AZ EN RU

Xalqının müzəffər Lideri

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, mühüm işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırdı: “Üzümü sizə – həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
    2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi xalqımız Azərbaycana Prezident seçməklə ölkəmizin inkişafı, tərəqqisi və milli maraqlarımızın qorunması missiyasını Ona həvalə etdi. Bununla Azərbaycan xalqı həm də Heydər Əliyev siyasi kursuna səs verdi və Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. 
    Prezident cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyev yenidən inamlı qələbə qazandı. 
    Ölkə başçısı cənab İlham Əliyev Azərbaycanın dinamik inkişafını, tərəqqisini, çiçəklənməsini verdiyi praqmatik qərarlarla, imzaladığı sərəncam və fərmanlarla təmin edən qurucu, intellektual, bacarıqlı dövlət xadimi olduğunu bütün dünyaya nümayiş etdirdi.
    Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişaf, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. 
    Aparıcı dünya dövlətləri Cənubi Qafqazın tərəqqi və yüksəlişini Azərbaycandan kənarda görmür, respublikamızın mövqeyi ilə tam hesablaşırlar. Ölkəmiz düşünülmüş neft strategiyası ilə, ümumən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan strateji əhəmiyyətli dövlətə çevrilir. Müstəqil daxili və xarici siyasət yeridən ölkə rəhbərliyi milli maraqlarımızı layiqincə müdafiə edərək bütün təhdidləri aradan qaldırdı.
    Prezident cənab İlham Əliyevin ötən dövrdə verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirməsi, xalqımızın Ona olan sevgisini artırdı, yürütdüyü xarici siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını çoxaltdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur.
    Əsrə bərabər 20 ilin zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 
     Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. 
    Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur”, – deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”. Ölkə Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu sözlər hər bir azərbaycanlıda böyük sevinc və qürur hissləri yaratdı. Bu böyük qələbə, eyni zamanda Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. “Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir”, – deyən Prezidentimizə olan inamı, sevgini birə-beş artırdı. 
    “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu Öndərin Prezidentimiz cənab İlham Əliyev haqqında dediyi bu fikirlərin hər keçən gün öz təsdiqini tapdığının, hər bir azərbaycanlının Prezidenti olduğuna şahidlik edirik. Bu isə o deməkdir ki, müqəddəs, sarsılmaz və qüdrətli dövlətimiz etibarlı əllərdədir.
    Xoşbəxt o xalqdır ki, onu inkişaf etdirən liderləri olur. Cənab İlham Əliyev xalqın alternativsiz lideri, xilaskarıdır.

Ülviyyə HƏMZƏYEVA
Azərbaycan Respublikası Milli Məclisinin
 deputatı

Nəşr edilib : 14.11.2023 18:26