AZ EN RU

Xaricə rotasiyalar yüksək ixtisaslı tibbi kadrların yetişməsi, universitetin tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir

Muxtar respublikada ixtisaslı həkim hazırlığında Ümummilli Liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Tibb fakültəsinin rolu danılmazdır. Dövlətin qayğısı ilə müasir standartlara cavab verən və son texnologiyalarla təmin olunan yeni fakültə binasında tələbələrin tədrisi üçün lazımi şərait yaradılıb. Universitetin beynəlxalq əlaqələri xarici ölkə vətəndaşlarının da burada təhsil almaq üçün müraciətlərinin sayını artırır. Burada təhsil alan tələbələr ixtisaslarının profillərinə uyğun olaraq muxtar respublikanın müvafiq xəstəxana­larından baza xəstəxanası kimi istifadə edirlər və kliniki dərslərin əksəriyyətini xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçmələri onlarda praktik vərdişlərin formalaşmasına müsbət təsir göstərir. Fakültənin məzunları  həkim-mütəxəssis hazırlığının forması olan rezidentura üzrə ölkəmizdə, eləcə də xaricdə səhiyyə müəssisələrində zəngin təcrübə keçir,  muxtar respublikanın həkim kadrlarına olan tələbatını ödəyir, həmçinin dünyanın bir çox ölkələrində də fəaliyyət göstərirlər.

Rezidentura təhsil pilləsi üzrə həkim-rezident hazırlığının aparılması peşəkar həkim kadrların yetişdirilməsində əhəmiyyətli rola malikdir. Naxçıvan Dövlət Universitetində həkim-rezident hazırlığı barədə Universitetin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədovla həmsöhbət olduq.

Elsevər müəllim ölkəmizdə rezidentura təhsilinin təşkili və qəbul prosesi haqqında məlumat verərək qeyd etdi ki, rezidentura təhsili 19 iyun 2009-cu il tarixində qəbul edilmiş Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunu ilə tibb ixtisasları üzrə baza ali təhsili əsasında həkim-mütəxəssis hazırlığı formalarından biri kimi müəyyən edilib.  Bir çox inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda rezidentura təhsilinin tətbiqinin əsas məqsədi ölkəmizin ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyası, tibbi təhsilin keyfiyyətinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması, yüksək ixtisaslı həkim-mütəxəssislərin hazırlanması, habelə ölkəmizdə verilmiş tibb təhsili sənədlərinin beynəlxalq səviyyədə tanınmasıdır. Rezidenturaya müvafiq ixtisaslar üzrə qəbul hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Rezidenturaya qəbulun aparılması qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir və qəbul Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2010-cu il tarixli 50 nömrəli Qərarı ilə “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları ” təsdiq edilmiş və bu Qaydalarda rezidenturanın təşkili ilə bağlı əsas istiqamətləri - yəni, ixtisaslar üzrə müvafiq təhsil proqramları, təhsil alanların hazırlıq səviyyəsinə qoyulan tələblər, rezidenturada təhsil müddəti, baza təhsil müəssisələri, tədris yükü və digərləri müəyyən edilmişdir. Eyni zamanda, 6 sentyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 164 nömrəli Qərarı ilə “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan həkim ixtisaslarının siyahısı” təsdiq edilib. Rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsil və elmi müəssisələrdə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində təşkil edilir. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla təşkil edilir. Hər bir rezidentin hazırlığı onun fərdi iş planına müvafiq həyata keçirilir. Fərdi iş planında tədris yükünün həcmi, təsviri, müddəti və növü, habelə müalicə-profilaktik işlərinin həcmi müəyyən edilir. Fərdi iş planları rezidentura hazırlığını həyata keçirən müəssisələrin müvafiq elmi şuralarının iclaslarında təsdiq edilir.

