AZ EN RU

Xankəndi: dünən, bu gün və sabah

Adlarını heç zaman başda çəkmək istəmədiyim erməni millətçilərinin davam edən terror hücumlarına qarşı 19 sentyabr 2023-cü ildə tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən başladılan və cəmi 24 saatdan da az sürən uğurlu antiterror əməliyyatları nəticəsində dünya Qarabağın inzibati mərkəzi Xankəndinin adını bir daha duydu. Xənkəndi Azərbaycandır!

35 il əvvəl, 1988-ci ildə özünün ən güclü dövrünü artıq arxada qoymağa başlayan sovetlər dövlətinin üzvü olan respublikamızın ən varlı yaşayan bölgələrindən biri olan Qarabağdakı erməni toplumunun yuxusunu qarışdıran və daha sonra illər uzunu burada əbədi yaşamış insanların çörəyinə zəhər qarışdıran bədnam “Miatsum” sərsəmləməsinə qədər buradakı azərbaycanlılarla yan-yana yaşayan bütün digər etnik azlıqlar da Xankəndinin mütləq olaraq bir Azərbaycan şəhəri olduğunu yaxşı bilirdi. Bu gün Ermənistanın açıqca dəstəklədiyi separatizmin tamamilə tarixə gömüldüyü, işğalçı dövlətin belə tanımadığı qondarma qurumun özünü ləğv etdiyi və cinayətkar xunta rəhbərlərinin bir-birinin ardınca yaxalanıb ədalətə təslim edildiyi bir zamanda artıq gözlər gələcəyə, erməniəsilli vətəndaşların Azərbaycana reinteqrasiyası məsələlərinə, 30 il ərzində normal inkişafdan geri düşmüş regionun yenidən bərpasına və öz əzəli sakinlərinə qovuşması proseslərinə dönmüşdür. Bunun, əlbəttə, çox çətin deyil, amma asan da olmayacağını yaxşı bilən Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həm diplomatik müstəvidə, həm də münaqişə sonrası Qarabağda aparılan bərpa işlərində görünməmiş əzm və səbir nümayiş etdirir. Çünki 30 il səbr edib sonunda şəhid qanları bahasına tam suverenliyinə qovuşan ölkəmiz Xankəndinin də sabahının daha aydın və daha şəffaf olacağından əmindir. Amma gəlin bu günün fonunda keçmişə də bir nəzər salaq.

Xankəndi XVIII əsrin axırlarında Azərbaycanın mühüm iqtisadi və mədəni mərkəzlərindən biri olan Qarabağ xanlığında yaşayış məskəni kimi salınıb. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da diqqətə alınmış, xanlığın paytaxtı Şuşanın 10 kilometrliyində, nisbətən dağ ətəyində salınmışdır. Belə ki, bu yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər Xankəndi ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alıb.

XIX əsrin əvvələrində Rusiyanın Şimali Azərbaycanı işğal etməsi bütün bölgələrə olduğu kimi, Qarabağın, Xankəndinin də taleyinə ciddi təsir edib. Rus işğalından sonra  Xankəndinə İrandan köçürülən ermənilər yerləşdirilib, yaltaq və itaətkar olduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin ediliblər. Lakin bununla yanaşı, 1847-ci ilə aid  Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə göstərilib. Şəhərin inkişafı əsasən XX əsrin əvvəllərindən başlayır. Belə ki, 1900-cu ildə Xankəndində 3 min, 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamışdır.

Oktyabr inqilabından sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndidən də yan ötmədi. Sovet hakimiyyətinin ilk illərindən başlayaraq erməni millətçilərinin Azərbaycana torpaq iddiası o zamankı Moskvanın dəstəyi ilə yeni forma almağa başladı. 1923-cü ildə Azərbaycan tərkibində qalmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi və Xankəndi qəsəbəsinin adı dəyişdirilərək bədnam Stepanakert adlandırılması hələ o zaman əkilmiş fitnə toxumları kimi bugünkü ermənilərin beynində metastaz vermiş bəd şişlərin ilk hüceyrələri idi.  

Ötən əsrin ikinci yarısına qədər əsassız səbəblərlə Azərbaycandan parça-parça torpaq qoparmağa müvəffəq olmuş ermənilər SSRİ-nin çöküşündən istifadə edərək yenidən torpaq iddialarına əl atdılar. 1988-ci ildə Xankəndidə baş qaldıran separatçılar guya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi iqtisadi-mədəni inkişafdan geri qalması və bunun üçün regionun Ermənistana birləşdirilməsi kimi sərsəm tələblər irəli sürür, terror əməlləri törədirdilər. Halbuki, o dövrdə mərkəzi Xankəndi şəhəri olan vilayətdə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Buradakı elektrotexniki zavodun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları geniş təlabat görürdü.

