AZ EN RU

Xaraba Gilan - FOTOLAR

Tarixi abidələrimiz milli sərvətimizdir

    Qədimliyin və müasirliyin harmoniyasını özündə əks etdirən Ordubadda Naxçıvan memarlıq məktəbinin orta əsrlərə aid möhtəşəm mədəniyyət nümunələrindən olan məscid, buzxana, çeşmə, hamam və tarixi abidələr hər zaman diqqəti cəlb edib. Bu tarixi abidələrin əksəriyyəti Səfəvilər dövründə, xüsusilə I Şah Abbasın hakimiyyəti illərində inşa edilsə də, onların bəzilərinin tarixi daha qədimdir. Ümumiyyətlə, tarixi mənbələr göstərir ki, buranın bir şəhər kimi formalaşması V-VI əsrlərə təsadüf edir. Ordubad rayonunun Aza və Dizə kəndləri yaxınlığında, Gilançay, Düylünçay və Araz çaylarının arasındakı yüksəklikdə yerləşən, ən qədim məskənlərdən biri olan Gilan isə bunun əyani sübutudur. 

    “Xaraba Gilan” adlandırılan bu ərazidə aparılan arxeoloji qazıntılar zamanı buradan Roma, Sasani, Abbasilər, Samanilər, Atabəylər, Şirvanşahlar və Hülakilər dövlətlərinə aid qızıl, gümüş və mis sikkələr tapılıb. Bu da sözügedən ərazinin qədimliyi ilə yanaşı, mühüm ticarət mərkəzlərindən biri olmasını sübut edir. Tarixi mənbələrdə orta əsrlərə aid adı Kiran, Gilan və ya Giran olan bu şəhər Ordubad rayonundan 16-17 kilometr qərbdə, Naxçıvan-Ordubad avtomobil yolunun şimalında yerləşir. Aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, bu ərazidə şəhər mədəniyyəti ilk antik dövrdə V–IV əsrlərdə yaranıb. Hətta İbn əl-Əsir (XIII əsr), Yaqut Həməvi (XIII əsr), Zeynəddin Qəzvini (XIV əsr), Məhəmməd ibn Həmdullah Naxçıvani (XIV əsr) əsərlərində Gilanın Azərbaycanın qədim və əzəmətli şəhərlərindən biri olması haqqında məlumatlar var. Rusiyalı Qafqazşünas İvan Şopen isə Ordubadda Kilit kəndinin əhalisinin ətraf kəndlərin anlamadığı dildə danışdığını da qeyd edib. İddialara görə, Ordubad ərazisində bir neçə kənd bu dildə danışıb, lakin XX əsrə kimi bu dil yalnız Kilit kəndində qalıb. Bu fakt isə onu göstərir ki, Xəzəryanı Gilan ərazisində yaşayan giləklər müəyyən dövr ərzində bu əraziyə köçürülüb və onlar eyniadlı yeni şəhəri burada salıblar.
    İndi Xaraba Gilan nəinki Naxçıvan, bütövlükdə Azərbaycan şəhərlərinin yaranması, inkişafı problemlərinin tədqiqi üçün çox əhəmiyyətli bir ərazidir. Ordubad Rayon Tarix-Memarlıq Qoruğunun direktoru Əminə Alməmmədova dağılmış şəhərlə bağlı bizimlə söhbətində bildirdi ki, bura böyük tədqiqatçı-alimlər Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvaninin doğulub böyüdüyü şəhərdir. Bu ərazidə qədim memarlıq üslubunda inşa edilmiş evlər, sərdabələr və hamam var. Arxeoloji qazıntılar zamanı buradan bəzi əşya qalıqları aşkarlanıb ki, bu da həmin şəhərin yaşının daha qədimə bağlandığını göstərir. Xaraba Gilanın ərazisində alimlər ilk dəfə 1926-1929-cu illərdə tədqiqatlar aparıblar. 1979-cu ildə isə şəhər ərazisində başlanılmış arxeoloji tədqiqatlar fasilələrlə davam etməkdədir. Şəhərin ərazisi 100 hektardan çoxdur. Abidənin qərb tərəfində eramızdan əvvəl II-I minilliklərə aid yaşayış məskəni və nekropol aşkar edilib.
    XIII əsrdə ciddi dağıntılara məruz qalan bu şəhər hələ tam bərpa edilməmişdən qısa müddət sonra – XIV əsrin sonlarında Əmir Teymur tərəfindən dağıdılıb, Səfəvilər sülaləsindən I Şah Abbasın hakimiyyəti dövründə isə tamamilə tənəzzülə uğrayıb. Şəhərin əhalisi Ordubad rayonunun Azadkənd və Darkənd yaşayış məntəqələrinə köçüb.