Müsahibim ölkəmizin sayılıb-seçilən universitetlərindən olan Naxçıvan Dövlət Universitetində yüksək ixtisaslı tibbi kadrların yetişdirilməsi, bu sahədə rezidentura təhsilinin əhəmiyyətinə toxunaraq dedi: – Naxçıvan Dövlət Universitetində 24 ildir, baza tibb təhsili üzrə kadr hazırlığı aparılsa da, rezidentura təhsili üzrə 10 ildir ki, kadr hazırlığı həyata keçirilməkdədir. Universitetdə tibb ixtisasları üzrə təhsil alan tələbə sayının yüksələn dinamikası muxtar respublikada həkim kadrlara olan təminatında mühüm rol oynasa da, bununla yanaşı ixtisaslı tibbi kadrların yetişdirilməsi sahəsində aparılacaq işlərin intensivləşdirilməsini qarşıya məqsəd qoyur. Rezidentura təhsili hər hansı bir ixtisas üzrə həkimlərin 2-5 il ərzində yalnız müəyyən sahə üzrə ixtisaslaşmasını təmin edir. Bu ixtisaslaşma da öz növbəsində müəyyən olunmuş standartlar, proqramlar əsasında həyata keçirilir. Naxçıvan Dövlət Universitetində rezident hazırlığına ilk dəfə 2012-ci ildən başlanıb. Yüksək ixtisaslı tibbi kadrların hazırlanması sahəsinə bu günədək bir sıra işlər həyata keçirilib. Rezident hazırlığı başlandığı gündən indiyədək 67 rezident məzun olub. Bu məzunlardan 20 nəfəri Naxçıvan Muxtar Respublikası sakinləri olub, hazırda da muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərirlər. Rezident hazırlığında əsasən Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki tibb müəssisələri, Naxçıvan Dövlət Universitetinin Klinik Xəstəxanası baza kimi istifadə olunur. Hazırda Naxçıvan Dövlət Universitetində “Ümumi cərrahiyyə”, “Pediatriya”, “Anesteziologiya-reanimatologiya” “Sosial gigiyena və səhiyyənin təşkili”, “Kardiologiya”, “Mama-ginekologiya”, “Travmatologiya-ortopediya”, “Yoluxucu xəstəliklər”, “Stomatologiya” və digər ixtisaslar da daxil olmaqla 33 ixtisas üzrə 80 rezident təhsil almaqdadır. Rezidentlərin hər biri ixtisaslarına müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyindəki xəstəxanalarda fəaliyyət göstərir və rotasiyalarını həyata keçirirlər. Ümumiyyətlə rezidentura üzrə plan yerlərinin hazırlanmasında Naxçıvan Muxtar Respublikasının səhiyyə sisteminin ehtiyacları nəzərə alınır. Plan yerlərinin hazırlanması səhiyyə nazirliyi ilə birlikdə həyata keçirilir.

Naxçıvan Dövlət Universitetində rezidenturaya qəbulun dinamik olaraq artdığını bildirən Elsevər müəllim onu da qeyd etdi ki, xüsusilə ötən beş il ərzində rezidentura üçün nəzərdə tutulan plan yerləri 28-dən 33-ə qaldırılıb və bu yerlərə qəbul planının dolması 50%-dən 97%-ə çatıb: – Bu baxımdan da növbəti tədris ilindən etibarən Naxçıvan Dövlət Universiteti üzrə 2023-2024-cü tədris ilində rezidenturaya qəbul planı 50 yer olaraq müəyyənləşdirilmiş və bu yerlərin də 8-i məqsədli yerlər (ancaq muxtar respublika qeydiyyatında olan vətəndaşlar üçün) olaraq nəzərdə tutulub. Məqsədli yerlərə bu il ilk dəfə olaraq qəbulun həyata keçirilməsi planlaşdırılıb. Məqsədli yerlər müəyyən hədəf olunan ixtisaslar üzrə yerli kadrların cəlb olunmasını qarşıya məqsəd qoyur. Muxtar respublikada xüsusilə nəzərdə tutulan sahə üzrə ixtisaslı kadrlara daha çox ehtiyac olan sahələr üzrə mütəxəssis hazırlığı məqsədi ilə həyata keçirilir. Bu məqsədlə tibbi kadr hazırlığı həyata keçirən və universitetimizin əməkdaşlıq etdiyi yerli və xarici ölkələrdə olan tibb müəssisələrinin imkanlarından istifadə planlaşdırılır.

Naxçıvan Dövlət Universiteti rezidentura təhsilində həkim-rezidentlərin bilik və bacarıqlarının daha da artırılması məqsədi ilə onların ölkəmizin, eləcə də xarici ölkələrin müxtəlif ali təhsil və tibb müəssisələrinə rotasiyalara və ya stajorluğa göndərilməsini də həyata keçirməkdədir. Bu məqsədlə Azərbaycanda tibbi kadr hazırlığı həyata keçirən Azərbaycan Tibb Universiteti, M.İ.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, eyni zamanda digər tibb müəssisələri ilə razılaşmalar olmuş və ikitərəfli əməkdaşlıq müqavilələri bağlanmışdır.

