AZ EN RU

Xeyirxahlığa, həmrəyliyə vəsilə olan bayram tədbirində yaşananlar...

Bazar günü səhərin erkən çağından yolumuz son dövrlərdə əlamətdar gün və bayram tədbirlərinə yüksək səviyyədə ev sahibliyi edən, muxtar respublikamızın yaşıl donlu, mərcan gözlü təbiət gözəli, turizm azarkeşlərinin sevimli məkanı sayılan Batabat yaylağınadır. Klassikliyini qoruyub saxlayaraq günü-gündən daha da müasirləşən Naxçıvan şəhərindən dağlar qoynunda gözəllik işığı kimi parlayan,  Ağbulaq İstirahət Mərkəzi, Çınqıllı suyu, Badamlı zavodu, yetirib-bitirdiyi min cür naz-neməti, müasir görkəmi ilə elləri özünə heyran qoyan Şahbuz rayonunadək uzanan yolun hər addımı inkişafdan, tərəqqidən söhbət açır, zəhmətkeşliyin, əməksevərliyin bu yerlərin insanını necə mənən ucaldtığından danışır. Yolboyu avtomobilimizin yanından ötüb keçən müxtəlif bölgələrimizə məxsus maşın karvanı bayram tədbirinin necə qonaqlı-qaralı olacağını müjdələyir. Müstəqillik illərinin bəhrələri sayılan müasir kəndləri seyr edə-edə qısa zaman çərçivəsində rahat asvalt yolla “Batabat” restoranını, Şahbuz Dövlət Təbiət Qoruğunu, Batabat Astrofizika Rəsədxanasını ötərək üzüyuxarı qalxıb ünvana yetişirik...

