AZ EN RU

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi: tarixi faktlar sənədlərin dili ilə

    2002-ci ilin avqust ayında AMEA Naxçıvan Bölməsinin açılışı zamanı ümummilli lider Heydər Əliyev demişdir: “Mən daha çox istərdim ki, Naxçıvan xanlığının tarixi çox gözəl yazılsın. Naxçıvan xanlığının çox böyük tarixi var. Bu xanlıq nə vaxt yaranıbdır, fəaliyyəti nədən ibarət olubdur? Axı Naxçıvanı idarə ediblər. İrəvan xanlığı var. Naxçıvan xanlığı və İrəvan xanlığı bir-birləri ilə çox sıx bağlı idi... Naxçıvan xanlığını siz dərindən öyrənəndə mütləq İrəvan xanlığına gedib çıxacaqsınız. İrəvan xanlığı haqqında Ermənistanda tapmadığınız tarixi materialları Rusiyanın arxivlərində, Sankt-Peterburqda, Rus imperiyasının arxivlərində tapacaqsınız və görəcəksiniz ki, dünyada nələr var”.   

    Ulu öndərin söylədiyi bu qiymətli fikirlər sonrakı dövrlərdə xanlığın tarixinin araşdırılması və tədqiqində stimulverici ideyaya çevrilir.
    “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 23 oktyabr 2010-cu il tarixli Sərəncamı məhz ulu öndərin söylədiyi bu fikirlərin icrasına yönəldilmiş mühüm tarixi bir sənəd oldu. 
    Hazırda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin tərkibində öz fəaliyyətini davam etdirən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin fəaliyyət imkanları genişlənmiş, elmi fondlarının və tamaşaçı auditoriyasının kəmiyyət və keyfiyyət tərkibi zənginləşdirilmişdir. Yaradıldığı vaxtdan bu günədək mühüm tədqiqat bazası olan fondlardakı tarixi sənədlərin öyrənilməsi və araşdırılması muzeyin elmi heyətinin qarşısında duran mühüm vəzifələrdən biri hesab edilmiş, araşdırmalar zamanı maraqlı tarixi faktlar üzə çıxarılmışdır. Tədqiqatlardan məlum olur ki, həm Naxçıvan xanlığının, həm də xanlığın ləğvindən sonrakı tarixlərdə hələ də qaranlıq qalan çoxlu səhifələr və qapalı mətləblər mövcuddur ki, zaman-zaman bu tarixlər öyrənildikcə və tədqiq olunduqca həmin mətləblərin üzərinə işıq düşür və aydınlıq gətirilir.
    Tarixi məlumatlardan aydın olur ki, Naxçıvan xanlarının hakimiyyət illəri, əsasən, tarixin qarmaqarışıq, ziddiyyətli bir dövrünə təsadüf edir. Bir tərəfdən Qərbi Avropa dövlətləri, digər tərəfdən, Çar Rusiyası hərbi-siyasi üstünlüklərindən istifadə edərək Qafqazlarda möhkəmlənməyə, xüsusilə neft səltənəti Azərbaycanda, o cümlədən onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda mövqe sahibi olmağa can atırdılar. XIX əsrin əvvəllərindən Rusiya ilə İran arasında baş verən müharibələr nəticəsində 1828-ci ildə bağlanmış “Türkmənçay” sülh müqaviləsi ilə Azərbaycan iki hissəyə parçalandı. Cənub ərazilər İranın, şimal ərazilər isə Rusiya imperiyasının tərkibinə qatıldı.
    XIX əsrin sonu, XX əsrin ilk onilliklərinə aid sənədlərin araşdırılmasından əldə olunan çoxlu sayda tarixi faktlar sübut edir ki, Çar Rusiyasının istəyi təkcə Qafqazı işğal etmək deyil, həm də burada yaşayan müsəlman xalqlarını assimilyasiyaya uğratmaq və xristianlaşdırılmasına nail olmaq, həmçinin Azərbaycanın qədim torpaqlarında – Qarabağda, İrəvanda, Zəngəzurda, Naxçıvanda yaşayan yerli əhalinin sıxışdırılıb çıxarılmasını və gələcəkdə buraya koloniya halında köçürüləcək rusların və ermənilərin daimi məskunlaşdırılmasını təmin etməkdən ibarət idi.
