AZ EN RU

Xatirə Muzeyində hamiliklə bağlı açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xatirə Muzeyində Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində muzeylərin rolu”mövzusunda açıq dərs keçirilmişdir.

Tədbiri Nazirliyin şöbə müdiri Gülbuta Babayeva giriş sözü ilə açaraq qeyd etmişdir ki, müasir cəmiyyətdə muzeylər təkcə elmi-marifləndirici müəssisə deyildir, həm də şəxsiyyətin inkişafı və təlim tərbiyəsində böyük rol oynayan mədəniyyət ocağıdır. Müasir şəraitdə, müstəqilliyimizi yaşadığımız dövrdə muzeylər şəxsiyyətin, fərdin, bütövlükdə cəmiyyətin, xalqın ümumi tərəqqisində, ümumi dünyagörüşünün formalaşmasında, maraq dairəsinin daha da artmasında, elmi, mədəni, təhsil, mənəvi estetik tərbiyəsinin yüksəldilməsində çoxsahəli və səmərəli fəaliyyət göstərir. Muxtar respublikanın muzeylərinin təhsil müəssisələri ilə əlaqəli işinə xüsusi diqqət yetirilir.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair” sərəncamlarına əsasən muzeylərdə tələbələrə açıq dərslər, mühazirələr, dəyirmi masalar, konfrans və görüşlər, təcrübələr keçirilmişdir.Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində muzeylərinrolundan bəhs edilmiş, Nazirliyin tabeliyində olan muzeylər tərəfindənbu sahədə görülmüş işlər barədə məlumat verilmişdir.

Xatirə Muzeyinin direktoru Aytən Qasımova“Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Xatirə Muzeyinin rolu” mövzusunda çıxış etmişdir.

Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.03.2022 15:30