AZ EN RU

Xalqın vahid ideologiya ətrafında birliyi, həmrəyliyi ulu öndərin adı ilə bağlıdır

    Hər bir xalqın taleyi ilə bağlı böyük ideyalar yalnız fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti sayəsində gerçəkləşir. Bu mənada, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın tarixi taleyi ilə bağlı qəbul etdiyi mühüm qərarlardan biridir. 
    Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşməsi ideyasının müəllifi “Bizim hamımızın bir vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq Azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, – deyən Ulu Öndərimiz Heydər Əliyev olmuşdur. Belə ki, 1990-1993-cü illərdə Naxçıvandan başlanan Heydər Əliyev xilaskarlıq missiyasının əsas qayəsini məhz xalqımızın vahid ideologiya ətrafında birləşməsi təşkil edirdi. 1991-ci il dekabrın 16-da Ümummilli Liderimizin rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Qərar qəbul olunmuşdur. Həmin qərara əsasən 1991-ci ilin 31 dekabr tarixi muxtar respublikada ilk dəfə olaraq həmrəylik bayramı kimi qeyd edilmişdir. 
    Ötən əsrin son onilliyində dahi şəxsiyyətin rəhbərliyi və təşəbbüsü ilə atılan bu qətiyyətli addım dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynamışdır. Dünya azərbaycanlılarının vahid ideologiya ətrafında təşkilatlanması və birləşməsi istiqamətində Ulu Öndərin həyata keçirdiyi bu uzaqgörən siyasət müstəqil Azərbaycanın gələcək inkişafına əsaslı zəmin yaradan faktorlardan biri olmuşdur. 
    Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın qurtuluş, özünə qayıdış dövrü oldu. Ona görə ki, həmin dövrdə muxtar respublikada görülən məqsədyönlü işlərdə milli birlik və həmrəylik ön sırada dayanırdı. İşğal təhlükəsi ilə üz-üzə qalmış, dünyadan, demək olar ki, təcrid olunmuş Naxçıvanın sabaha gedən yolu, məhz muxtar respublika sakinlərinin Ümummilli Liderimizin ətrafında sıx birləşməsi, milli həmrəylik nümayiş etdirməsi ilə mümkün oldu. Təsadüfi deyil ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də milli birlik və həmrəylik, Azərbaycançılıq olmuşdur. 
    Dünya azərbaycanlılarının milli həmrəyliyi istiqamətində görülən işlər Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra daha da genişləndi, Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparıldı. Dünya azərbaycanlılarının müstəqil dövlət, vahid məqsəd ətrafında sıx birləşdirilməsi ideyasının müəllifi olmuş Ümummilli Liderimiz xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə diasporumuzun nümayəndələri ilə görüşlər keçirdi, onların problem və qayğıları ilə yaxından maraqlandı. Bu görüşlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün mənəvi dayaq və güvənc yeri oldu. Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay oldu. Bu qurultay milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini verdi. Ümummilli Lider həmin qurultayda çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkərək bunun üçün zəruri olan istiqamətləri diqqətə çatdırdı. Qurultay müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması baxımından mühüm tədbir olmaqla yanaşı, soydaşlarımızın həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Bu mühüm tədbirdən sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, dünya azərbaycanlılarını birləşdirən təşkilatlar daha aktiv fəaliyyət göstərməyə başladılar. Görülən işlərin nəticəsidir ki, hazırda dünyanın müxtəlif yerlərinə səpələnmiş azərbaycanlılar yaşadıqları xarici ölkələrdə cəmiyyətin iqtisadi, ictimai-siyasi və mədəni həyatına daha çox inteqrasiya olunur, həmin ölkələrlə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında yaxından iştirak edirlər. 
    Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin milli birlik, həmrəylik və Azərbaycançılıq ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlılıqlarının artırılmasına mühüm töhfələr vermişdir. Eyni zamanda bu günədək keçirilən qurultaylar ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynamışdır. Prezident cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinin yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan verdi. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Bundan 3 il sonra – 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayları keçirildi. Bu qurultaylarda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm, ictimai və mədəniyyət xadimləri, sahibkarlar iştirak etdilər. Qurultaylar düşmən təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynamış, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrilmişdir.
