AZ EN RU

Xədicə Zeynalova: “Elə bir musiqi əsərim yoxdur ki, orada milli ideologiyamızı, dəyərlərimizi xarici ölkə dinləyicilərinə çatdırmayım”

Rubrikamızın qonaqlarından biri də Almaniyanın Detmold şəhərində yaşayan, musiqi, mədəniyyət sahəsi üzrə ölkəmizi uğurlu təmsil və təbliğ edən Xədicə Zeynalovadır.

Xoş gördük, Xədicə xanım, istərdim əvvəlcə oxucularımıza öz haqqınızda məlumat verəsiniz...

Xoş gördük, sizi Almaniya azərbaycanlıları adından salamlayıram. Mən Xədicə Zeynalova bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniyada yaratdığım “Bridge of Sound” orkestrinin bədii rəhbəri, eyniadlı cəmiyyətin yaradıcısı və sədri, Almaniyada “Harmony of sound” adlı Beynəlxalq Musiqi Festivalının yaradıcısı və bədii rəhbəriyəm. Sumqayıt şəhərində ziyalı ailəsində anadan olmuşam. 1994-2000-ci illərdə Bakı Musiqi Akademiyasını bəstəkarlıq və musiqişünaslıq üzrə fərqlənmə diplomu ilə bitirmişəm. Müxtəlif teatrlarla əməkdaşlıq edərək 10-dan çox tamaşaya musiqi bəstələmişəm. Azərbaycan Bəstəkarlar İttifaqının üzvü kimi 1999-cu ildən müxtəlif musiqi festivallarında, plenumlarda və konsertlərdə öz əsərlərimlə çıxış etmişəm.

2005-2006-cı illərdə Almaniyanın məşhur Detmold Konservatoriyasında (Hochschule für Musik Detmold) bəstəkarlıq üzrə professor Martin Kristof Redelin sinfində təhsilimi davam etdirmişəm. İlk azərbaycanlı bəstəkar və musiqişünas olaraq “Azərbaycanın 20-ci əsr musiqi mədəniyyəti və Qərb musiqisinin təmayülləri” mövzusunda dissertasiya müdafiə etmişəm. Bu dissertasiya Almaniyada musiqi mədəniyyətimiz haqqında alman dilində yazılmış 400 səhifəlik ilk elmi iş və kitabdır. 2013-cü ildə dissertasiya elmi işim Almaniyanın məşhur “Peter-Lang Verlag” nəşriyyatında çap edilib və bir çox ölkələrdə yayılıb. Bəstəkar və musiqişünas kimi 30-dan çox kitab və dərsliklərin müəllifiyəm. Əsərlərim və kitablarım Azərbaycan, Almaniya, Hollandiya və İngiltərədə uğurla nəşr edilib.

2000-ci ildə Simfonik poema” əsərim Azərbaycanda bəstəkarlıq üzrə keçirilən İlin ən yaxşı əsəri” adlı beynəlxalq müsabiqədə simfonik əsər nominasiyasında birinci yerə layiq görülüb. Mükafatlandırılma mərasimində Ümummilli Liderimiz Heydər Əliyev məni təbrik edərək diplomla təltif edib.

2013-cü ildən Detmold Musiqi Konservatoriyasında və Paderborn Universitetində dosent vəzifəsində çalışır, peşəkar bəstəkar, pianoçu, orqan ifaçısı, musiqişünas və pedaqoq kimi fəaliyyət göstərirəm.

2020-ci ildə Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və 2020-ci ildə diaspor quruculuğu işində göstərdiyim xüsusi fəallığa görə” təşəkkürnamə, 2021-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Nizaminin 880 illiyi” medalı, Nizami və Yunus Əmrə ilində Türksoyun təşkil etdiyi “Türk dünyasının şah əsərləri” layihəsində bəstəkar kimi “Təşəkkürnamə” və Azərbaycan Mədəniyyətinin beşiyi sayılan Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilmişəm.

Bir bəstəkar kimi Almaniyada Azərbaycan musiqisinə münasibəti necə dəyərləndirirsiniz? Bu sahədə hansı təbliğat işləriniz olub?

Almaniyada yaşadığım 18 il ərzində müxtəlif konsertlərin həm təşkilatçısı, həm də müəllifi olmuşam. Beynəlxalq musiqi festivallarında və müsabiqələrdə bir çox xarici musiqiçilər, dirijorlar və bəstəkarlarla eyni səhnəni bölüşmüşəm.

2007-ci ildən ilk azərbaycanlı qadın bəstəkar kimi Almaniyanın aparıcı Performans Hüquqları Təşkilatı olan GEMA-nın və 2023-cü ildən “Beynəlxalq Qadınlar Musiqidə” İttifaqının üzvüyəm.

2015-ci ildə Almaniyada mənim viola və akkordeon üçün “Səma” əsərimi ilk dəfə “Duo MARES” Holland ansamblı ifa edib. Fleyta triosu üçün yazılmış 3 hissədən ibarət olan “Lamento” əsəri Azərbaycanın musiqi beşiyi olan Şuşaya həsr olunmuş bir kompozisiyadır. Bu əsər ilk dəfə Almaniyanın Aachen şəhərində keçirilən 20 illik yubiley konsertində ifa olunub.

