AZ EN RU

Xarici universitetlərdə təhsil alan gənclərin “Şəbəkələşmə” tədbiri keçirilib

  Ölkəmizdə ilk dəfə olaraq  Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə  xaricdə yaşayan və xarici universitetlərdən məzun olan azərbaycanlı gənclərin “Şəbəkələşmə” tədbiri keçirilib.

       Tədbirin açılışında Azərbaycanlı Tələbə və Məzunlar Platformasının icraçı direktoru Rafael Hacıbəyli, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin rəhbəri Faiq Məmmədov, Azərbaycan-Fransa Məzunlar Birliyinin sədri Vazeh Əsgərov, Azərbaycan-İsveç Tələbə və Məzun Şəbəkəsinin prezidenti Hakimə Şirəlizadə, Azərbaycan-Böyük Britaniya Məzunlar Birliyinin sədri Günel Musayeva, ABŞ Təhsilli Azərbaycanlı Məzunlar Birliyinin sədri Nail Axundzadə, Azərbaycan-Çin Məzunlar Assosiasiyasının həmtəsisçiləri Hikmət Zeynallı və Fərahim Hüseynzadə, İsveçrə Məzunlar Birliyinin sədri Elmira Fərzəliyeva, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədr müavini Emin Səfərov xaricdə yaşayan və xarici universitetlərdən məzun olan azərbaycanlıların şəbəkələşməsinin mühüm əhəmiyyəti barədə çıxış ediblər. Çıxışlarda Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”-nın azərbaycanlı tələbələrin xaricdə təhsil almaları üçün müvafiq proqramın qəbul edilməsinin xaricdə təhsil almaq istəyən gənclərimizə yaratdığı fürsət və imkanlardan bəhs olunub. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.

      Bildirilib ki, xarici universitetlərdən məzun olan azərbaycanlı gənclərin “Şəbəkələşmə” tədbirinin təşkil olunmasında əsas məqsəd ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edən, informasiya mübadiləsində fəallıq nümayiş etdirən, nüfuzlu universitetlərdə təhsil alan və məzun olmuş vətənpərvər gəncləri bir araya gətirmək və onların şəbəkələşmə prosesinə dəstək olmaqdır. 

100-ə yaxın gəncin bir araya gəldiyi tədbirdə dəyirmi masa arxasında ASAP və Məzun birliklərinin birgə fəaliyyəti barədə müzakirələr, azərbaycanlı gənclərin xaricdə oxuduqları müddətdə əldə etdikləri təcrübələrin mübadiləsi aparılıb. Müzakirələr zamanı məzunlar və xarici universitetlərə qəbul almış tələbələr üçün məlumat mübadiləsinin aparıldığı vahid platformanın vacibliyi, məzunların vətənə qayıtdıqdan sonra işgüzar həyata inteqrasiyası və digər məsələlərə toxunulub. 

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İctimaiyyətlə Əlaqələr Xidməti

Nəşr edilib : 11.04.2022 20:20