AZ EN RU

Xankəndi AZƏRBAYCAN torpağıdır!

    Adlarını heç zaman başda çəkmək istəmədiyim erməni millətçilərinin davam edən terror hücumlarına qarşı 19 sentyabr 2023-cü il tarixdə şanlı Azərbaycan Ordusu tərəfindən başladılan və 24 saatdan da az sürən uğurlu antiterror əməliyyatları nəticəsində dünya Qarabağın inzibati mərkəzi Xankəndinin adını bir daha duydu. Xankəndi Azərbaycan torpağıdır! 

    35 il əvvəl, 1988-ci ildə artıq özünün ən güclü dövrünü artıq arxada qoyan sovetlər dövlətinin üzvü olan respublikamızın ən varlı  bölgələrindən biri olan Qarabağdakı erməni toplumunun yuxusunu qarışdıran və daha sonra illər uzunu burada əbədi yaşamış insanların çörəyinə zəhər qarışdıran bədnam “Miatsum” sərsəmləməsinə qədər buradakı azərbaycanlılarla yan-yana yaşayan bütün digər etnik azlıqlar da Xankəndinin tarixi bir Azərbaycan şəhəri olduğunu yaxşı bilirdi. Bu gün Ermənistanın açıqca dəstəklədiyi separatizmin tamamilə tarixə gömüldüyü, işğalçı dövlətin belə tanımadığı qondarma qurumun özünü ləğv etdiyi və cinayətkar xunta rəhbərlərinin bir-birinin ardınca yaxalanıb ədalətə təslim edildiyi bir zamanda artıq gözlər gələcəyə, erməniəsilli vətəndaşların Azərbaycana reinteqrasiyası məsələlərinə, 30 il ərzində normal inkişafdan geri düşmüş regionun yenidən bərpasına və öz əzəli sakinlərinə qovuşması proseslərinə dönmüşdür. Bunun, əlbəttə, çox çətin deyil, amma asan da olmayacağını yaxşı bilən Azərbaycan dövləti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həm diplomatik müstəvidə, həm də münaqişə sonrası Qarabağda aparılan bərpa işlərində görünməmiş əzm nümayiş etdirir. Çünki 30 il səbir edib sonunda şəhid qanları bahasına tam suverenliyinə qovuşan ölkəmiz Xankəndinin də sabahının daha aydın və daha şəffaf olacağından əmindir. Amma gəlin bu günün fonunda keçmişə də bir nəzər salaq. 
    Xankəndi XVIII əsrin axırlarında Azərbaycanın mühüm iqtisadi və mədəni mərkəzlərindən biri olan Qarabağ xanlığında, Şuşanın 10 kilometrliyində salınmışdır. İlk illər Xankəndidə ancaq azərbaycanlılar, xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb.  
    XIX əsrin əvvəllərində Rus işğalından sonra Xankəndinə İrandan köçürülən ermənilər yerləşdirilib, onlar da yaltaq və itaətkar olduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin ediliblər. Lakin bununla yanaşı, 1847-ci ilə aid  Rusiya xəritələrində qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə göstərilib. Şəhərin inkişafı, əsasən, XX əsrin əvvəllərindən başlayır. Belə ki, 1900-cü ildə Xankəndidə 3 min, 1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamışdır.
    Sovet hakimiyyətinin ilk illərindən başlayaraq erməni millətçilərinin Azərbaycana əsassız torpaq iddiası ozamankı Moskvanın dəstəyi ilə yeni forma almağa başladı. 1923-cü ildə Azərbaycanın tərkibində qalmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi və Xankəndi qəsəbəsinin adının dəyişdirilərək bədnam Stepanakert adlandırılması hələ o zaman əkilmiş fitnə toxumları kimi bugünkü ermənilərin beynində metastaz vermiş bəd şişlərin ilk hüceyrələri idi.  Daha sonra ötən əsrin ikinci yarısına qədər yenə də əsassız səbəblərlə Azərbaycandan parça-parça torpaq qoparmağa müvəffəq olmuş ermənilər SSRİ-nin çöküşündən istifadə edərək yenidən torpaq iddialarına əl atdılar. 1988-ci ildə Xankəndidə baş qaldıran separatçılar guya Qarabağın Azərbaycanın tərkib hissəsi kimi iqtisadi-mədəni inkişafdan geri qalması və bunun üçün regionun Ermənistana birləşdirilməsi kimi sərsəm tələblər irəli sürür, terror əməlləri törədirdilər. Halbuki o dövrdə mərkəzi Xankəndi şəhəri olan vilayətdə bütün Cənubi Qafqazda tanınan ipək kombinatı, ayaqqabı, xalça, tikiş fabrikləri, süd kombinatı və şərab zavodu fəaliyyət göstərirdi. Buradakı elektrotexnika zavodunun, mebel fabrikinin, tikinti materialları kombinatının məhsulları geniş tələbat görürdü. 