     Qoruğun nəzarətçisi Elxan Həsənov deyir ki, bura 70-ci illərdə bir çoban tərəfindən tapılıb, 1979-cu ildən isə qoruq kimi fəaliyyət göstərir. Xaraba Gilanda qədim abidələr, sərdabələr və yuxarıda, dağın başında hamam var. 1000-ə yaxın dağıdılmış, uçmuş evin qalıqları hələ də qalmaqdadır. Tarixi abidə kimi qorunan Xaraba Gilan hər zaman turistlərin və yerli insanların maraq dairəsində olub.
    Nəzarətçi onu da vurğuladı ki, burada daha çox diqqəti çəkən məqam sərdabələrin quruluşudur:             “4 gözdən ibarət olan sərdabədə cəsətlər mərtəbə şəklində mumiyalanaraq yerləşdirilmişdir. Özü də, adətən, ağacların üzərində qoyulurmuş. Onların üst hissəsi isə qoz ağacından olub. Qapısı isə üst tərəfdən olub”.
    İndiyədək şəhər yerində aparılan arxeoloji qazıntılar, yalnız dini və ictimai tikililəri əhatə edib, şəhərin əsas məhəllələri və Narınqalası, demək olar ki, tədqiq edilməyib. Ümumiyyətlə, Xaraba Gilanın Narınqalası və məhəllələri qala divarları ilə əhatə olunub. Narınqalanın sahəsi 10 hektardan çoxdur. Qala divarları dördkünc və dairəvi bürclərlə möhkəmləndirilib. Müdafiə divarı iki metr enində olub, çəkisi bir tona yaxın, bəzilərininki isə bir neçə ton olan daşlarla inşa edilib. Otaqlarda monqol işğalından sonra tələm-tələsik aparılan bərpa izləri aydın nəzərə çarpır. Müdafiə divarının uçulmuş daşları da yerinə qoyulmayıb. Daş, çiy və bişmiş kərpicdən yaşayış evləri, karvansaralar, türbələr, məscid, habelə sənətkarlıq ocaqları və sair tikinti qalıqları aşkar edilib, çoxlu maddi mədəniyyət nümunələri – şirli və şirsiz qablar, şüşə və metal məmulatı, sikkələr, o cümlədən Roma qızıl pulları və sair tapılıb. Tapıntılar arasında XII-XIV əsrlərə aid gil qab və memarlıq abidələrinin qalıqları üzərində ərəb əlifbasının kufi və nəsx xətləri ilə yazılara da rast gəlinib.
    Hazırda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xaraba Gilanla bağlı guşələr yaradılıb. Muzeyin nəzarətçisi Aygün Xəlilova deyir ki, bu əraziyə aid edilən 3 guşədə 100-dən çox eksponat qorunub saxlanılır: “Bu şəhərin kimlər tərəfindən salındığı məlum olmasa da, bir neçə tayfa tərəfindən dağıdılıb. Son olaraq isə zəlzələ nəticəsində şəhər yerləyeksan olunub. Buna görə də yerli əhali tərəfindən bura “Xaraba Gilan” adlandırılır. Muzey guşələrdəki memarlıq nümunələri, saxsı qablar, küpələr arxeoloji qazıntılar zamanı tapılıb. Bir guşədə isə Əbülfəz Hüseynlinin arxeoloji qazıntılar zamanı aşkarladığı 7 cəsədin qalıqları üzərindən götürülən əşyalardır. Qazıntılar zamanı bu cəsədlərin 6-nın kişi, birinin isə qadın olduğu müəyyən edilmişdir ki, qadının da üzərində kətandan toxunmuş parça nümunəsi olub”.
    Ordubad tarixi-memarlıq abidələrinə, relyefinə görə hər zaman səyyahların diqqətini cəlb edib. Bunun nəticəsidir ki, buraya səyahət edənlərin dedikləri yalnız bir söz olub: “Kiçik şəhərlər içərisində Avropada birinci, dünyada isə ikinci yaşayış məskəni olan Ordubada ilk dəfə qonaq gələn adam azıb qalmaz. Hər məhəllədə tikilmiş 2-3 məscid və qəbiristanlıq, tinlərin və dalanların kəsişdiyi yerlərdə salınmış karvansaralar var, hər bir kəs hara keçib getsə də, yenə gəlib mərkəzi küçədə görüşəcəkdir”. Naxçıvanın ərazisindəki tarixi abidələr qədim diyarımızın tarixi keçmişini yaşatmaqla yanaşı, həm də müasir dövrdə turizm potensialının artmasına zəmin yaradır. Turizmin ən ideal məkanlarından biri olan muxtar respublikada tarixi abidələrin geniş tədqiqi və təbliği hər zaman diqqət mərkəzindədir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 13.04.2023 20:00