Xaricdə rotasiyalar həm yüksək ixtisaslı tibbi kadrların yetişməsi, həm də universitetimizin tanınması baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir –  deyən tibb fakültəsinin dekanı vurğuladı ki, xaricdə rotasiyaların həyata keçirilməsi rezident hazırlığında ən vacib şərtlərdən hesab olunmaqdadır. Bu məqsədlə Naxçıvan Dövlət Universiteti qardaş Türkiyə Cümhuriyyətinin bir çox universiteti ilə tibb sahəsi üzrə əməkdaşlıq müqavilələri imzalayıb. Bu  müqavilələr çərçivəsində bu günədək həkim-rezidentlərin yetişməsində Türkiyə universitetlərinin imkanlarından geniş istifadə olunub və bu proses hazırda da davam etdirilməkdədir. Eyni zamanda alman dili bilgisi olan rezidentlərdən bir neçəsi hazırda Almaniya Federativ Respublikasının klinikalarında stajorluq keçirlər.  Xüsusilə növbəti tədris ilindən məqsədli yerlərə həyata keçiriləcək qəbulda, Naxçıvan Muxtar Respublikasının məzunu olan həkimlərin, rezidentura təhsili çərçivəsində təhsillərinin erkən dövrlərindən etibarən xaricə göndərilməsi, yetişdirilməsi və muxtar respublikada daha çox ehtiyac duyulan sahələr üzrə mütəxəssis hazırlığı hədəflənir.

Xaricdə rotasiya keçən həkim-rezidentlərin bir neçəsi ilə həmsöhbət olduq.

Türkanə Məmmədli  2014-2020-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsində Tibbi Profilaktika ixtisası üzrə təhsil alıb: – Təhsil aldığım müddətdə Türkiyənin bir neçə böyük şəhərində tibbi praktika şansı qazanmışam. 2015-ci ildə Türkiyənin Kayseri şəhəri Ərciyəs Universitetinin Tibb fakültəsində, 2018-ci ildə Trabzon şəhəri Qaradəniz Texnik Universitetinin Tibb fakültəsinin Xəstəxanasında stajyer-həkim olaraq praktikada olmuşam. 2020-ci ildə həkimlərin təkmilləşdirilməsi ilə bağlı Rezidentura şöbəsinin Yoluxucu Xəstəliklər ixtisasına yüksək balla qəbul olunmuşam. Rezidentura təhsilimin 1-ci ili Covid-19 infeksiyasının 3-cü dalğasına təsadüf edirdi. Mən də sırf öz ixtisasımla bağlı olduğuna görə Naxçıvan şəhər Yoluxucu Xəstəliklər Mərkəzində Covid -19 virusu ilə mübarizədə çalışmışam. 2022-2023 illər tarixində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus  müəllimin və fakültə rəhbərliyinin böyük rolu ilə, Türkiyənin Samsun şəhərində 19 Mayıs Tibb Fakültəsinin Araşdırma Xəstəxanasında araşdırmacı-həkim kimi çalışmışam. Orda işlədiyim 1 il müddətində həm poliklinika bölməsində həm də servis bölməsində fəal olmuşam. Eyni zamanda öz ixtisasımla bağlı respublika əhəmiyyətli konfranslarda iştirak edib sertifikatlar qazanmışam.