    Bu gün xarici ölkələrdə yaşayan soydaşlarımızın ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranıb. İldən-ilə siyasi, iqtisadi, mədəni, diplomatik nüfuzu artan Azərbaycan artıq beynəlxalq aləmdə mühüm tərəfdaşlardan birinə çevrilib. Ölkə Prezidenti tərəfindən dünya azərbaycanlılarının toplaşdığı diaspor təşkilatları ilə daha yaxından iş aparılır. Bunun nəticəsində Azərbaycan haqqında məlumatlar daha obyektiv və sistemli şəkildə bütün dünyaya çatdırılır. Milli birliyimiz və həmrəyliyimizin sarsılmazlığının təcəssümü isə 2020-ci il  sentyabrın 27-də başlayan Vətən müharibəsində özünü bir daha təsdiqlədi. Azərbaycan dövlət-ordu-xalq şəklində – bir yumruqtək birləşərək 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad etdi. Dünya Azərbaycan xalqının bu birliyinin nələrə qadir olduğunu aydın şəkildə dərk etdi. Tarixi Zəfər nəticəsində daha da möhkəmlənən milli həmrəyliyimiz bu gün ictimai-siyasi həyatın bütün sahələrində özünü göstərir. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər milli dövlətçilik salnaməmizdə həm də ona görə müstəsna əhəmiyyətə malikdir ki, bu Böyük Qələbə yeni-yeni möhtəşəm tarixi günlərimizə vəsilə olur, qürurun ardınca qürur gətirir. Mədəniyyət paytaxtımız Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi isə dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizin milli yaddaşına fəxarət hissi kimi əks olundu. Bu möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Ölkə başçısı cənab İlham Əliyev bu il aprelin 22-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxış edərək demişdir: “Buraya gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Bildiyiniz kimi, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ilk qurultay 2001-ci ildə keçirilmişdir. Ulu Öndər dərin məzmunlu çıxışında, eyni zamanda təbii ki, Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Biz – Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə Şuşaya, qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax, belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bura bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
    Məlum olduğu kimi, Prezident cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl uğurlu siyasət həyata keçirir. İqtisadi rayonlar üzrə Prezidentin xüsusi nümayəndəliklərinin yaradılması prosesinin davamı kimi dövlət başçısının müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası üzrə Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutu yaradılıb. Bu siyasi addımın yerli əhali, xüsusilə ictimaiyyət nümayəndələri, ziyalılar tərəfindən Naxçıvan Muxtar Respublikasının sürətli inkişafının yeni mərhələsi kimi səciyyələndirilməsi, Naxçıvanda aparılan islahatların reallaşmasında fəal iştirak dövlət-xalq birliyinin növbəti təzahürüdür. 
    Milli həmrəyliyimizin hədəfi isə vahid Azərbaycan, Azərbaycanın əzəli və əbədi torpaqlarının geri qaytarılmasıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlığı zamanı Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə demişdir: “...Xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerləyeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”. 
    Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycan bu gün bütün dünya azərbaycanlılarının güvənc yeridir. Tarixi Qələbədən keçən iki il müddətində dünya azərbaycanlıları milli mənlik şüuru əsasında sıx birləşməyin əhəmiyyətini indi daha dərindən dərk edirlər. Hər kəs anlayır ki, Azərbaycan xalqının varlığı və gələcəyi, milli dövlətçiliyimizin əbədi olaraq davam etməsi dünya azərbaycanlılarının birliyindən və mütəşəkkilliyindən çox asılıdır. 
    Ölkə Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində dünya azərbaycanlılarına müraciətlərinin birində dediyi kimi: “Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir”.

“Şərq qapısı”

Nəşr edilib : 30.12.2022 23:09