    Ayrıca olaraq, əvvəldə də qeyd olunduğu kimi, hər 20 ildən bir regionda əhali sayının iki dəfə artması bura üçün böyük inkişaf göstəricisi idi. Həm də bu müəssisələrin bir çoxu Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə tikilmiş, on minlərlə yerli sakin yüksək əməkhaqqı, mənzil və digər sosial dəstəklə təmin edilmişdir. İqtisadi sahədəki inkişaf humanitar sahəyə də təsir etmiş, o dövrdə Xankəndidə sovxoz texnikumu, tibb və musiqi məktəbləri fəaliyyət göstərmiş, 1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılmışdır. 1973-cü ildə filial respublika rəhbəri, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə müstəqil pedaqoji instituta çevrilmiş, onun erməni, Azərbaycan və rus bölmələri fəaliyyət göstərmişdir. Ağdama qədər gələn dəmir yolu xətti Xankəndinə də çəkilmiş, şəhərdə müasir dəmir yolu stansiyası inşa edilmişdir. Qeyd edək ki, ozamankı inkişaf təkcə Xankəndi üçün deyil, bütün Qarabağ üçün xarakterik olub, Azərbaycanın resursları hesabına yaradılmışdır. 
    Ancaq indi Qarabağın tamamən azad olunmasından sonra Azərbaycanın reinteqrasiya təkliflərinə rəğmən ötən 30 ildə bulaşdıqları bütün cinayətlərin və kirli əməllərin qorxusundan qaçaraq Ermənistana üz tutan separatçıların yuxu kimi xatırladığı həmin gözəl günlər artıq tarixdə qalıb. Başqalarının torpaqları hesabına böyük dövlət qurmaq xəyalları ilə başlatdıqları iyrənc əməllər tezliklə Qərbi Azərbaycanda, Qarabağda və bütün Azərbaycanda yaşayan soydaşlarımızın kabusuna çevrildi. Ermənilər harada gəldi azərbaycanlıları qətl etdi, qadın, uşaq və qocalara işgəncə verdi, cəsədləri vandalca təhqir etdi, yurdundan qovulmuş insanların evlərinin qapı-pəncərəsini, divarların künc daşlarını belə söküb apardılar. Bu gün artıq Azərbaycan güc strukturlarının tam nəzarət etdiyi Xankəndi şəhərində Ermənistan işğalına qədər yaşamış 17 minə qədər azərbaycanlı sakin də  erməni separatizmindən əziyyət çəkmiş,  çoxsaylı itkilər vermişdir. Xankəndidə yaşamış sonuncu azərbaycanlı 1991-ci ilin dekabrında bu şəhəri tərk etməli olmuşdur. 
    Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə Xankəndi hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdir. Buradakı bataqlıqda özlərinə yuva qurmuş və sonralar işğalçı Ermənistanın keçmiş rəhbərləri olmuş Robert Köçəryan, Serj Sarkisyan və bu günlərdə yaxalanan Vardanyan, Arutunyan və digər xunta tör-töküntüləri ilə yanaşı, Xankəndi buraya qeyri-qanuni səfər edən ermənipərəst Fransa, ABŞ, Almaniya siyasətçilərinin, Çin, İran, Hindistan, Livan mənşəli iş adamlarının, narkotacirlərin, silah və antik əşya qaçaqmalçılarının, hətta Ermənistanda hələ də fəaliyyət göstərən vaxtı keçmiş Metsamor Atom Elektrik Stansiyasının tullantılarının da məskəninə çevrilmişdir. Bütün bu canlı və cansız “tullantılar” zaman keçdikcə daha da çürüməklə təkcə ölkəmiz üçün deyil, bütün Cənubi-Qafqaz üçün böyük təhlükə törədirdi. Ta ki Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə başlatdığı əks-hücumu ilə 44 gün ərzində erməni faşizminin belinin qırılaraq üzü cəhənnəmə doğru göndərilməsinədək Qarabağ, onun işğal altında qalmış ətraf rayonları bütün planetimizin qara bir ləkəsi kimi hər kəsi narahat edirdi. 
