022-ci ildə “Qayıdış Könüllüləri” pro­qramına start verilib. Ali Baş Komandan kimi müzəffərliyə nail olan cənab İlham Əliyev ölkə başçısı kimi davamlı sülh, sabitlik və rifahın təmini üçün geniş və çoxşaxəli siyasi mübarizəsini qətiyyətlə davam etdirərkən bu proseslərə könüllü gənclərin də töhfə verəcəyinə inamını ifadə edir: “Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. İnanıram ki, siz könüllülər bütün qüvvə və bacarığınızı səfərbər edərək Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqsınız. Sizə bu nəcib amal naminə fəaliyyətinizdə nailiyyətlər diləyirəm”.

Naxçıvanda könüllülərlə
 işin təşkili

Muxtar respublikada son illər geniş vüsət alan könüllülər hərəkatında gənclərin müxtəlif sahələr üzrə şaxələnərək fəaliyyət göstərməsi həyata keçirilən işlərin intensivliyi və effektivliyindən xəbər verir. Bir sıra dövlət qurumları, təşkilatlar, o cümlədən ali və orta ixtisas təhsili müəssisələrində könüllü qrupları yaradılıb. Buna misal olaraq “İdman könüllüləri”, “Ekologiya könüllüləri”, “Turizm könüllüləri”, “Kitabxana könüllüləri”, “Sosial könüllülər” və “İlk yardım könüllüləri”ni, “Könüllü jurnalist”, “Məhkəmə könüllüləri” kimi layihələri qeyd etmək olar. Gənclərdən təşkil olunmuş “Estafet”, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” və “Gənc vətənpərvərlər” ictimai birlikləri könüllülüyü özündə ehtiva edən fəaliyyətlə məşğuldurlar. 
   Gənclər və İdman Nazir­liyi ilə Gənclər Fondu aidiyyəti qurumlar kimi öz fəaliyyət planında könüllülərlə işin təşkilinə xüsusi önəm verir. Hazırda yüzlərlə könüllü əməkdaşlarla birgə çalışır, ümumi məqsədlər uğrunda qüvvələrini səfərbər edir. Onlar, əsasən, tədbirlərin təşkilatçılıq işlərində və sosialyönümlü layihələrdə iştirak edirlər. İntellektual oyunların təşkili, moderatorluğu, texniki idarəçiliyi, tədbirlərin fotoçəkilişi, sosial media tərtibatları və ümumi təşkilatçılıq işlərində könüllü gənclərin imzasına rast gəlmək mümkündür. Qədim diyarımızın turizm potensialının tanıtımı və təbliğatında da könüllülərimiz aktivlik göstərir, bu mənada, öz yaradıcılıq imkanlarına uyğun olaraq addımlayırlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının yad edilməsi və tanıdılması məqsədilə nazirliyin sosial şəbəkə hesablarında yayımlanan “Qəhrəmanlar unudulmur!” adlı videoçarxlar da məhz könüllü gənclər tərəfindən hazırlanır. Onlar, həmçinin şəhid ailələri və qazilərlə keçirilən görüşlərin də daimi iştirakçılarıdır.

Naxçıvanda könüllü və kollektiv
 əməyin əsasları

Azərbaycanın ayrılmaz diyarı Naxçıvan çətin coğrafi mövqedə, blokadada yerləşməsinə baxmayaraq, müxtəlif ictimai-siyasi vəziyyətlərdən, iqtisadi çətinliklərdən birlik, bərabərlik və əzm sayəsində qurtulan diyardır. Bu da, birinci növbədə, insan əməyindən, qətiyyətli addımlardan irəli gəlir. Müxtəlif dövrlərdə naxçıvanlılar çətinlikləri əl-ələ, çiyin-çiyinə verərək min bir əziyyətlə geridə qoyub. Şübhəsiz ki, çətin günlər böyük insanları, böyük ürək sahiblərini kəşf edir. Nəticədə, çətinliklər aşılır, qayğıların öhdəsindən gələn enerjili cəmiyyət formalaşır. Kollektiv işləmə və könüllülük mexanizminin müasir modeli kimi inkişafı, tərəqqisi ilə adından söz etdirən hazırkı Naxçıvanımız ona könül verənlərin, yaşadanların əsəridir. Buradakı kollektiv əməyin davamlılığı və ənənəviliyi müxtəlif sferalarda özünü doğrultmaqla bərabər, yeni nəslin timsalında müasir könüllülər hərəkatının yaranmasına zəmin yaradıb. 

