AZ EN RU

Xarici ölkələrin dövlət başçılarının Qarabağa səfərləri rəmzi məna daşıyır

Qarabağın işğaldan azad edilməsi, bəlkə də, çoxlarına xəyal kimi görünsə də, biz bir olub, birləşib 30 il mübarizə apardıq, gücləndik və 1990-1994-cü illərdə qeyri-bərabər döyüşlərdə itirdiyimiz 20 faiz torpağımızı 2020-ci ildə cəmi 44 gündə geri aldıq. Postmüharibə dövründə düşmənin xarabaya döndərdiyi, minalar döşədiyi ərazilərə ölkə başçısının göstərişi ilə xarici dövlətlərin nümayəndələri və media əməkdaşlarının səfərləri təşkil edildi. İşğaldan azad edilmiş ərazilərdəki reallıq beynəlxalq səviyyədə tanıdıldı. Cəmi 44 günə azad edilən torpaqları və ən əsası alınmaz qala Şuşanı hər bir xarici ölkə nümayəndəsi maraq və heyrətlə izlədi.
Lakin düşmən 30 il ərzində işğal altında saxladığı bu torpaqları beynəlxalq səviyyədə tanıtdırmaq üçün əlindən gələni etsə də, həmin ərazilərə nəinki bir dövlət başçısı, hətta digər yüksək dövlət rəsmisini belə gətirə bilmədi. Çünki onlar qəbul etmək istəməsələr də, həmin ərazilər Azərbaycana aiddir. Bunu digər dövlətlərin rəhbərləri də qəbul edirdilər. 
Azərbaycan Prezidentinin dünya reallıqlarına hakimliyi və hadisələri idarə edə bilmək qabiliyyəti sayəsində Vətən müharibəsindən öncəki illərdə iştirak etdiyi mötəbər tədbirlərdə səsləndirdiyi tarixi faktlarla sübuta yetirdiyi həqiqətlər sayəsində dünya artıq anlamışdı ki, bu torpaqlar əzəldən bizim olub və özümüzə qayıtmalıdır. Vətən savaşında yanımızda yer almayan dövlətlər belə torpaqlarımız işğaldan azad ediləndə hərb meydanında Azərbaycan əsgərinin gücünə, diplomatik masada isə Ali Baş Komandanın siyasi manevrlərinə heyran qalmışdı. Və həmin ərazilər işğaldan azad edildikdən sonrakı, təxminən, üç ildən artıq bir müddət ərzində Azərbaycana, rəsmi səfər edən dövlət başçılarının və diplomatların Şuşaya, Füzuliyə, Ağdama baş çəkməsi artıq ənənə halını almağa başladı. 
Qarabağa ilk səfər 44 günlük haqq savaşında Azərbaycana dəstək olan qardaş dövlətin rəhbəri Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən edildi. Bu günə kimi Türkiyə Respublikasının Prezidenti üç dəfə işğaldan azad edilmiş ərazilərə səfər edib. NATO-nun sammitindən birbaşa Şuşaya səfər edən   Rəcəb Tayyib Ərdoğan orada Prezident   cənab İlham Əliyevlə 2021-ci ilin iyun ayında Şuşa Bəyannaməsini imzaladı. Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğan Qarabağın hava qapısı olan Füzuli Hava Limanının, sonrakı günlərdə Zəngilan Hava Limanının açılış mərasimlərində iştirak etdi. 
Özbəkistan Prezidenti Şafkat Mirziyoyev işğaldan azad edilmiş ərazilərə səfəri zamanı Özbəkistan dövləti tərəfindən inşa edilən orta məktəbin istifadəyə verilməsi tədbirində olub. Türk dövlətləri içərisində seçilən dövlətlərdən biri olan Özbəkistanın Füzuliyə hədiyyə etdiyi məktəbdə təhsil alan övladlarımız da qəlbində türkçülük sevgisi ilə böyüyür. 
Azərbaycana Qarabağda quruculuq işlərində ilk dəstək göstərən ölkələrdən olan Özbəkistan yaxın günlərdə Füzuli şəhərində tekstil sahəsində birgə işlər görməyi də planlaşdırır. 
Şafkat Mirziyoyevdən sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də işğaldan azad edilmiş Füzuliyə, Şuşaya və digər ərazilərə səfər etdi. Eyni zamanda Tokayev də Uşaq Mədəniyyət Mərkəzinin açılışında iştirak etdi. Həmin mərkəzi də Qazaxıstan dövləti öz hesabına inşa etdirib. 
Sonrakı dövrdə Qırğızıstan Prezidenti Sadır Japarov da işğaldan azad edilmiş ərazilərə səfər edib. Dövlət başçısı ilə birlikdə Ağdamın Xıdırlı kəndində Qırğızıstan dövlətinin hesabına inşa olunacaq orta məktəbin təməlini atıb. 
İşğaldan azad edilmiş ərazilərə Qırğızıstan Prezidentinin səfəri artıq 4-cü xarici, türk ölkə başçısının həmin ərazilərə səfər etməsi deməkdir. Bu səfərlərlə yanaşı, ötən həftə Belarus dövlət başçısının da ölkəmizə dövlət səfəri zamanı Füzuli və Şuşaya da getməsi təkcə türkdilli ölkələrin deyil, Azərbaycanın haqlı mübarizəsini dəstəkləyən digər dövlətlərin də həmrəyliyini ifadə edir. Bu prosesin artıq ənənə halını alması isə Azərbaycanın həm işğaldan azad etdiyi ərazilərdə apardığı quruculuq işlərinin tanıdılması, həm də düşmənin iç üzünü göstərmək baxımından əhəmiyyətlidir. Bununla yanaşı, bu səfərlər Cənubi Qafqazda tarixi ədalətin bərpa edilməsinin beynəlxalq səviyyədə tanıdılması və qəbul edilməsi baxımından çox önəmli hadisədir. Müharibə bitdikdən sonra Cənubi Qafqazda formalaşmış yeniliklər və bu yeniliklərin qəbul edilməsi baxımından da belə səfərlərin təşkil edilməsi çox önəmlidir.
Bu səfərlərin davam etməsi düşünülmüş siyasətin hədəflərinə çatmağımız üçün çox vacib və lazımlıdır. Onu da qeyd etmək yerinə düşər ki, səfərlər təkcə dövlət başçıları səviyyəsində həyata keçirilmir. Xarici ölkələrin Azərbaycandakı diplomatik korpusları media nümayəndələri üçün də azad olunmuş ərazilərə səfərlər təşkil edilir. 
Ölkə başçısının təşəbbüsü ilə qarşıdakı aylarda Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi görüşünün keçirilməsi nəzərdə tutulur. Bu ilin noyabr ayında dünyada ən önəmli hadisələrdən biri olan COP-29 Azərbaycanda keçiriləcək. Həmin tədbir çərçivəsində Azərbaycana səfər edəcək dövlət və hökumət başçıları, digər nüfuzlu şəxslər, rəsmi səlahiyyətli şəxslər bu prosesin şahidi olacaqlar. 
Bütün bu səfərlərin edilməsi, eyni zamanda Qarabağda türk dövlətləri tərəfindən inşa etdirilən tikililərin istifadəyə verilməsi Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərinin beynəlxalq səviyyədə tanıdılması, Azərbaycanın formalaşdırdığı yeni reallıqların qəbul edilməsi baxımından çox önəmli rəmzi məna daşıyan proseslərdir və Türk dünyası birliyinin ən gözəl nümunəsi, dünya dövlətlərinin dəstəyinin göstəricisidir. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 29.05.2024 14:04