Müsahibim ixtisasının mahiyyəti, əhəmiyyəti barədə bizi məlumatlandıraraq bildirdi ki, infeksiya xəstəlikləri ixtisasının əsas mahiyyəti ondan ibarətdir ki, belə xəstəliklərə yoluxan xəstə sayı əhali sayı ilə mütənasibdir. Mən də məhz bu səbəbə görə rezidentura təhsilim müddətində 1 ili Türkiyədə olmaq istədim. Çünki həm infeksiya xəstəlikləri həm də bu xəstəliklərə yoluxan insan sayı qat-qat artıqdır. Bu, mənim həm daha çox xəstə ilə, həm də bu xəstəliklər üzərində işləməyim üçün  əsas oldu. Ona görə də xaricdə çalışmaq mənim karyeram üçün çox böyük bir şans idi. Mən də bu şansdan yaxşı istifadə etdiyimi düşünürəm. Çünki yuxarıda da qeyd etdiyim kimi, 19 Mayıs Tibb Fakültəsi həm araşdırma həm də universitet xəstəxanasıdır. Yəni həm tibb tələbələri yetişdirir, həm də xəstələrin hər cür müayinə və müalicə olunmaları üçün sonsuz imkana sahibdir. Mən də bu xəstəxananın həm poliklinika şöbəsinə müraciət edən xəstələrlə, həm də 18 yataqdan ibarət olan servis deyə adlandırdığımız yatan xəstələrlə, həmçinin konsultasiyalarda aktiv olaraq çalışmışam. Türkiyədə praktikada olduğum bir il ərzində, Türk Mikrobioloji və İnfeksiya Xəstəlikləri (KLİMİK) dərnəklərində iştirak etmişəm. Onlardan biri Türkiyənin tarixi əhəmiyyət daşıyan Çorum şəhərində keçirilən “KLİMİK Hepatit Akademiyası 2022”, digəri isə Türkiyənin paytaxtı Ankara şəhərində həyata keçirilən “Antimikrobiyal dərmanların Farmakokinetik /Farmakodinamik özəllikləri” hibrid kursu olub. Hər 2 konfrans ixtisasım üçün böyük əhəmiyyət kəsb edib. Eyni zamanda Ondoqquz Mayıs Tibb Fakültəsi xəstəxanasının Tibb Laboratoriyaları Klinik Mikrobiyoloji bölümünün Bakteriyoloji laboratoriyasında 1 ay müddətində çalışmışam. Türkiyədən yeni qayıtmışam, hazırda Naxçıvan Diaqnostika Müalicə Mərkəzində rotasiyadayam.

Almaniyada kurs keçən rezidentlərdən biridir Sevər Neymətova.  O, 2011-2017- ci illərdə  Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsinin Müalicə işi ixtisasında təhsil alıb. Həmin il rezidentura pilləsinin mama-ginekologiya ixtisasına qəbul olub. Onun dediklərindən: –  Çoxsaylı konfrans və tibbi seminarlarda iştirak etmişəm. Bununla bərabər  Alman dili öyrənərək tibb təhsilimi daha da irəlilətmək üçün  dil imtahanı vermişəm. Bu il öz ixtisasıma uyğun  olaraq Almaniyada  kurslarda iştirak etmişəm. Əvvəllər həkimlər 9 -12 ay müddətində internatura keçib sonra ixtisasli həkim adını qazanırdılar. Rezidentura təhsili ilə yüksək ixtisasli həkim, peşəkar kadr hazırlanmasına başlanıldı. Qəbul üçün əvvəlcə iki  mərhələli imtahan veririk, 6 illik tibb təhsilinin  oxuduğumuz ilk 3 baza ilini baza imtahanı olaraq, 3 ilini klinik imtahan və nəticədə toplanan bala uyğun, dövlət tərəfindən müəyyənləşdirilən  vakant yerlərdən birini seçirik. Sözsüz ki, burada da rəqabət mövcuddur. Təhsil aldığımız illər ərzində istər nəzəriyyə, istər praktikada xəstəyə münasibəti, müayinə və müalicə prinsiplərini öyrənir,  daha çox mütaliələr edir, daha çox oxuyub araşdırırıq. Rezidentura təhsilim  müddətində bir sıra treninqlərdə, konfranslarda, tibbi seminarlarda iştirak etmişəm. Xaricə kurslara gedib özümüzü daha yaxşı inkişaf etdirir, səhiyyə sahəsində yeniliklərdən xəbərdar olur, yeni bilikləri ölkəmizdə uğurla tətbiq edirik.  Bu il son kursdayam və qısa zaman öncə Almaniya Federativ Respublikasında  həm kurs, həm də orada həkim kimi işləyə bilmək adına imtahanı uğurla keçdim. Səhiyyəyə töhfə vermək üçün öz üzərimizdə işləmək, biliyimizi gücləndirmək şərtdir. Mənim də çox dəyər verdiyim həkimimiz ilk mühazirəsində demişdi ki, siz elə bilirsiniz bu peşəni seçdiniz deyə həkim oldunuz?  Yox, həkimlik alın yazısıdır. Hər kəs həkim ola bilməz. Peşəkar olmaq üçün çox çalışmaq, öyrənmək, araşdırmaq lazımdır. Hazırda Naxçıvan Dövlət Universitetinin Klinik Xəstəxanasında rezidentəm, Müalicə işi ixtisası üzrə IV kurslara ginekologiya fənnini tədris edirəm.