    Xankəndidəki lokal xarakterli antiterror əməliyyatları nəticəsində məhv edilmiş dırnaqarası rejimin son ünsürlərinin Laçın yolu ilə hərəkət edən dolu maşın karvanları 30 il əvvəl eyni yollarda, amma əks-istiqamətdə ac, ayaqyalın hərəkət edən azərbaycanlıları bir daha xatırladır. Əgər o zaman evləri qarət olunmuş və ikisaatlıq möhlətlə evlərindən qovulmuş azərbaycanlılara erməni terrorçuları avtomat silahlar tuşlayır, onları təhqir edirdilərsə, bu gün küləkdən qopub düşən çürük meyvələr kimi yola düzəlib atılmalı əşyalarını və hətta atlarını, qoyun sürülərini rahatca Ermənistana daşıyan  ermənilərə Azərbaycan əsgəri və Azərbaycan polisi yalnız su, qida və yanacaq yardımı edir, jurnalistlər onlara mikrofon uzadaraq bəd əməllərinin nəticəsi olan acı aqibətlərindən etiraflarına şahidlik edirlər. Budur fərq! Bu fərqi anlamayan ermənilər və ermənikimilər isə hələ də nədənsə erməni nağılının bitdiyini həzm etməyərək başqa xəyallar qurmaqdadırlar. Ancaq gec-tez bu reallığı da anlayıb, bu başlarına gələnlərin bir zamanlar əliyalın azərbaycanlılara qarşı törətdikləri hər cür cinayətlərə görə UCA HAQQIN CƏZASI olduğunu biləndən sonra yerdə qalan ermənilər Azərbaycan vətəndaşı kimi Qarabağda qalıb yaşamağın da fərqini görəcəklər. 
    SSRİ-nin dağılmasından sonra heç bir şəkildə dünyəvi dövlət qura bilməyən ermənilər dilənçi payı qrantlar, diaspora yardımı və 60-cı illərdən qalma köhnə sovet silahları ilə ovundurulmuş, aldadılmışlar. Nəticədə, bütün regionun Azərbaycan öncüllüyündəki iqtisadi layihələrindən kənarda qalmış, sərhədlərinin belə rus əsgərləri tərəfindən qorunduğu, iri müəssisələrinin Rusiya mülkiyyətinə verildiyi Ermənistan adlı bir miskin dövlət halına gəlmişdir. Ermənilər qanunsuz statusu hər vəchlə qoruyub saxlamağa çalışır, unudurdular ki, dünyəvi inkişaf hər danışıqlarda Azərbaycan dövlətinin onlara təklif etdiyi imtiyazlar, hüquqların təminatı, insanca daha yaxşı yaşamaq ola bilərdi.
    Bu gün bədnam “Artsax” kəlməsinə görə üzr istəyən erməni rəsmilərinin gözü, deyəsən, açılıb. Yevlağa, Xocalıya müzakirələrə gələn erməni təmsilçiləri Şimaldan, Cənubdan yanacaq, ərzaq dilənməklə qarınlarının doymayacaqlarını dərk edərək Azərbaycan dövlətinin onlara uzatdığı yardım əlindən möhkəm tutublar. Ancaq hər kadrdan gördüyümüz kimi ürəklərindəki kin, nifrət gözlərindən oxunsa da, gələcəkdə bir daha xəyanət yolunu tutsalar, antiterror əməliyyatından bir gün sonra içdikləri “Sirab” suyunun, yedikləri Zirə çörəyinin burunlarından gələcəklərini də yaxşı bilirlər. Bunu biz Azərbaycan xalqı yox, 200 illik tarix deyir. Bu gün Laçın yolundan keçən minsifət ermənilər heç bir təzyiq altında olmadıqları halda yenə hiylə işlədərək gah Qorbaçovu, gah özlərini lənətləyir, gah da azərbaycanlılarla duz-çörək kəsdiklərini utanmadan deyirlər. Qorbaçovu deyə bilmərəm, amma Uca şəhidlərimizin ruhuna and içərəm ki, nə qədər ki, onlar Azərbaycanın ərazilərinə kəc gözlə baxır, bircə nəfər də olsun, erməni ilə bir duz-çörək söhbəti olmayacaq. İstəyir lap min il keçsə də! 
