AZ EN RU

Xəyalə Dadaşova Culfa rayonunda təsərrüfat sahibləri ilə görüşüb

    Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyevin iştirakı ilə Culfa rayonda təsərrüfat sahibləri ilə görüşüb.
    Görüşdə nazir müavini Xəyalə Dadaşova ölkə başçısı cənab İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, bu sahənin inkişafı istiqamətində qəbul edilmiş qərarlardan, verilən subsidiyaların əhəmiyyətindən danışıb. Muxtar respublikada kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək tədbirlər barədə təsərrüfat sahiblərinə məlumat verib. 
    Görüş zamanı təsərrüfat sahiblərinin qaldırdıqları məsələlər, əsasən, təsərrüfat suyu  ilə təminat, mütərəqqi suvarma sistemlərinin lizinq yolu ilə əldə olunmasına köməkliklərin göstərilməsi, yaylaq bölgüsünün düzgün aparılması, heyvandarlığın və damazlıq quşçuluğun inkişafına kreditlərin ayrılması və digər məsələlərlə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib. 
    Tədbirdən sonra Culfa rayonu ərazisində əkinçilərlə söhbət aparılıb və taxıl əkini sahələrinə baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı 
Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 07.06.2023 10:46