Təkcə bu faktlar o dövrdə Qarabağ regionunun inkişafdan geri qalması barədə erməni millətçilərinin 1988-ci ildə ortaya atdıqları iddianı tamamilə rədd edir. Çünki, yuxarıda da qeyd olunduğu kimi, hər 20 ildən bir regionda əhali sayının iki dəfə artması bura üçün böyük inkişaf göstəricisi idi. Ayrıca olaraq, bu müəssisələrin bir çoxu Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə tikilmiş, on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdi. İqtisadi sahədəki inkişaf humanitar sahəyə də öz təsirini göstərmişdi. O dövrdə Xankəndidə sovxoz-texnikum, tibb və musiqi məktəbləri fəaliyyət göstərmiş, 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılmışdır. 1973-cü ildə filial respublika rəhbəri Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil pedaqoji instituta çevrilmiş, onun erməni, Azərbaycan və rus bölmələri fəaliyyət göstərmişdir. Ağdama qədər gələn dəmiryol xətti Xankəndinə də çəkilmiş, şəhərdə müasir dəmiryol stansiyası inşa edilmişdi. Qeyd edək ki, o zamankı inkişaf təkcə Xankəndi üçün deyil, bütün Qarabağ üçün xarakterik idi. Həm də bütün bunlar o zamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin deyil, Azərbaycanın resursları hesabına yaradılmışdı.

Ancaq, indi Qarabağ tamamən azad olunmasından sonra Azərbaycanın reinteqrasiya təkliflərinə rəğmən ötən 30 ildə bulaşdıqları bütün cinayət və kirli əməllərin qorxusundan qaçaraq Ermənistana üz tutan separatçıların yuxu kimi xatırladığı həmin gözəl günlər bir anda sona çatdı. Başqalarının torpaqları hesabına iki yüz illik böyük dövlət qurmaq xəyalları ilə başlatdıqları iyrənc əməllər tezliklə Qərbi Azərbaycanda, Qarabağda və bütün Azərbaycanda yaşayan soydaşlarımızın kabusuna çevrildi. Ermənilər harda gəldi azərbaycanlıları qətl etdi, qadın, uşaq və qocalara işgəncə verdi, cəsədləri vandalca təhqir etdi, yurdundan qovulmuş insanların evlərinin qapı-pəncərəsini, divarların künc daşlarını belə söküb apardılar. Bu gün artıq Azərbaycanı güc strukurlarının tam nəzarət etdiyi Xankəndi şəhərində Ermənistan işğalına qədər yaşamış 17 minə qədər azərbaycanlı sakin də  erməni separatizmindən əziyyət çəkmiş,  çox saylı itkilər vermişlər. Xankəndidə yaşamış sonuncu azərbaycanlı 1991-ci ilin dekabrında artıq bu şəhəri tərk etməli olmuşdu.

Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə Xankəndi hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdi. Buradakı bataqlıqda özlərinə yuva qurmuş və sonralar işğalçı Ermənistanın keçmiş rəhbərləri olmuş Robert Köçəryan, Serj Sarkisyan və bu günlərdə yaxalanan Vardanyan və digər xunta tör-töküntüləri ilə yanaşı Xankəndi buraya qeyri-qanuni səfər edən ermənipərəst Fransa, ABŞ, Almaniya siyasətçilərinin, Çin, İran, Hindistan, Livan mənşəli iş adamlarının, narkotacirlərin, silah və antik əşya qaçaqmalçılarının, hətta Ermənistanda hələ də fəaliyyət göstərən vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının tullantılarının da məskəninə çevrilmişdi. Bütün bu canlı və cansız “tullantılar” zaman keçdikcə daha da çürüməklə təkcə ölkəmiz üçün deyil, bütün Cənubi-Qafqaz üçün böyük təhlükə törədirdi. Ta ki Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə başlatdığı əks hücumu ilə 44 gün ərzində erməni faşizminin belinin qırılaraq üzü cəhənnəmə doğru göndərilməsinədək Qarabağ, onun işğal altında qalmış ətraf rayonları bütün planetmizin qara bir ləkəsi kimi hər kəsi narahat edirdi.

