AZ EN RU

Xankəndidən təmizlənən tülkü yuvaları

Son günlər aparılan ikitərəfli dialoqlardan təşvişə düşüb Ermənistanla Azərbaycan arasında sülhün olmaması üçün hər şeyə hazır olan Qərb və xüsusən də Fransa revanşist erməniləri Azərbaycana qarşı qızışdırmaq üçün yeni bəhanələr tapmaqda dəridən-qabıqdan çıxırlar. Xankəndidə hər cür cinayətlər törətmiş separatist rejiminin tülkü yuvalarının təmizlənib əvvəlki görkəminə qaytarılmasını əldə bayraq edən ermənipərəstlər uzun illər ərzində Qarabağda yerlə bir edilmiş Azərbaycan mədəniyyətinin izlərini heç vaxt unutmamalıdırlar.  

Başqalarından torpaq qoparmaq kimi qeyri-qanuni əməlləri olan separatizm dünyadakı bütün mövcud siyasi konfiqurasiyanı məhv etdiyi kimi erməni separatizmi də təkcə Qarabağda deyil, bütün Cənubi  Qafqazda dinc həyatı alt-üst etmiş, insanların xoşbəxt həyatına zəhər qatmış, qara bir ilan kimi yaddaşlarda dərin yaralar qoymuşdur. Bu mənada,  özlərinə məxsus acgözlük instinkti ilə 1980-ci illərin sonunda Xankəndi küçələrinə tökülüşüb “Miatsum” qışqıran haylar üzərindən 30-35 il sonra “erməni millət deyil!” –  deyə-deyə şələ-şüləsini yığışdırıb aradan çıxdıqlarında artıq iş işdən keçmişdi. On illər boyu yedikləri çörək burunlarından gəlmişdi. Artıq Qarabağda nə cinayətkar xunta, nə onların birbaşa hamisi, nə də işğalçı Ermənistan ordusu qalmışdı.  

Qarabağın erməni separatizmindən təmizlənməsi təkcə Azərbaycanı deyil, bütün yaxın bölgəni, hətta dünyanı düşündürən məsələdir. Bu mənada, separatizm yuvalarının sökülməsi, onlara məxsus olmuş hər cür simvolik bina və infrastruktur obyektlərinin təmizlənməsi bu gün hələ də Qarabağda insanların həyatını fiziki olaraq məhv edən minaların tapılıb zərəsizləşdirilməsi qədər zəruridir. İşğal olunmuş ərazilərdə ermənilərin basdırdığı milyondan artıq partlamamış minanın insanların həyatına və canına törətdiyi təhlükə qədər Qarabağda separatistlərin apara bilmədikləri hər cür tör-töküntü də insanlara o dərəcədə mənəvi zərərlər vurmaqdadır. Azərbaycanlılar unutmurlar ki, məhz bu binalarda komuflyaj olunaraq gizlənmiş hay cinsindən olan tülkülər minlərlə günahsız insanın qətli üçün fitvalar vermiş, bölgəni narkotika mərkəzinə çevirmiş, xalqımıza məxsus maddi mədəniyyət nümunələrini məhv edib talamış, Bakıya tank yeritmək hədəsi ilə başlarından böyük danışmışlar. Doğrudur, bu tülkülərdən bir neçəsi quyruğundan tələyə düşüb, Bakıda mühakimə olunacağı günü gözləsələr də, bəziləri hələ də Ermənistanda, yaxud Fransada oturub guya tarixin məhvindən danışmaq qədər zəvzəkliyə yol verirlər. Ancaq fakt odur ki, hələ sovet dövründə təsdiqlənmiş Xankəndinin baş planında yer almayan bu tikililərin sökülməsinin Azərbaycanın ölkə qanunvericiliyinə uyğun daxili işi olduğunu bilə-bilə ermənilərin separatizm izləri daşıyan və yaşı 20-25 ilə çatmayan binaların tarixi adlandırılması da tülküyə şir donu geyindirilməsi qədər gülüncdür. Harada olursa-olsun, yeri gəldi-gəlmədi, istər toyuq, istərsə də tülkü damı kimi tikdikləri binalara xaç yapışdıran ermənilər isə, bu mənada, hər yerdə özlərinə  qarşı gülüş doğururlar.  

Dünyadakı davam edən qanlı müharibələr göstərir ki, şanlı Azərbaycan Ordusunun erməni separtizmini məhv etməsi Ermənistanın da bir dövlət kimi yox olmaqdan xilas etmişdir. Bunu yaxşı başa düşən, amma erməni xislətindən dolayı hələ də açıq etiraf edə bilməyən kasıb Ermənistanı cəmiyyəti isə bir vaxtlar onların özünə də yaman şiş kimi yara olmuş xunta rejiminin son qalıqlarının təmizlənməsinə, sadəcə, ağır tikinti texnikasının işinə maraqla tamaşa edən uşaqlar kimi yanaşırlar.  Bu  gün Rusiyadan çox incik olan  ermənilər üçün maraqlı  olacaq bir məqam da bu söküntü işlərində diqqətə çarpır: xuntaçılara məxsus olmuş binaları sökən müasir texnika tikinti tullantılarını rus “Kamaz”larına yükləyib şəhərdən kənara çıxarır.

Əli CABBAROV

Nəşr edilib : 12.03.2024 09:41