    Bununla yanaşı, biz sabahımıza nikbinik. Bu nikbinlik 10 noyabr 2020-ci ildən sonra Qarabağda başlanan genişmiqyaslı quruculuq və bərpa işlərində, erməni işğalının yaralarının sağalması yönündə dövlətimizin güclü iradəsi hesabına daha da möhkəmlənir. İşğaldan azad olunmuş yerlərdə inşa olunan ağıllı kənd­lər, hava limanları və yollar ermənilərin nə qədər sökücü və dağıdıcı olsalar da, xalqımızın bu dağıntıların üzərində yeni bir cənnət Qarabağ inşa edəcəyini artıq bütün dünyaya nümayiş etdirir. Mədəniyyət paytaxtımız Şuşanın, Qafqazın Xirosiması Ağdamın, Zəngəzurun qapısı Zəngilanın ardınca Xankəndiyə də dəvət olunacaq dünya liderləri, diplomatlar və media təmsilçiləri, əslində, erməni nağılındakı yeraltı təpəgözlərin nə qədər təhlükəli olduğunu bir daha görəcəklər. Reinteqrasiya proseslərində dinc quruculuq işləri ilə yanaşı, belə reallıqların da gündəmdə saxlanılması işğal xülyalarından qurtula bilməyən revanşistlərin ağzının yumulmasının ən yaxşı dinc vasitəsi olacaq. Hər halda bu qədər rüsvayçı məğlubiyyətdən sonra yeni bir “Dəmir yumruq” zərbəsi yeməkdənsə, Qarabağa gələcək “dark turizm” həvəskarlarının paylaşımları qarşısında üzü qızarmaq ermənilər üçün ən yüngül cəza olacaq. Əgər utanan üzləri varsa! 
    Otuz il ərzində Qarabağı viran qoymuş qondarma rejimin süqutundan sonra yaranan yeni mərhələ, yəni reinteqrasiya təkcə dağıntıların və qırılmış əlaqələrin yenidən bərpası, sülh münasibətlərinin qurulması ilə deyil, ermənilərin beyninin dərinliyinə qədər nüfuz etmiş xəstəliyin müalicəsi ilə də davam etdiriləcək çətin bir proses kimi görünür. Çünki Qarabağda qalmaq və Azərbaycan vətəndaşı kimi daha yaxşı yaşamaq seçimi edən erməniəsilli vətəndaşlar hər nə qədər səmimi və ya qeyri-səmimi bir istəklə ölkəmizdə yaşasalar da, hələ uzun müddətcə onlar ən azından Ermənistanın və xaricdəki ermənilərin psixoloji təsirləri altında qalaraq tipik erməni davranışlarından əl çəkməyəcəklər. Misal üçün, sabah hansısa bir səbəbdən Xankəndidə bir elektrik və ya qaz kəsintisi, yaxud bir sel ucbatından körpü dağıntısı olarsa, bunun erməni lobbisi tərəfindən necə və hansı hay-həşirlə tirajlanacağını, az qala “soyqırımı” səbəbi kimi qələmə veriləcəyini proqnoz etmək çətin deyil. 30 sen­tyabrdakı Los-Anceles erməni provokasiyaları bunun isti faktıdır. Ona görə də ermənilərlə onların başa düşəcəyi dilin istənilən yerdə və məqamda hələ qorunub saxlanılması, bunun müsbət təcrübəsinin həmişə nəzərdə tutulmasının gələcək reinteqrasiya proseslərində faydalı olacağını düşünmək olar. 
    Azad Qarabağda bir daha qanlar axıdılmaması, insanların köçkün düşməməsi naminə ediləcək hər cür humanitar addımı dəstəkləyən Azərbaycan dövləti üçün onun milliyətindən və dinindən asılı olmayaraq, hər bir vətəndaşının rahat və xoşbəxt yaşayışı, bu zəngin bölgənin insanlarının da zənginlik içində olması ən böyük arzusudur. Belə olduqda çox yaxında, bəlkə də, heç 5-10 il keçməmiş Azərbaycanın güclü iqtisadi və mədəni potensialını, beynəlxalq nüfuzunu öz şəxsi rifahında görəcək sadə ermənilər də bu dəfə onlara bu qara tarixi yaşatmış bütün ideoloqlarının mənfur izlərini öz yaddaşlarından söküb atacaq, azərbaycanlılarla birgə yaşayacaqlar. 

Əli CABBAROV
 Naxçıvan Dövlət Universitetinin dosenti

Nəşr edilib : 04.10.2023 20:28