AZ EN RU

Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işləri davam edir

Mədəniyyət Nazirliyindən "Şərq qapısı"na verilən məlumata görə Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutunun Xaraba Gilan arxeoloji ekspedisiyası iyun ayının 1-dən Xaraba Gilan şəhər yerində xilasetmə-tədqiqat işləri aparır. İndiyədək Muncuqlutəpə və Mərdangölü abidələrində işlər başa çatdırılmışdır.
Mərdangölü nekropolu, Antik və Orta əsr Xaraba Gilan şəhər yerinin şərq hissəsində, Gilan çayın qolu olan Xal Keşan çayının sağ sahilində dağın ətəyində yerləşir. Nekropolda üç qəbir tipi – sərdabə, daş qutu və torpaq qəbirlər vardır.
Daş qutu qəbirlər şimal-qərb, cənub-şərq istiqamətindədir. Mərdangölü nekropolu qəbirlərinin analogiyasına Şərqi Anadoluda Qaragündüz, Dilqaya və Urmiya hövzəsində Dingətəpə, Həsənli lV və Həsənli V abidələrində rast gəlinir. lll Plovdağ, Mərdangölü və Muncuqlutəpə nekropollarındakı qəbirlərlə Şərqi Anadolu və Urmiya gölü hövzəsi abidələrindəki yaxın oxşarlıqlar bu bölgələrin e.ə. l minilliyin birinci yarısında eyni iqtisadi-mədəni inkişaf yolu keçdiyini söyləməyə əsas verir.
Hər üç qəbir tipinin iri daşlardan qurulmuş dördbucaqlı kromlexi vardır. Qəbirlər nekropolda qrup şəklində yerləşmişdir. Hər qrupda qəbir tipləri müxtəlifdir. Torpaq qəbirlərin yerüstü hissəsi sərdabə və daş qutu qəbirlərin yerüstü hissəsindən nisbətən fərqlənir. Belə ki, torpaq qəbirlərin dördbucaqlı kromlex daxilində konsentrik daş düzümü, kromlexə bitişik işlənmiş dördbucaqlı və beşbucaqlı planda qurbangahları vardır.

Nəşr edilib : 18.07.2024 13:34