Zəhra Qənbərova  2012-2018-ci illərdə Tibb fakültəsinin Müalicə işi ixtisasını  bitirib. 2021-ci ildə Rezidenturanın Nefrologiya ixtisasına daxil olub: – Bu sahədə xəstəxana olaraq Universitetimizin razılaşmalı olduğu Naxçıvan Diaqnostika Müalicə Mərkəzini seçdim. Elə burda işlədiyim müddətdə Türkiyənin Antalya şəhərindəki Ağdəniz Universitet Xəstəxanasına rotasiya üçün müraciət etdim. Həkim-nefroloq olaraq Türkiyədə kurs keçmək istəməkdə məqsədim nefrologiya sahəsini dərindən öyrənmək idi. Bu sahə Azərbaycanda yeni inkişaf etməkdədir və nefroloq böyrəyin kəskin və xroniki xəstəlikləri, orqan transplantasiya hazırlığı və transplantasiya sonrasında qoruyucu profilaktik müalicə planlanması, hemodiyaliz, periton diyalizi və onların aylıq müalicə izləmi və planlanması ilə məşğul olur. Naxçıvanda hələlik periton diyalizi və orqan transplantasiyası olmadığı üçün bu sahədə özümü inkişaf etdirmək üçün Türkiyə respublikası mənim üçün bir alternativ oldu. Oranın yüksək olan xəstə profili mənim ixtisasımda yeniliklər ilə tanış olmağım üçün cığır açdı. Türkiyədə olduğum müddət ərzində mən ilk Nefrologiya sahəsinin stasionar xəstə şöbəsində çalışmağa, buradakı xəstələrə xidmət ilə bölümü öyrənməyə başladım. Palata xəstələri ilə işləyərkən xəstədə müalicə ardıcıllığının proseduralarını və diaqnoz qoyulma prosedurasını və müalicənin təşkili ardıcıllıqlarını aktiv işləyərək öyrənmişəm. Stasionar şöbədə 3 ay çalışmışam. Sonra hemodiyaliz şöbəsində hemodiyaliz cihazlarının qurulması, xəstələrin hemodiyalizə bağlanması və bu müddətdə olacaq hər hansı riskli vəziyyətlərə qarşı müdaxilə üçün edilməsi lazım olan proseduraları öyrənərək elə bu şöbədə də 3 ay aktiv çalışdım. Burada xəstələrin aylıq dərman planlamasını tibbi həkimlərin nəzarəti əsasında hazırladım. 1 ay periton diyalizində işləyərək periton diyalizi xəstələrinin aylıq izləm və planlamalarını mənimsəmişəm. Xəstələrdə yaranacaq peritonitlər və digər riskli vəziyyətlərin qiymətləndirilməsini, xəstələrin prediyaliz hazırlıqlarını və maarifləndirmə işləri barədə təlim keçib, aktiv olaraq təlimlərdə iştirak etmişəm. Bu şöbədən sonra isə mən nefrologiya və hipertenziya poliklinikasında işləməyə başlayaraq , xroniki böyrək çatışmazlığı üzrə erkən mərhələdə diaqnoz qoyulmuş xəstələrin gündəlik kontrollarını, arterial hipertenziya və bu zaman dərman planlaşdırılmasını, kəskin və xroniki böyrək çatışmazlığı və böyrəyin digər xəstəlikləri zamanı müraciət edən xəstələrin müayinə və müalicə planlanması proseduralarını praktiki olaraq mənimsəmişəm. Eyni zamanda həkim-nefroloq üçün lazımi olacaq idrar sedimenti və baxış qaydalarını öyrənərək fərdi mikroskopla işləməyi öyrənmişəm. Bu mərhələdən sonra isə orqan nəqli və transplantasiya mərkəzinin stasionar və poliklinika şöbələrində hər biri 1 ay olmaqla rotasiyamı tamamlamış və burada isə həkim-nefroloqun pre və post transplantasiya mərhələsində etməsi lazım olan müalicə proseduralarını uzman həkimlərin öyrətdiyi və etdiyi proseduraları mənimsəyərək Türkiyə Respublikasındakı rotasiyamı tamamlamışam. Orda olduğum müddətdə orqan nəqli və transplantasiya mərkəzinin 40. İl simpozyumuna da qatılmışam. Türkiyə haqqında  onu deyə bilərəm ki, insanları çox səmimidir və hocalarımızın hər biri daha yaxşı həkim kimi yetişməyimiz üçün bizə daim dəstək olub. Mənim orada qazandığım təcrübə gələcək karyeram üçün də güclü bir addım idi. Bundan sonrakı fəaliyyətimdə qazandığım təcrübələri ölkə səhiyyəsində praktiki baxımdan inkişaf etdirmək əsas məqsədimdir.