Budur, artıq qarşımızdadır Batabat gölünün hövzəsində Şahbuz Rayon İcra Hakimiyyətinin təşkil etdiyi, xeyirxah əməllərə, saf niyyətlərə, həmrəy ideyalara vəsilə olan Qurban bayramının təmtərağı. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məxsus istedadlı qadınların əl işlərindən ibarət səyyar sərgi-satış, ailə təsərrüfatları istehsalı olan müxtəlif cür şirniyyat növləri, bişirilən kabab, dəm alan samovar çayı, Şahbuz dağlarının cana məlhəm otları ilə adət-ənənəmizə uyğun şəkildə hazırlanan kətələr, sərin içkilər qonaqlara əsl bayram əhval-ruhiyyəsi yaşadır. Şahbuz Rayon Mədəniyyət İdarəsinin yallı rəqs kollektivinin, “Batabat” İnstrumental Ansamblının, müğənnilər Əbülfəz Məmmədovun, Nəsib Lazımlının, Özər Hacıyevin və başqalarının rəngarəng, milli ruhlu, vətənpərvərlik mövzusuna həsr olunan bənzərsiz ifaları tədbiri daha yaddaqalan, zövqoxşayan ab-havaya kökləyir. Bir tərəfdə kiçikdən-böyüyə hər kəs bayramı yüksək əhval-ruhiyyədə, iaşə xidmətlərindən yararlanaraq, gölün fonunda şəkillər çəkdirərək xoş ovqatla qeyd edir, digər tərəfdə ehtiyacı olan ailələr üçün şahbuzlu təsərrüfatçılar tərəfindən qurbanlıqlar da kəsilib paylanır. Bir qədər bu könülaçan mənzərələri seyr etdikdən sonra yaxından-uzaqdan təşrif buyuranlarla hal-əhval tutmağa, həmsöhbət olub fikirlərini öyrənməyə çalışırıq. Batabata üz tutan qonaqlar arasında muxtar respublikamızın bütün bölgələri ilə yanaşı, Bakı şəhərindən gələnlər də var. Onlardan biri Vətən müharibəsində şücaət və qəhrəmanlıq nümunəsi göstərərək əzəli torpaqlarımızın əbədi azadlığa qovuşmasında pay sahibi olan şəhid leytenant Ramin Quliyevin bacısı Simuzər Quliyevadır. Qardaşının keçdiyi döyüş yolundan böyük qürurla danışan Simuzər xanım deyir ki, bütün şəhid ailələri kimi, biz də dövlətimizin daim diqqət və qayğısını, insanların hörmətini, ehtiramını görür, hiss edirik: -- Naxçıvana gəlişim təsadüfi deyil. Bu torpaq mənim üçün çox doğma və əzizdir. Çünki uşaqlıq çağlarım anamın dünyaya göz açdığı Şahbuz rayonunun Külüs kəndində keçib. Buraya axırıncı gəlişim isə 7 il bundan öncəyə təsadüf edir. Aradan keçən bu qısa zamanda həm Naxçıvanın, həm də Külüs kəndinin siması xeyli dəyişilib. Burada olduğum 2 gün ərzində qohumlarımla birgə qədim diyarın bir sıra görməli yerlərini gəzmişəm. Sahil Parkında, “Əyləncə adası”nda, Möminə xatın türbəsində olmuşam. Batabatda Qurban Bayramı ilə əlaqədər tədbirin keçiriləcəyini öyrənən kimi iştirak etmək qərarı verdim. Yeddi ildən sonra bir daha əmin oldum ki, Batabat həqiqətən də əsl cənnətməkandır. Bir tərəfdə göl, üzən ada, Zorbulaq, digər tərəfdə də al-əlvan güllərlə, çiçəklərlə bəzənən yaşıllıqlar, dağ vüqarlı sildırım qayalar, ecazkar quruluşa malik dərələr, təpələr... Havası da çox təmizdir, suyu da. Bayram tədbiri də yüksək səviyyədə təşkil olunub, musiqilər, ifalar zövqümüzü oxşayır. Ləziz kətələrin də dadına baxırıq. Samovar çayı da lap yerinə düşüb. Qurban xeyirxah əməllərin, həmrəy arzuların bayramıdır. Batabatda keçirilən bu tədbirdə iki vacib məqamın şahidi oluram. Bir tərəfdə ehtiyacı olan ailələrə qurban payları verilir, digər tərəfdə də isə insanlar bir-biri ilə deyir-gülür, mehriban münasibət yaradır, qohumlar, dost-tanışlar bir araya gəlir, olanlardan-keçənlərdən söhbət edir. Öyrəndim ki, Batabatda belə tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Məncə bu həm gözəl məkanın təbliği, tanıdılması, həm də insanların bir-birinə doğmalaşması, dostluqların qurulması, milli-mənəvi dəyərlərin yaşadılması baxımından olduqca təqdirəlayiq addımdır. Tədbirin təşkilində əməyi keçənlərə minnətdarlıq edirəm.

Digər müsahibimiz Samirə Məmmədova Naxçıvan şəhərində yaşayır. O deyir: -- Batabatda keçirilən bayram tədbirlərində ailəlikcə iştirak edirik, təşkilatçılıqdan çox razıyıq. Burada yaradılan hər bir şərait insanların mədəni istirahəti üçün geniş imkanlar yaradır. Biz də bu fürsətdən yararlanıb həm bayramı gözəl şəkildə qeyd edir, həm də necə deyərlər asudə vaxtımızı səmərəli keçiririk. Tədbirdə əl işlərindən ibarət sərginin təşkili də ürəyimcə oldu. Bu gələn qonaqların Naxçıvanla bağlı xoş anlarını daim xatırladacaq süvenir hədiyyələr almaq istəyənlər, aksesuar, bəzək əşyaları sevənlər üçün gözəl fürsət olmaqla yanaşı, istedadlı qadınlara verilən yüksək qiymət kimi bir xanım olaraq məni qürurlandırdı. Sərgi-satışda Vətən müharibəsində ordumuzun parlaq qələbəsini əks etdirən əl işləri xüsusilə diqqətimi çəkdi və bir neçəsini aldım. Musiqi, rəqs və folklor qruplarının milli geyimdə çıxışlarını da maraqla izləyirik, övladlarımız da doyunca əylənir, çoxlu şəkillər çəkdirirlər. Bir azdan Zorbulağın suyundan dadmağa da gedəcəyik. İaşə xidmətlərindən də çox razıyıq, ləziz qutabların dadına baxdıq, samovar çayından içdik. Qurban bayramını belə təmtəraqla qeyd etməyimiz üçün yaradılan şəritə görə ailəmiz adından təşkilatçılara minnətdarlıq edirəm.

