AZ EN RU

Xalqın sevgisi əvəzsizdir

 Bu sevgini qazanmağı bacarmaq isə əsl liderlikdir

Zəfər seçkisinin baş tutduğu həmin gün səhərin erkən saatlarından seçki məntəqələrində insanların səsvermə hüququndan istifadə etmələrini izləyəndə yaşı 80-i ötmüş, gözünün nuru azalmış nənənin  yanındakı insanlara “Sizi Allaha and verirəm, Əliyevin oğluna səs verəcəm, düzünü deyin, hansıdır onun adı?” Vətən savaşında tək oğlunu qurban verən şəhid anasının “Oğlum onu seçdi, arxasınca getdi, qalib oldu. Mən də oğlumun uğrunda canından keçdiyi Vətənin işıqlı gələcəyinə səs verirəm”, – deməsi,  sağ əlini Vətən müharibəsində bir ovuc torpağa qurban verən qazinin sol əli ilə “Daim əmrindəyik, yanındayıq, Müzəffər Komandan” yazmasını görəndə keçmişin çətin günlərini xatırlayıram.
90-cı illərin çətin günlərində dahi rəhbər Naxçıvanda ölüm-olum mübarizəsi aparan insanlarla birlikdə düşmənə sinə gərəndə Qarabağda, ümumilikdə, Azərbaycanın digər bölgələrində siyasi hərc-mərclik baş verir, qardaş qırğını ilə üzləşirdik. Həmin illər idi ki, Xocalı soyqırımı, ardınca cənnət Şuşa və Laçın düşmənə peşkəş verilirdi. Bacarıqsız rəhbərlər düşmən hücumunun qarşısını almaq əvəzinə qeyri-qanuni silahlı birləşmələrlə üz-üzə gəlir, qardaş qırğınına yol açırdı. Bütün bunlar isə Birinci Qarabağ müharibəsində məğlubiyyətə gətirib çıxardı. Çünki tarixboyu heç bir antimilli hakimiyyət müharibədə qələbə qazana bilməyib və Azərbaycanda da belə oldu. 
Həmin dövrdə Naxçıvanda baş verənləri yaxından izləyənlər, xalqın düşünən beyinləri bu çətin və xaos vəziyyətdən çıxış yolunu, nicatı Ulu Öndərin hakimiyyətə qayıdışında görürdü. Elə məhz buna görə də insanlar Onun hakimiyyətə gəlməsini tələb edirdilər. Qəzet və televiziya vasitəsilə Heydər Əliyevə müraciətlər edir, Naxçıvana gəlir, ondan imdad diləyirdilər. Hətta Qarabağda döyüşlərdə əsir düşənlərin valideynləri Naxçıvana üz tutur, dahi rəhbərdən onlara kömək etməsini istəyirdilər. Xalqın səsinə, çağırışlarına, Vətənin düşdüyü vəziyyətə biganə qala bilməyən dahi rəhbər həyatını təhlükəyə ataraq Bakıya qayıtdı və xalqın təkidli tələbi, səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Həmin gündən döyüşlər səngiməyə başladı. Hakimiyyətə vəzifə üçün yox, xalqa xidmət etmək üçün gəldiyini dəfələrlə dilə gətirən dahi rəhbər bunu sübuta yetirdi. 
Xalq dahi rəhbərinə ilk dəfə 1993-cü ildə etimad göstərəndə Azərbaycan yox olmaq təhlükəsi qarşısında olsa da, xalqın Ulu Öndərinə inamı Vətənimizi çətin vəziyyətdən xilas etdi. Azərbaycanı ayağa qaldıran dahi rəhbər bu qədim diyarı dünyaya tanıdıb, haqq səsini hər kəsə duyurdu. Canından çox sevdiyi Azərbaycanı gələcəyin Müzəffər Sərkərdəsi olacağına əmin olduğu siyasi varisinə, onu isə xalqına əmanət etdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”, – deyib canından çox sevdiyi Vətən torpağında əbədiyyətə yollandı. Dahi rəhbərin xalqına əmanəti olan siyasi varisini xalq öz övladı kimi bağrına basıb daim onun arxasında dayandı. 
    Gün gəldi, vaxt-vədə yetişdi, vaxtilə xalqı bir çağırışı ilə meydanlara toplayıb, haqq səsini dünyaya çatdırıb, qardaş qırğınının, işğalın qarşısını alan dahinin oğlu bir çağırışla xalqı ayağa qaldırıb “Qarabağ Azərbaycandır!” şüarı ilə irəli atıldı. Dünyaya öz siyasi iradəsi, güclü ordusu, hər zaman bir olan xalqı ilə meydan oxudu. Bu xalq son 200 ildə ilk dəfə bütöv Azərbaycan deyə bildi. Bu xalq öz əsgəri, müəllimi, əkinçisi, həkimi ilə tarix yazdı. Dünya cəmi 44 gündə xalqın Vətən, rəhbər sevgisinə şahid oldu. İllərdir, həsrətlə yollara baxan gözlərdəki həsrət bitdi həmin gün. 
Və bu gün hər səhər yuxudan ayılanda xəbər saytlarından gördüyümüz ilk xəbər Laçına, Zəngilana, Füzuliyə növbəti köç yola salındı olur. Bu köç illər əvvəlki köçlərdən deyil, əbədi qayıdışdır. Hər dəfə Vətənin oğluna etimad göstərmək üçün seçki sandığının başına gedib ümidlə səs verdikdə arzuladığımız köç. 
Ulu Öndərin yaxınlarından eşitmişdim ki, O, 7 rəqəmini çox sevirmiş. Necə bir təsadüfdür ki,  keçirilən prezident seçkiləri elə ayın 7-də Ulu Öndərin yoluna 7-ci dəfə etimadı oldu bu xalqın. Bəlkə də, bu təsadüf deyil, yüz ildə bir dəfə dünyaya gələn dahinin, Tanrının Azərbaycan xalqına lütfü olan Ümummilli Lider Heydər Əliyevin arzusu idi ki, reallığa çevrildi. Müqəddəs rəqəm sayılan yeddinin sehrli gücü idi, bəlkə də. Bütöv Azərbaycanın Cıdır düzündə dünyanın ən uca və legitim tribunasından qələbə çıxışı edən liderinin səsinə səs verməyi ona sonsuz etimadıdır. 

Ramiyyə ƏKBƏROVA 
 

Nəşr edilib : 05.03.2024 14:18