    Çarizm öz siyasətini yerli əyalətlərə tətbiq etməkdə davam edirdi. Sənədlərdən aydın olur ki, əyalətlərdə yerli hakimlər, o cümlədən xanlar, bəylər də öz yerlərində sakit dayanmır, işğalçı dövlətin Qafqaz siyasətinə qarşı mübarizə yolları axtarırdılar. Xalqın təşviş və həyəcanını hiss edən mütləqiyyət bu mənzərədən ehtiyatlanaraq bir neçə qanun imzalasa da, əslində, bu qanunlar yetərsiz idi və xalqın hüquqlarını əks etdirməyən formal kağız parçasından başqa bir şey deyildi. Belə bir gərgin, ziddiyyətli şəraitdə Naxçıvan xanları, bəyləri və sahibkarları əllərindən alınmış dədə-baba torpaqlarını dövlətdən yenidən ağır icarə şərtləri daxilində geri almaq, ondan yararlanmaqdan başqa çarələri qalmamışdı. Onlar itirilmiş torpaqlarını uzunmüddətli icarəyə götürmək üçün çar hökuməti qarşısında vəsatət qaldırırlar. Məlum olur ki, hökumətin nəinki yerli xanlara, bəylərə, sahibkarlara torpağı icarəyə vermək niyyəti vardır, əksinə, yerlərdəki nökərlərinin, məxfi agentlərinin vasitəsilə gizli olaraq Naxçıvanın nəzərdə tutulmuş ərazilərinə qısa müddətdə koloniya halında rusların köçürülməsi və yerli əhalinin sıxışdırılaraq doğma yurdlarından didərgin salınması planları hazırlanmışdır. 
    Tiflis Torpaqşünaslıq və Yer Quruluşu Baş İdarəsinin ştats-sekretarı Krivoşein cənablarına general-mayor Hüseyn xan və onun qardaşı, istefada olan rotmistr Cəfərqulu xan Naxçıvanski tərəfindən 27 yanvar 1912-ci il tarixdə yazılmış xahişnamədə bildirilir: “Keçən ilin sentyabr ayında Əlahəzrətin Qafqazdakı canişini Dövlət Dumasına Qafqazın beş quberniyasında mülkədar və torpaq sahiblərindən müvəqqəti olaraq asılılıq əlaqələrinin kəsilməsi barədə qanun layihəsini irəli sürmüşdür. 
    Sizi məlum edirik ki, İrəvan Quberniyasının bir neçə yaşayış yerlərində mülkədarlıq hüququna malikik. Bu qanun layihəsi kəndlilərin cinsi (natural) və pul gəlirlərini mülkədarların xeyrinə yönəltmiş olur. Özgəninkiləşdirilmiş, hazırda isə kəndli adlarına olan mülkiyyət bizim güzəranımızın tərkib hissəsi idi. Bu mülkiyyətlərin gəlirləri hesabına bizim Xan Evinin təhlükəsizliyi təmin olunurdu. İndiki vaxtda biz kapital qoymağı arzu edirik ki, belə əhəmiyyətli təyinat bizim laxlamış güzəranımızı yaxşılaşdırar və bizə üz vermiş əmlak itkisinin bir qədər ağırlığını yüngülləşdirər”. Sənədlərdə İrəvan Quberniyasının Naxçıvan qəzasında Naxçıvan Meşəçiliyi tərkibində olan “Qaraçuğ” adlanan yaylağın onlara uzunmüddətli – 65 ilədək müddətə icarəyə verilməsi ilə bağlı məsələ qaldırılır və kanal qazmaq yolu ilə torpaqların süni suvarılması üçün Araz çayının suyunu Xok kəndinin içərisindən çəkərək, bütün işlərin, texniki qurğuların istehsalına tələb olunan xərclərin, bütövlükdə, öz üzərlərinə götürülməsi qeyd edilir.