Bu gün, 24 saatdan da az çəkən lokal xarakterli antiterror əməliyyatları nəticəsində məhv edilmiş dırnaqarası rejimin son ünsürlərinin Laçın yolu hərəkət edən dolu maşın karvanları 30 il əvvəl eyni yollarda, amma əks istiqamətdə ac, ayaqyalın hərəkət edən azərbaycanlıları bir daha xatırladır. Əgər o zaman evləri qarət olumuş və iki saatlıq möhlətlə evlərindən qovulmuş azərbaycanlılara erməni terrorçuları avtomat silahlar tuşlayır, onları təhqir edirdilərsə, bu gün küləkdən qopub düşən çürük meyvələr kimi yola düzəlib atılmalı əşyalarını və hətta atlarını, qoyun sürülərini rahatca Ermənistana daşıyan  ermənilərə Azərbaycan əsgəri və Azərbaycan polisi yalnız su, qida və yanacaq yardımı edir, jurnalistlər onlara mikrofon uzadır, Budur fərq! Bu fərqi anlamayan ermənilər və ermənikimilər isə hələ də nədənsə erməni nağılının bitdiyini həzm etməyərək başqa xəyallar qurmaqdadırlar. Ancaq, gec-tez bu reallığı da anlayıb, bu başına gələnlərin bir zamanlar əliyalın azərbaycanlılara qarşı törətdikləri hər cür cinayətlərə qarşı UCA HAQQIN CƏZASI olduğunu biləndən sonra yerdə qalan ermənilər Azərbaycan vətəndaşı kimi Qarabağda qalıb yaşamağın da fərqini görəcəklər.

Bu gün heç bir şəkildə dünyəvi dövlət qura bilməyən ermənilər 1991-ci ildə sovet dövlətinin dağılması ilə digər müttəfiq respublikalar kimi müstəqil olsalar da üzərindən keçən dövrdə de-fakto olaraq heç zaman müstəqil olmamış, dilənçi payı qrantlar, diaspora yardımı və 60-cı illərdən qalma köhnə sovet silahları ilə ovundurlumuş, aldadılmışlar. Nəticədə, bütün regionun Azərbaycan öncüllüyündəki iqtisadi layihələrindən kənarda qalmış, sərhədlərinin belə rus əsgərləri tərəfindən qorunduğu, iri müəssisələrinin Rusiya mülkiyyətinə verlildiyi Ermənistan adlı bir mizer dövlət halına gəlmişdir. Qarabağdan talayıb apardıqları azərbaycanlılara məxsus maddi qiymətlilər tükəndikcə buradakı yeraltı və yerustu sərvətləri də fransızlar Afrikanı sümürən kimi daşıyıb aparan ermənilər daimi olaraq bu statusu qoruyub saxlamaqla əbədi bolluq içində yaşayacaqlarına ümid edir, özlərini dünyanın ən ağıllısı zənn edərək, daha geniş işğal xəyalları qururdular. Ancaq, bəlkə də belə beyinsiz olduqlarına görə unudurdular ki, xalqımız heç nəyi unutmur və separatçıların oyununun qurbanına çevriləcək bədbəxt sarkislər və haykanuşlar bir gün qarşılarında Azərbaycan əsgərini gördüyündə artıq hər şeyin itirildiyini anlayacaqdar. İtirilənlər isə konkret olaraq hər sülh təklifində Azərbaycan dövlətinin onlara təklif etdiyi imtiyazlar, hüquqların təminatı, insanca daha yaxşı yaşayıb inkişaf etməkdir. İnkişafı dilənməkdə, mağaralara silah yığıb qəfil hücumlar etməkdə, sonra da unitaz daşımaqda görən haylar isə bunları görməkdə kor qaldılar.

Bu gün bədnam “Artsax” kəlməsinə görə üzr istəyən erməni rəsmilərinin gözü deyəsən açılıb. Yevlaxa, Xocalıya müzakirələrə gələn erməni təmsilçiləri Şimaldan, Cənubdan yanacaq, ərzaq dilənməklə qarınlarının doyamacaqlarını dərk edərək Azərbaycan dövlətinin onlara uzatdığı yardım əlindən möhkəm tutublar. Bilirlər ki, necə olsa da vətəndaşdırlar. Hər kadrdan gördüyümüz kimi urəklərindəki kin, nifrət gözlərindən oxunsa da, gələcəkdə bir daha xəyanət yolunu tutsalar antirerror əməliyyatından bir gün sonra içdikləri Sirab suyunun, yediklər Zirə çörəyinin burunlarından gələcəklərini də yaxşı bilirlər. Bunu biz Azərbaycan xalqı yox, 200 illik tarix deyir. O tarix ki, Qarabağa köçürüldükləri gündən ermənilərin məhz bu torpağın suyunu içib, çörəyini yediyinə şahiddir. Bu gün Laçın yolundan keçən minsifət ermənilər heç bir təzyiq altında olmadıqları halda yenə hiylə işlədərək gah Qorbaçovu lənətləyir, gah da azərbaycanlılarla duz-çörək kəsdiklərini utanmadan deyirlər. Qorbaçovu deyə bilmərəm, amma bu münasibətin davam etməsi o, şərtlə mümkün olar ki, nə qədər ki, ermənilər Azərbaycan bayrağı altında, Azərbaycan vətəndaşlığını qəbul edərək separatçı meyillərdən birdəfəlik imtina edib bizimlə dinc yanaşı yaşaya bilsinlər!

