AZ EN RU

Xatirələr qanadında yaşatdığım tut ağacım

Bu dəfə Sədərək rayonunun zəhmətkeş ailə təsərrüfatçıları Mehparə xanım və Bəsti ana ilə birlikdə tut doşabı hazırladıq. Əvvəlcə tutu çırpdıq, sonra onu təlislərə yığıb, şirəsini süzməsini gözlədik. Şirəni ocaqda həzin-həzin yanan odun üzərində doşab olanadək qarışdırdıq. Elə sevinirdim ki, elə bil, yenidən 14-15 yaşlarıma qayıtmışdım. Görüntülərdə də sevincimi sezmək olur. Çünki həmin anlar mənə tutla bağlı uşaqlıq xatirələrimi yadıma saldı. Kövrəldim, həm də uşaqlaşdım. Qəribə hisslər keçirdim.

Yaşanan o xoş xatirələrin üzərindən illər ötsə də, bugünkü kimi yadımdadır. Doğulub, boya-başa çatdığım Ordubad rayonunun Bist kəndində “kəfşən” adlı yerdə tut bağımız vardı. Babam burada ağac əkərkən onlara övladlarının, sonralar isə nəvələrinin adını verərmiş. Hələ babamdan əvvəl onun atası da elə bu adətlə ağac əkərmiş. Bağdakı tut ağaclarının sayını artıq özünüz təsəvvür edin. Elə ki yaz gələr tut yetişərdi, hər ağacda ad daşıyanlar, elə həmin ağacın da məsuliyyətini daşıyardılar.

Tut yetişəndən sovuşana qədər hər kəs bu məhsulun tədarükündə iştirak edərdi. İki-üç gündən bir ağaclar məhsul üçün silkələnər, yığılan tutdan müxtəlif azuqələr hazırlanardı. Babam deyərdi ki, hələ müharibə dövrünün qıt vaxtlarında camaat yayda bu ağacın meyvəsilə, qışda isə ondan hazırlanan azuqələrlə qidalanar, dost-tanışa da pay göndərməyi unutmazmışlar. Tutun çırpılmasına gəldikdə isə əsl tamaşa idi. Bu məhsulun yığımında cecimdən istifadə olunardı. Silkələnən budaqlardan qopan tutlar bu cecimlərin içərisində toplanar, sonra isə təmizlənərək ayrı-ayrı qablara yığılardı. Bəzən də elə olardı ki, xəfif külək əsər və tutları çəmənliyin üzərinə tökərdi. O zaman hamımız toplaşaraq böyüklərə kömək edər, tökülmüş tutları qısa bir zamanda yerdən toplayardıq. Nənəm isə tez ləyəni götürüb tutları yığar, gün çıxan tərəfə sərər, qurudardı. Evə bir qonaq gələndə süfrəyə qənd, konfetlə yanaşı, tut qurusu da gətirərdi. Özü isə çay içərkən babamla birlikdə tut qurusuna üstünlük verər, tutun sağlamlığa faydasından danışar və hər kəsə daha çox istifadə etməyi tövsiyə edərdi. Nənəmin doşab bişirməyini də maraqlı səhnə kimi xatırlayıram. Böyük qazanlarda ocağın üzərinə asdığı tutu arada qarışdırar, yanmamasına diqqət edərdi. Deyərdi ki, soyuqdəymənin əsl dərmanıdır, qışın oğlan çağında iki-üç qaşıq içsən xəstəlik də səndən yan keçər.

Bu ağacın həm də yarpağı əsl gəlir mənbəyidir. Keçmişdən bu günə tərəzinin bir gözünə ipəyi, bir gözünə qızılı qoyublar. Buna görə də tutçuluq naxçıvanlıların sevimli məşğuliyyəti olub, hər kəs tut ağaclarına, sözün həqiqi mənasında, çörək ağacı kimi baxıb. Elə bu gün də tut kənd adamlarının dolanışıq yeridir.

 Gülcamal TAHİROVA

Nəşr edilib : 10.06.2024 14:05