    6 aprel 1912-ci il tarixdə Naxçıvan Meşəçilik Təsərrüfatının rəisi Arxipov tərəfindən Dövlət Əkinçilik və Əmlak İdarəsinə məruzə göndərilir və bildirilir ki, Naxçıvan xanları vəsatət qaldırırlar ki, həmin sahələr 65 il müddətinə onlara icarəyə verilsin. Əgər onlara icarəyə verilərsə, hər il 5804 manat 48 qəpik xalis gəlir əldə edərlər. Torpaqların süni suvarılması üçün Xok kəndindən keçmək şərtilə Araz çayından su çəkmək üçün texniki qurğuların tikilməsinə tələb olunan bütün xərcləri  Naxçıvan xanları öz üzərinə götürürlər. Sənədin sonunda göstərilir: “Bir daha nəzərə alsaq ki, suvarılan torpaqların ictimai əhəmiyyəti böyükdür, bitkiçiliyin əsası qoyulur, pambıq, buğda və başqa bitkilər əkilir, güman edirəm ki, Naxçıvan xanları tərəfindən yaradılmış şərait dövlətə xeyirli və əlverişli olar”.
    Araşdırmalar göstərir ki, o dövrdə Şərur-Dərələyəz torpaqlarını icarəyə götürmək arzusunda olanlar təkcə Naxçıvan xanları olmayıb. Ayrı-ayrı yerli və xarici sahibkarlar da bu hüquqdan yararlanmağa can atırdılar. Naxçıvanda, Şərur-Dərələyəzdə “Şangirey göl” , “Hacı Niyyət” deyilən torpaq sahələrini uzunmüddətli icarəyə götürmək üçün yerli sahibkarlardan Hüseynqulu İbadulla oğlu, Cəhri kəndindən Seyid Tağı Mir Feyzulla oğlu, Kərbəlayi Məhəmməd Kərbəlayi Həsən oğlu yerli hökümət orqanları qarşısında vəsatət qaldırırlar. 
    Həmin vəsatətlərə baxılmasına və tədbirlər görülməsinə qədər qəzada tamamilə əks proseslər baş verirdi. Naxçıvan şəhərinin baş (böyük) nəzarətçisi Y.Xarkoveviç 10 may 1912-ci il 139 nömrəli ərizəsi ilə İrəvan Dövlət Əkinçilik və Əmlak İdarəsinə məktubla müraciət edir və bildirir: “Bu ilin aprel ayının 6-da 115 nömrəli məktubumla dövlət meşəçiliyinin töycü torpaqları olan “Qaraçuğ” torpaq sahələrinin məsələsi barədə demişdim ki, o torpaqları heç bir işgüzara və ya digər şəxslərə uzunmüddətli icarəyə vermək olmaz. Çünki onu qoruyub dövlətin ixtiyarında dövlətin ehtiyacları üçün saxlamaq lazımdır. 
