AZ EN RU

Xarıbülbül bitkisi Naxçıvanda elmi-tədqiqat işlərinə cəlb olunacaq

Bu gün Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin aidiyyəti laboratoriyasında Xarıbülbül bitkisi fitosanitar analizlərə cəlb olunub. Fitosanitar analizlərin aparılmasında laboratoriya mütəxəssisləri ilə birgə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova da iştirak edib. Analizlər nəticəsində karantin və ya digər zərərli orqanizmlər aşkar edilməyib.

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Xarıbülbülün  elmi-tədiqat işləri aparılacaq, bitkinin muxtar respublikanın iqlim şəraitinə uyğunlaşıb-uyğunlaşmaması dəyərləndiriləcəkdir. Məqsəd Ulu Öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində Naxçıvan Muxtar Respublikasının florasını zənginləşdirməklə yanaşı, 44 günlük Vətən Müharibəsində şəhid olan Azərbaycan övladlarının xatirəsini yaşatmaq, Azərbaycan ordusunun Zəfər Simvolunun nəsildən-nəsilə ötürülməsini təmin etməkdir.

Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir bitki Xarıbülbül hazırda Qarabağda, xüsusilə Şuşada mövcuddur. Tarixi məlumatlara əsasən bu bitkiyə təsadüfi hallarda  Azərbaycanda Samur-Dəvəçi, Kür-Araz və Xəzərsahili (Siyəzən rayonu, Beşbarmaq dağının təpə hissəsində) ovalıqlarında, Kür düzənliyində, Türkiyədə isə Anadolunun şimal-şərqində (Trabzon)  rast gəlinmişdir.

Nəşr edilib : 05.05.2023 09:25