Bununla yanaşı, biz sabahımıza nikbinik. Bu nikibinlik 10 noyabr 2020-ci ildən sonra Qarabağda başlanan genişmiqyaslı quruculuq və bərpa işlərində, erməni işğalının yaralarının sağalması yönündə dövlətimizin güclü iradəsi hesabına daha da möhkəmlənir. İşğaldan azad olunmuş yerlərdə inşa olunan ağıllı kəndlər, hava limanları və yollar ermənilərin nə qədər sökücü və dağıdıcı olsalar da xalqımızın bu dağıntıların üzərində yeni bir cənnət Qarabağ inşa edəcəyini artıq bütün dünyaya nümayiş etdirir. Mədəniyyət paytaxtımız Şuşanın, Qafqazın Xirosiması Ağdamın, Zəngəzurun qapısı Zəngilanın ardınca Xankəndinə də dəvət olunacaq dünya liderləri, diplomatlar və media təmsilçiləri əslində erməni nağılındakı yeraltı təpəgözlərin nə qədər təhlükəli olduğunu bir daha görəcəklər. Reinteqrasiya proseslərində dinc quruculuq işləri ilə yanaşı belə reallıqların da gündəmdə saxlanılması işğal xülyalarından qurtula bilməyn revanşistlərin ağzının yumulmasının ən yaxşı dinc vasitəsi olacaq. Hər halda bu qədər rüsvayçı məğlubiyyətdən sonra yeni bir dəmir yumruq zərbəsi yeməkdənsə Qarabağa gələcək dark turizm həvəskarlarının paylaşımları qarşısında üz qızarmaq ermənilər üçün ən yüngül cəza olacaq. Əgər utanan üzləri varsa!

Otuz il ərzində Qarabağı viran qoymuş qondarma rejimin süqutundan sonra yaranan yeni mərhələ, yəni reinteqrasya təkcə dağıntıların və qırılmış əlaqələrin yenidən bərpası, sülh münasibətlərinin qurulması ilə deyil, ermənilərin beyninin dərinliyinə qədər nüfuz etmiş xəstəliyin mülaicəsi ilə də davam etdiriləcək çətin bir proses kimi görünür. Çünki, Qarabağda qalmaq və Azərbaycan vətəndaşı kimi daha yaxşı yaşamaq seçimi edən erməniəsilli vətəndaşlar hər nə qədər səmimi və ya qeyri-səmimi bir istəklə ölkəmizdə yaşasalar da hələ uzun müddətcə onlar ən azından Ermənistanın və xaricdəki ermənilərin psixoloji təsirləri altında qalaraq, tipik erməni narazılıqlarından əl çəkməyəcəklər. Misal üçün sabah hansısa bir səbəbdən Xankəndində bir elektrik və ya qaz kəsintisi, yaxud bir sel ucbatından körpü dağıntısı olarsa bunun Marsel və ya Beyrut erməniləri tərəfindən necə və hansı hay-həşirlə tirajlanacağını, az qala “soyqırım” səbəbi kimi qələmə verəcəklərini proqnoz etmək çətin deyil. 30 sentyabrdakı Los-Ancelos erməni provokasiyaları bunun isti faktıdır. Ona görə də ermənilərlə onların başa düşəcəyi dilin istənilən yerdə və məqamda hələ qorunub saxlanılması, bunun müsbət təcrübəsinin həmişə nəzərdə saxlanılmasının gələcək reinteqrasiya proseslərində faydalı olacağını düşünmək olar.

Azad Qarabağda bir daha qanlar axıdılmaması, insanların köçkün düşməməsi naminə ediləcək hər cür humanitar addımı dəstəkləyən Azərbaycan dövləti üçün onun milliyətindən və dinindən asılı olmayaraq hər bir vətəndaşının rahat və xoşbəxt yaşayışı, bu zəngin bölgənin insanlarının da zənginlik içində olması ən böyük arzusudur. Belə olduqda, çox yaxında, bəlkə də heç 5-10 il keçməmiş Azərbaycanın güclü iqtisadi və mədəni potensialını, beynəlxalq nüfuzunu öz şəxsi rifahında görəcək sadə ermənilər də bu dəfə onlara bu qara tarixi yaşatmış bütün ideoloqlarının mənfur izlərini öz yaddaşlarından söküb atacaqlar. Qonşuluqda bərabər yaşayacaqları azərbaycanlılarla birgə.

  Əli CABBAROV

 Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 03.10.2023 13:06