    Son illərdə ayrı-ayrı şəxslər bu torpaları uzunmüddətli icarəyə götürmək həvəsindədirlər və böyük müvəffəqiyyətlə qısa vaxt ərzində 1000 desyatinlərlə torpaqlar suvarılaraq bir neçə iri rus kəndinə töycü ödənilib. Yaxın gələcəkdə hətta rus soy-kökündən olan rus əhalisi də gələcək səhrada salınan kəndlərin təməlini qoyacaq, həmin ərazilərdə məskunlaşdırılacaqlar. “Qaraçuğ” sahəsi özünün coğrafi iqlim və torpaq keyfiyyəti cəhətdən Muğanın geniş səhra şəraitilə müqayisədə çox əlverişli və yaxşıdır. Bu torpaqlar, bütövlükdə, təbiət qüvvələri ilə (quraqlıqla) mübarizə aparılmadan buxar nasosları vasitəsilə Arpa çayından suvarıla bilər. O zaman orada bütün bitkilər – çörəklik, bostan bitkiləri, yemlik, fabrikalıq bitkilər, həmçinin meşə tingləri, meyvə ağacları, bağçılıq və ağac materialı bitkiləri əkmək olar. Bir sözlə, “Qaraçuğ”un suvarılması ideal köçürülmə sahəsi kimi özünü büruzə verər və orada böyük rus koloniyası yaranmasına şərait yaradar. Mənə həvalə edilmiş Naxçıvan, Şərur-Dərələyəz qəzasında və onlara məxsus torpaq ərazilərində çox şeylər əldə etmişəm. Xüsusilə yerli əhalinin məişəti ilə dərindən tanış olmuş, bu barədə geniş məlumatlar toplamışam. Bildirirəm ki, başqa yerlərə baxmış bu ərazilər kənardangəlmə, əlbir rus xalqlarının məskunlaşması üçün daha çox əlverişlidir. “Qaraçuğ” və onunla həmsərhəd olan bütün dövlət torpaqlarını təxirəsalınmadan öz hesabıma suvarılmasını, münbit hala salınmasını və sonra isə orada rus koloniyalarının yaradılmasını həyata keçirəcəyəm”.
    Sənədlərdə, həmçinin rusların koloniya şəklində Naxçıvan torpaqlarına köçürülməsinə və buralarda rus koloniyalarının yaradılmasına aid qeyd olunan fikirlərdə bildirilir: “Əyri yolla olmuş olsa da, buraya qoşun yeridilməsinə şərait yaradılmasına əvəzsiz xidmət etmiş olarıq. Strateji inşaat baxımından dəyərli Uluxanlı-Culfa dəmir yolu üçün təbii çay sərhədi olan Araz çayı üzərindən kapital körpü tikilmiş, Təbrizə qədər şose yolu çəkilmişdir ki, o da dəmir yolu üçün etibarlıdır. Orada Xoka qədər yaxşı torpaq təkər yolu çəkilmiş, Naxçıvan vağzalının yaxınlığında hərbi məqsədlər üçün kazarmalar tikilmiş, hazırda isə Naxçıvan yaxınlığında böyük karvansaralar, at tövlələri salınır, aşağı vəzifəlilər (rütbəlilər) və zabitlər üçün kazarma, kazak polkunun həmişəlik yaşaması üçün evlər tikilir. Səslər eşidilir ki, burada başqa qoşun hissələri də yerləşdiriləcək. Bu yaxınlarda böyük rus koloniyalarının yaradılaraq həmin ərazilərdə yerləşdirilməsi hər şeyi aydınca ortaya qoyur və burada artıq şərhə ehtiyac yoxdur”.
    Beləliklə, böyük imperiyaların, işğalçı dövlətlərin çirkin siyasətlərinin nəticəsi olaraq bu gün də Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda, onun əzəli torpaqlarında, Qarabağda, Naxçıvanda xalqımızın dincliyini, əmin-amanlığını pozan, müstəqil dövlətçiliyimizə təhlükələr yaradan böyük hadisələr baş verir. Lakin bu da həqiqətdir ki, Azərbaycan bugünkü beynəlxalq nüfuzu, Qarabağ torpaqlarının erməni işğalından azad edilməsi, dünya siyasətində tutduğu mövqeyi və dövlətlərarası hərbi-siyasi əlaqələrinin möhkəmləndirilməsi ilə bu cür təhlükələrin qarşısını vaxtında almağa qadir olduğunu sübut edir.

Nəzakət ƏSƏDOVA
“Xan  Sarayı” Dövlət Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma 
Altında Muzey Kompleksinin direktoru, 
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi

Nəşr edilib : 16.12.2022 20:30