Könüllülüyə bənzər fəaliyyət modeli 

Könüllülüklə məşğul olan gənclər bu fəaliyyət sayəsində cəmiyyətə fayda verməklə bərabər, aidiyyəti sahələr üzrə təcrübə qazanmaq, işə qəbul imkanlarını artırmaq və özlərini inkişaf etdirmək şansı qazanırlar. Sosial mühitin bir parçası olan müasir könüllülük anlayışını müxtəlif istiqamətlər üzrə təcrübə və yüksəlişə zəmin yaradan vasitə də adlandırmaq olar. Lakin ilk vaxtlar bu işlə məşğul olmaq istəyənlər təşkilatların əhatə dairəsindən asılı olaraq bir və ya bir neçə sahə üzrə fəaliyyət göstərə bilərdi. Yəni müxtəliflik baxımından seçim məhdudiyyəti yaşanılırdı. Naxçıvanda könüllülər hərəkatı təşəkkül tapanadək artıq buna bənzər, lakin hər kəsin öz ixtisası, sahəsi üzrə fəaliyyət göstərə biləcəyi model tətbiq olundu. Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı ilə gənclərin məşğulluq probleminin həllinə yönələn, qurumlarda işçi seçimini sadələşdirən və kadr potensialını gücləndirən mexanizmin əsası qoyuldu. Digər bir tərəfdən könüllülük işinin potensialı ilk vaxtlarda bir çoxlarına qaranlıq qaldığı halda, sözügedən Sərəncam tərəflərin konkret vəzifə kodeksini əks etdirmişdi: Gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində fəal iştiraklarına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasını dəstəkləmək. 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamla hamiliklə bağlı icra olunan işlərdə innovativ üsulların tətbiqinə başlanıldı.

Könüllü gənclərin şəxsi inkişafı və təcrübə artımı

Muxtar respublikada könüllülərlə iş sahəsində atılan stimullaşdırıcı addımlar nəticəsində könüllülüyə maraq bir qədər də artıb. Gənclərin ötən il Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu çərçivəsində müxtəlif nominasiyalar üzrə mükafatlandırılması, bu il V Beynəlxalq Etnoidman Forumunda, ölkənin müxtəlif bölgələrində düşərgə formatında həyata keçirilən layihələrdə və Naxçıvanda keçirilən Ümumdünya Şahmat Olimpiadasında iştirakı könüllülərin motivasiya və təcrübə artımı baxımından sevindirici faktorlardır. Cari il muxtar respublikada könüllülük fəaliyyəti həyata keçirən qurumların bu sahə üzrə məsul şəxslərinin “Könüllülərlə iş üzrə İdarəçilərin İnkişaf Proqramı”nda, “Türk Dövlətləri Təşkilatının 1-ci Gənclər Könüllülük Təlim Pro­qramı”nda, eləcə də bir sıra Avropa ölkələrində gənclərlə iş sahəsini əhatə edən layihələrdə iştirakı isə bu sahədə yeni fəaliyyət metodlarının tətbiqinə zəmin yaratdı. 
    Qeyd edim ki, muxtar respublikada könüllü gənclərin şəxsi inkişafı, bacarıqlarının təkmilləşməsinə töhfə vermək məqsədilə müxtəlif təlimlər, seminar və kurslar təşkil olunur, ölkə­miqyaslı tədbirlərdə iştirak üçün dəstək göstərilir. Bu sahədə aktiv fəaliyyət göstərən gənclərin həvəsləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif intellektual, əyləncəli oyunlar, idman yarışları, ekskursiyalar təşkil olunur. Uğurlu könüllülük fəaliyyəti ilə seçilən gənclər düşərgə tipli layihələrə cəlb olunur, əlamətdar günlərlə bağlı mərasimlərdə mükafatlandırılırlar. 

Könlü şad olan işinə bir könüldən 
min könülə bağlanacaq

Müasir könüllülük müxtəlif sahələrin modern fəaliyyət mexanizminə uyğun olaraq daim yenilənir. Çağdaş dövrün yenilikləri isə daha çox innovativ biliklərə əsaslanır. Könüllülər gənclərin müasir bilik və bacarıqlarının balanslı, eləcə də aidiyyəti üzrə formalaşdırılması, qiymətləndirilməsi vacib elementdir. Ali Məclisin Sədri 2019-cu ilin aprel ayının 15-də “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədə dediyi kimi: “Gənclər ideya və bacarıqlarına uyğun istiqamətləndirilməli, onların ideyaları sosial şəbəkələr vasitəsilə yayılmalı, fərqlənən gənc­lər mükafatlandırılmalıdır”. 

Emil SƏMƏDOV
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı 

Nəşr edilib : 07.12.2022 18:35