“Qarabağ süitası” adlı 5 hissəli əsərim 2018-ci il mayın 17-də Detmoldda ifa olunub. 2016-cı ildə yazdığım bu əsər həmin ildə baş verən aprel döyüşlərinin təəssüratından yaranıb. Solo fortepiano üçün yazılmış 5 hissədən ibarət olan süitanın I hissəsi “Prelyudiya”, II hissə “Şuşa qalası”, III hissə “Cıdır düzü”, IV hissə “Laylay”, V hissə isə “İstiqlal marşı” adlanır. 2021-ci ilin noyabr ayında tarixi qələbəmizə həsr olunan Zəfərə doğru”, Harmony of sound” adlı ilk alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalını yaratmışam. Festival Odlar diyarından zəfərə doğru” adı altında Azərbaycanın zəngin musiqi mədəniyyətinə həsr edilib və Almaniyada 3 gün ərzində 3 müxtəlif şəhərdə keçirilib. Festivalda bütün qonaqlara və dinləyicilərə Xarıbülbül” döş nişanları təqdim edilib.

Bridge of sound” ansamblının və təşkilatının yaradılmasının məqsədi, fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

2016-cı ildə “Bridge of sound” ansamblı və 2017-ci ildə eyniadlı təşkilatı yaratmağımın əsas məqsədi ölkəmizi, Azərbaycanımızın zəngin musiqi mədəniyyətini bütün dünyada layiqincə tərənnüm və təbliğ etməkdir. Təşkilat yarandığı ilk gündən indiyədək ölkəmiz üçün bir çox əhəmiyyətli layihələr, konsertlər və tədbirlərə imza atıb. Bunlara nümunə olaraq qeyd etmək istərdim: “Bridge of Sound” ansamblı 2017-ci il oktyabrın 21-də Detmold şəhərində alman-Azərbaycan diplomatik əlaqələrinin 25 illik yubileyinə həsr olunmuş “Odlar ölkəsi Azərbaycandan lövhələr” adlı konsert təşkil edib. 2019-cu ildə “Odlar ölkəsindən – Azərbaycan və Almaniya arasında körpülər” adlı mənim ilk Debüt CD-im Almaniya Mədəniyyət Nazirliyinin dəstəyi ilə işıq üzü görüb. Həmin CD Albomumu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr etmişəm. 2021-ci ildə Türkiyənin 4 şəhərində keçirilən Yunus Əmrə və dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş “Türk dünyasının şah əsərləri” tədbirlərində mənim orkestr üçün “Nizami” və “Journey to Love” əsərlərimin 4 müxtəlif orkestrin ifasında böyük uğurla premyerası keçirilib.

Almaniyada yaşayan azərbaycanlıların həmrəyliyinə, birliyinə xidmət edən ən yaddaqalan layihəniz hansı olub, əhəmiyyəti nədən ibarət idi?

Almaniyada yaşadığım 18 il ərzində ürəyim daim Vətənim Azərbaycanla döyünüb. Bu illər ərzində elə bir konsert və layihəm olmayıb ki, orada vətənim haqqında danışmayım, elə bir musiqi əsərim yoxdur ki, orada milli ideologiyamızı və öz milli dəyərlərimizi xarici ölkə dinləyicilərinə çatdırmayım. 2022-ci ilin aprel ayında Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı mənim xatirəmdə iz buraxıb. Şuşaya ilk səfərim məndə o dərəcədə xoş təəssürat yaratdı ki, təsirlənərək “Şuşa” simfoniyasını bəstələdim. Bütün layihələrim mənə çox doğmadır, çünki mən hər layihə üzərində bir neçə ay və il çalışıram. Ən gözəl və yadda qalan layihələrimdən biri “Bridge of sound” orkestrimlə Almaniyanın Berlin şəhərində 2022-ci il noyabrın 8-də Zəfər Günümüzə həsr etdiyim layihə oldu. Orada mənim 4 hissəli “Şuşa” simfoniyam orkestrimin ifasında böyük uğurla səsləndi

Xaricdə yaşayan azərbaycanlı kimi, sizə görə həmrəylik nədir, necə olmalıdır? Hər il 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü Almaniyada hansı formada qeyd edirsiniz?

Bu gün mən qalib xalqın nümayəndəsi olaraq çox böyük qürur hissi keçirirəm. Həmrəylik mənim üçün birlik deməkdir, ölkəmizin tarixini, mədəniyyətini xarici publikaya yüksək səviyyədə təbliğ etməyi bacarmaq deməkdir. Biz azərbaycanlılar bayram ərəfəsində bir yerə yığışırıq və həmrəyliyimizi təntənəli şəkildə qeyd edirik. İstərdim ki, bütün həmvətənlərimiz hansı ölkədə yaşamalarından asılı olmayaraq, hər zaman Azərbaycanımızı sevərək layiqincə təmsil etsinlər. Mən bütün Azərbaycan xalqını, sizi və kollektivinizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, işlərinizdə uğurlar diləyirəm.

Biz də sizi təbrik edir, Azərbaycançılıq, həmrəylik ideyası naminə fəaliyyətinizdə uğurlar arzulayırıq!

Nail ƏSGƏROV

 

Nəşr edilib : 30.12.2023 12:27