AZ EN RU

Xanım-xatınlıq, gözəllik, millilik rəmzi – kəlağayı

    Kəlağayı Azərbaycan qadınlarının milli geyim nümunələrinə məxsus olan baş örtüyüdür. Müxtəlif zamanlarda Azərbaycan qadınlarının milli geyimlərini xalqımızın qədim adət-ənənəsinə məxsus ornamentlər bəzəyib. Və ya milli mədəniyyətimizə məxsus geyimlər Azərbaycan adət-ənənəsinə uyğun hazırlanaraq istifadə olunub. Bu geyimlərin hamısında dərin əxlaqi dəyər və keyfiyyətlər öz əksini tapır. O cümlədən baş örtükləri də belə dəyərlərin məcmusu kimi qarşılanır. Azərbaycan qadınlarının baş örtüyü olan kəlağayı da məhz belə dəyərlərin daşıyıcısıdır. Üzərindəki həndəsi və nəbati naxışların hər birinin milli düşüncədən qaynaqlanan anlamı vardır. Kəlağayını isə butasız təsəvvür etmək mümkün deyil. Milli ornamentlərimizdən olan butanın dərin simvolik anlam daşımasını xalqımıza məxsus folklor örnəklərimiz bir daha təsdiq edir. 
    Müxtəlif və həm də seçilmiş rənglərə boyanmış kəlağayıların örtülmə zamanı və məqamı da dərin simvolika daşıyır. Hansı rəng kəlağayını hansı məqamda örtməyi yaxşı bilən qadınlar bununla qədim ənənəyə məxsus adətlərin də qorunmasını da həyata keçirmişlər. Daha doğrusu, kəlağayı qədim adət-ənənənin qorunmasını və gələcək nəslə ötürülməsinin bir növ təminatçısı olmuşdur.
    Azərbaycanın bir çox regionlarında hazırlanan və müxtəlif dövrlərdə istifadə olunan kəlağayılar qədim adət-ənənə daşıyıcısıdır. Şəki rayonunda hazırda da istehsal olunan kəlağayının elə orada həm də muzeyi vardır.
   Qədim adət-ənənənin qorunduğu və aktual şəkildə yaşandığı Naxçıvan torpağında bu qadın baş geyimi növü müxtəlif zamanlarda və hazır­da sevərək istifadə olunmaqdadır. Hətta demək mümkündür ki, Ordubad şəhərində 1865-ci ildən başlayaraq fəaliyyət göstərən ipəkçilik sənayesi zamanı kəlağayı istehsalı da yüksək səviyyəyə çatıb. Burada qadınların sevimli baş örtüyü olan kəlağayı müxtəlif mərasimlərin atributu kimi dəyərləndirilib. Belə ki, istər rənglərinə, istərsə də üzərindəki naxışlara münasib olaraq kəlağayıların istifadə zamanları olmuşdur. Toy mərasimlərində qadınlar al-əlvan kəlağayılar örtərdilər. Novruz bayramı görüşlərində də rəngarəng kəlağayılardan istifadə edilərdi. O cümlədən müxtəlif yaş qruplarına məxsus qadınların fərqli rənglərdə olan kəlağayılara üstünlük verməsi diqqətçəkəndir. Belə ki, gənc qızlar və gəlinlər ağ, qırmızı və əlvan rəngli kəlağayılar, ortayaşlı qadınlar sarı, noxudu və soğanı rəngli kəlağayılar, daha yaşlı qadınlar isə qara rəngli kəlağayılardan istifadə edərdilər. Və bu heç də o demək deyildi ki, sadalanılan yaşa məxsus qadınlar mütləq şəkildə həmin rəngli kəlağayıları istifadə etməli idilər. Məqsədəuyğun idi ki, hər yaş dövründə qadınlar uyğun rəngli kəlağayıdan istifadə etsinlər. Bütün bunlar xalq arasında mövcud olan, kökü qədim ənənədən qaynaqlanan əxlaqi yanaşmaları özündə qoruyur. Həm də hər rəng dərin simvolik anlam daşıyır. Ağ rəng xoşbəxtlik, sədaqət, ehtiram, düzlük, uğur rəmzidir. Bununla yanaşı, ağ rəng, qalibiyyət simvolu kimi də tanınır. Ağ rəngin qalibiyyət mənası daşıması qədim qəhrəmanlıq dastanımız olan “Kitabi-Dədə Qorqud” dastanında da müşahidə olunur. Tədqiqatçıların fikrincə, ağ rəng həm də Tanrının sevdiyi rəngi ehtiva edir. Təsadüfi deyil ki, Tanrıdan istənilən diləklərdə ağ gün, ağ bəxt arzusu da yer almaqdadır. Yuxuda görülən ağ atın xeyir-uğur rəmzi daşıdığı da məlumdur. Odur ki, gənc xanımların ağ rəngli kəlağayıdan istifadə etməsi uğur, xoşbəxtlik, mübarizə apardığı həyatda qalibiyyət mənası daşımaqla bərabər, qədim türk ənənəsindən irəli gələn düzlük, ehtiram, sədaqət rəmzi də daşıyır. Sarı, noxudu, soğanı rənglərin də özünəməxsus simvolikası var. Noxudu və soğanı rənglərin ibtidası olan sarı rəngin də qədim türk ənənəsi ilə bağlı olduğu məlumdur. Sarı rəng dünyanın dərd-ələmini ifadə edir. Sarı rəng insanın dünyagörüşünün, kamilliyinin də təzahür forması sayıla bilər. Odur ki, ortayaşlı qadınlar bu rəngli kəlağayını örtməklə yaşadıqları həyatdan dərin təcrübə qazandıqlarını ifadə etmiş olurlar. Qara rəngli kəlağayıları isə daha yaşlı qadınlar istifadə edirdilər ki, qara rəngin də qədim türk təfəkküründə dərin simvolik məna kəsb etməsi danılmazdır. Qara böyüklük, ucalıq rəmzidir. Həm də qədimlərdə qara rəngdə olan geyim sahibinin dərin hörmət və ehtiram sahibi olduğunu ifadə edirdi. Bu baxımdan qara rəngli kəlağayının daha yaşlı, ağbirçək qadınların istifadə etməsi məqsədəuyğun sayılırdı. 
    Məişət mərasimlərindən olan toy mərasimi zamanı qırmızı rəngli kəlağayıdan istifadə edilərdi. Gəlin öz ata evindən çıxıb ər evinə köçəndə onun üzünə qırmızı duvaq örtərdilər. Həmin duvaq qırmızı kəlağayı olardı. Həm qırmızı rəngin, həm də kəlağayının cazibədarlığı yeni həyata qədəm qoyan insana xalq tərəfindən onun gələcəyi ilə bağlı diləklərində ifadə olunan uğurdadır. O cümlədən qırmızı rəngli kəlağayı və ya xalq dilincə desək, çarqat yeni həyata qədəm qoyanı şər ruhlardan, bədnəzərdən, gözdən qoruduğu haqqında inanc da vardır. Bir sözlə mətndə deyildiyi kimi:

        Zülf salıb üzə dilbər,
        Çıxıbdı düzə dilbər.
        Duvaq salın üzünə
        Gəlməsin gözə dilbər.

    Yeni doğulan körpəni ilk dəfə evinə gətirərkən onu bədnəzərdən qorumaq üçün üstünə qırmızı rəngli örtük örtərlər (bu, əsasən, kəlağayı olur). 
    Kəlağayının adının əks olunduğu Azərbaycanın milli folklor yaradıcılığında maraqlı örnəklər var. İstər bayatılarımızda, istərsə də aşıq yaradıcılığı örnəklərində kəlağayı haqqında məlumat xarakterli təsvirlər yer alır. Aşıq Ələsgərin məşhur “Tellərin” qoşması da bu baxımdan xarakterikdir:

        Gözəl, sənin nə vədəndi
        Kəsilib qısa tellərin?
        Kəlağayı əlvan, qıyqacı
        Üstündən basa tellərin.

    Müxtəlif dövrlərdə qadınların saçlarını kəsdirməsi cəmiyyətdə məqbul qarşılanmadığından onun kəlağayı ilə örtülməsi məsləhət görülürdü. Kəlağayı burada əxlaqi dəyərləri mühafizə edən kimi də simvolikləşdirilir. “Əsli və Kərəm” dastanında da kəlağayının xatırlanması müşahidə olunur:

        Kəlağayının ucu sarı,
        Açılır könlüm qubarı.
        Söylə görüm kimin yarı,
        Yaxan düymələ, düymələ.

    Yazılı ədəbiyyatımızda da kəlağayı haqqındakı qədim ənənəyə xas olan düşüncələr poetikləşdirilmişdir. 
    Kəlağayı öz mövcudluğunda yaşatdığı ən dərin qatlardan qaynaqlanan milli düşüncəyə məxsus əxlaqi dəyərlərin məcmusu və qoruyucusu kimi 2014-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Aytən CƏFƏROVA
AMEA Naxçıvan Bölməsinin
 əməkdaşı, dosent

Nəşr edilib : 25.11.2022 22:01