Bakı şəhər sakini Sədaqət Hüseynova da qohum-əqrəbası ilə birgə Batabatda keçirilən bayram tədbirində iştirak edir. Muxtar respublika barədə fikirlərini bölüşərək deyir: -- Naxçıvan mənimçün doğmadır. Çünki uşaqlığım bu torpaqlarda keçib. Uzun illərdir burdan çıxmağıma baxmayaraq hər dəfə fürsət tapdıqca gəlməyə çalışıram. Hər dəfə gəldikdə isə dogma diyarımın inkişafı, tərəqqisi necə deyərlər, ürəyimi dağa döndərir. Mütəmadi olaraq sosial şəbəkələrdə Naxçıvanı izləyir, yeni məlumatları sosial media hesablarımda paylaşaraq muxtar respublikanı təbliğ etməyə çalışıram. Gözəl Şahbuzumuzun təbiət gözəli Batabat yaylağında son zamanlar keçirilən belə tədbirləri çox izləyirdim. Bu gün xoşbəxtəm ki, belə bir tədbirə şahidlik edirəm. İnsanlar xeyirxah əməllərə xidmət edən belə tədbirlərdən mənəvi zövq alır. Burada müqəddəs Qurban bayramı münasibətilə qurbanlar kəsilir, ehtiyacı olan ailələrə paylanılır. Xalq musiqiləri, rəqslər ifa edilir. Göstərilən iaşə xidmətləri isə istirahət edənlərin, yaxından uzaqdan gələnlərin zövqlü mədəni istirahətini təmin edir. Sevincliyəm ki, xalqımız firəvan günlərini bu cür bayram tədbirləri ilə qarşılayır.

Naxçıvan şəhər sakini Nadir Babayevin də bayram tədbiri ilə bağlı fikirləri maraqlıdır: -- Ailəmlə birlikdə gərgin iş həftəsindən sonra şəhərin səs-küyündən uzaq təbiət qoynunda dincəlməyi planlaşdırırdıq. Bu müddətdə sosial mediada Batabat yaylağında belə bir bayram tədbirinin reklamı ilə rastlaşdıq. Həm bayramı gözəl şəkildə qeyd etmək, həmdə dağ havasından mənəvi zövq almaq üçün üz tutduq sözügedən ünvana. Burada bayram tədbirlərinin keçirilməsi artıq ənənə halını alsa da, bizim iştirakımız ilkdir. Təşkilatçılığı çox yüksək qiymətləndirirəm. Belə bayram tədbirləri nə qədər çox təşkil olunsa, gənclərimiz soykökümüzə, adət-ənənələrimizə, ümumxalq bayramlarımıza bir o qədər bağlı olarlar. Burada yerli sakinlərlə yanaşı muxtar respublikamızda olan qonaqlar da iştirak edirlər. Onlar da muxtar respublikamızın təbiət gözəllikləri ilə tanış olur. Bu bir növ həm də doğma diyarımızın təbliğidir. Mən də ailəmlə birlikdə xoş gün keçirirəm. Həm gəzib dolanır, həm də mənəvi zövqümüzü təmin edən bayram proqramına şahidlik edirik. Belə tədbirlərin davamlı olması arzusu ilə xalqımızı müqəddəs Qurban Bayramı münasibətilə təbrik edirəm.

...Günortadan bir xeyli keçir, axşamüstünün buz kimi daö havasını ətrafa yayan sərin mehi əsməyə baslayır. Artıq təbiət gözəli Batabat növbəti qonaqlarını da böyük razılıqla, könül xoşluğu, minnətdarlıq hissi ilə yola salır. Növbəti bayram tədbirlərinin də belə yüksək-əhval ruhiyyədə, xoş ovqatla, şən, deyə-gülə keçməsi diləyi ilə...

Nail ƏSGƏROV

Telli Məmmədova

Nəşr edilib : 11.07.2022 19:03