AZ EN RU

Xankəndiyə bayraq sancan igid

Nihat Qasım oğlu Quluzadə

24.01.1997-19.09.2023

Nihat çox sakit uşaq idi. Sən demə, sakit, məsum uşağın daxilində bir qəhrəman var imiş. O qəhrəman ki Xankəndiyə üçrəngli bayrağımızı sancanlardan oldu. O qəhrəman ki Ali Baş Komandanının rəhbərliyi ilə Azərbaycanın bütövlüyünü təmin edənlərdən oldu.

O qədər səliqəli idi ki, həmişə əyni təmiz qalardı. Hər dəfə müəllimləri bizi gördükdə onun məktəbdə necə nümunəvi uşaq olduğundan danışardılar. Hərbi liseydə təhsil alanda da hər bir müəllimi, komandiri onun haqqında həmişə razılıq edərdilər. Hətta akademiyada da təhsil alanda iki dəfə təşəkkür alıb. Hər dəfə atasına zəng vurub belə uşaq böyütdüyü üçün minnətdarlıq edirdilər.
Şəhid olduqdan sonra Nihatın tabeliyində olan əsgərlər bizimlə görüşdülər. Onun əsgərlərə olan qayğısından danışırdılar. 
Neçə dəfə məzuniyyətə gəldi, bir kəlmə olsun, işindən danışmadı. Şəhid olduğu günə qədər biz onun xidmət etdiyi hərbi hissənin yerini də bilmədik. Bəzən atası soruşanda deyirdi, ay ata, onlar başqa işlərdir. Sən o haqda bilməli deyilsən. Hərbi sirri o qədər qoruyurdu Nihat. 
Hələ hərbi liseydə oxuyan zaman Qarabağdan danışardıq. Deyirdim, bu proses 25-30 il çəkər. Oğul, yaxşı hərbçi ol. Çünki o dövr sizin vaxtınıza düşəcək. Deyirdi, ana, qisasımızı alacağıq.
Nihat II Qarabağ müharibəsində qazi oldu. Döyüş yoldaşını mərmi yağmurundan çıxaran zaman yaralanmışdı. Amma yenə də xidmətinə geri qayıtdı. Naxçıvana qayıtdıqda toy-bayram etdik. El-oba onu çox təmtəraqlı qarşıladı. Reportajlarının birində deyir ki, Tərtərə ilk yolu açan biz olmuşuq.
Demə, şəhidlik mərtəbəsi 3 ildən sonra olacaqmış. Özünü şəhidliyə hazırlayırmış. 2020-ci ildə qayıdışı kimi olmadı 2023-cü ildəki qayıdışı. Çox ağır oldu. Bu dəfə də Nihat çox gözəl qarşılandı. Həm dövlət nümayəndələri, həm də el-oba tərəfindən. 
Atası ilə hey dərdləşərdi. Atası da, mən də oğlumuzla fəxr edirik. Kaş iki oğlumuz olardı. Vallah, onda heç ağlamazdıq. İndi də peşman deyilik. Nə xoş bizim halımıza ki balamız  Xankəndiyə bayraq sancıb. Bu qəhrəmanlıq hər kəsə nəsib olmur. Nə xoş bizim halımıza ki Nihat kimi qəhrəman balamız var. Vətənimizin var olması üçün şəhidimiz olmalıdır. Vətən sağ olsun! Sağ olsun ki Nihat kimi oğullarda daim yaddaşlarda yaşasın.

Nəşr edilib : 26.05.2024 18:23