Hazırda Naxçıvan Uşaq Bərpa Mərkəzində həkim-pediatr kimi  çalışan Şölə Quliyeva Naxçıvan Dövlət Universitetində 2012-2018-ci illərdə Müalicə işi üzrə, 2018-2022-ci illərdə Pediatriya ixtisası üzrə rezidentura təhsili alıb:– Rezidentura təhsili bakalavr təhsili Müalicə işi olan və həkim mütəxəssis olmaq istəyən hər bir məzun üçün mütləqdir. Rezidentura təhsilim müddətində muxtar respublikada müxtəlif xəstəxanalarda rotasiya keçmişəm. Sonuncu təhsil ilində Türkiyənin Antalya şəhərinin Ağdəniz Universiteti Xəstəxanasında rotasiyada olmuşam. Qardaş ölkə Türkiyədə səhiyyənin hərtərəfli inkişafı burada da özünü göstərirdi. Orada olduğum müddətdə tibbi yeniliklərlə tanış oldum. Ağdəniz Universiteti Xəstəxanasının pediatriya ixtisası üzrə professor heyətinin bilik və bacarıqlarından yararlandım. Rezidentura müddətində xaricdə rotasiyanın hər bir rezident üçün vacib olduğunu vurğulamaqda fayda var. Çünki hər gün inkişaf edən tibb sahəsində olan yenilikdən xəbərdar olmaq sadəcə tibbi kitablar oxuyaraq mümkün deyil. Təbii ki hər sahənin öz çətinliyi var, lakin həkimlik çox məsuliyyətli sahə olmaqla yanaşı, eyni zamanda ömrünün böyük hissəsini tibb sahəsinə həsr etməyi tələb edir. Və özünü yetişdirmək üçün maddiyyat tələb edən ixtisas sahəsidir. Bu səbəbdən düşünürəm ki, 6 il bakalavr təhsili alan hər bir tibb tələbəsinin 3-5 il də davam edəcəyi rezidentura müddətində aldığı təqaüdlə özünü həkim kimi yetişdirmə imkanının məhduddur. Nəzərə alsaq ki, həkim rezidentin ixtisası üzrə oxuması lazım kitablardan biri aldığı təqaüdün təxmini 1/3-i qədər olur. Mən artıq rezident deyiləm, bu gün bütün rezidentlərin yaşadığı çətinlikləri yaşadığım üçün düşündüm ki, onların səsi olmaq lazımdır bəlkə də. Ümid edirəm ki, bu istiqamətdə addımlar atılar, həkim-rezidentlər maaş azlığı və digər səbəblərdən xarici ölkələrə iş imkanlarını dəyərləndirmək ehtiyacı görməzlər.

Həmsöhbət olduğumuz rezident-həkimlər ölkə xaricində tibb təhsili üçün köməyini əsirgəməyən Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevə, Tibb Fakültəsinin dekanı Elsevər müəllimə minnətdarlıqlarını bildirdilər.

Bu gün dövlətin qayğısı ilə Naxçıvan Dövlət Universitetinin Tibb Fakültəsində yüksək ixtisaslı tibbi kadrların hazırlanması üçün yaradılan imkanlar çox genişdir. Tibbi kadr hazırlığının mühüm sahəsi olan rezidentura pilləsi üzrə kadr hazırlığının daha da intensivləşdirilməsi, gələcəkdə Naxçıvan Muxtar Respublikasının səhiyyə sisteminin yüksək ixtisaslı tibbi kadrlarla təminatı baxımından mühüm əhəmiyyətli olacaqdır.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 03.04.2023 11:19