AZ EN RU

Xalqın öz rəhbərinə olan inamı Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların tarixi torpaqlara, ata-baba yurdlarına qayıtmalarını təmin edəcək

        Qədim Azərbaycan torpağı Qərbi Azərbaycanın tarixi, eləcə də AMEA Naxçıvan Bölməsi tərəfindən bununla əlaqədar görülən işlər və qarşıya qoyulan məsələlər barədə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevlə həmsöhbət olduq:

    – İsmayıl müəllim, xoş gördük sizi. Qərbi Azərbaycan qədim Azərbaycan torpağı olmasına baxmayaraq, ermənilər illərlə bu torpaqlardan azərbaycanlı irsini silməyə çalışdı. Lakin tarixi necə silmək olar? İsmayıl müəllim, Qərbi Azərbaycan haqqında bir də sizdən eşidək.
     – Qərbi Azərbaycan tarixi Azərbaycan ərazisidir. Burada bizim əcdadlarımız yaşamış, yaratmış və məkrli düşmənlərimiz nə qədər çalışsalar da, onların izlərini silə bilməmişlər. Bu ərazilərdə olmuş tarix və mədəniyyət abidələri, coğrafi adlar buranın sakinləri haqqında obyektiv məlumatlar verir. Ermənilər bu torpaqlara son əsrlərdə gəlmişlər, bu yerlərin aborigen sakinləri deyillər. Tarixi sənədlər və tarixi xəritələr, orta əsr səyyahlarının yol qeydləri Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu sübut edir. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, yaşayış yerlərinin tam əksəriyyəti Azərbaycan mənşəlidir. Qərbi Azərbaycan deyəndə İrəvan və Gümrü şəhərləri, Dərələyəz, Zəngibasar, Vedibasar, Göyçə, Dərəçiçək, Qərbi Zəngəzur, Mehri, Ağbaba bölgələri yada düşür. Qərbi Azərbaycan coğrafi ərazi kimi Şimali Azərbaycanın tarixi bir hissəsidir.
    – Ermənilər nə vaxtdan və hansı məqsədlə torpaqlarımıza köçürülüb?
    – Haylar deyilən ermənilər Balkan yarımadasında yaşamışlar. Həmin ərazidən qovulduqlarından Dəclə və Fərat çaylarının şimal ərazilərinə gəlib çıxmışlar. Erməni tarixçisi Q.Kapansyan yazır ki, “arim” adlanan hind-avropa tayfası Balkanlardan Kiçik Asiyanın Hetlər ölkəsinə yerləşdilər, sonra isə eradan əvvəl VII-VI əsrlərdə Ərmən yaylasına köçərək “ərmən” adlandılar. Ermənilər sonra zəifləmiş Urartu dövlətinin ərazisində peyda olmuşlar. Qaraqoyunluların hakimiyyəti dövründə hökmdar Cahanşahın icazəsi ilə 1441-ci ildə erməni katolikoslarının fəaliyyət mərkəzi Klikiyanın Sis şəhərində Azərbaycana – İrəvan yaxınlığındakı Üçkilsə (Üçmüədzin) monastırına köçürüldü. Beləliklə, Üçkilsə bütün ermənilərin dini mərkəzinə çevrildi. Səfəvi hökmdarları isə onlara əlverişli şərait yaratdı. Çar Rusiyasının köməyi ilə ermənilərə torpaq sahələri verildi. Rusiya ilə Qacarlar arasındakı müharibədən sonra – 1828-1830-cu illərdə İrandan Şimali Azərbaycana 40 min, Osmanlı dövləti ərazisindən daha 90 min nəfərdən artıq erməni köçürülüb yerləşdirildi. Ermənilər Şimali Azərbaycan torpaqlarına – İrəvan, Naxçıvan və Qarabağ ərazilərinə xüsusi məqsədlə, yəni onlara daimi vətən yaratmaq niyyəti ilə köçürülürdü. Bu çirkin siyasətin həyata keçirilməsində Rusiya ordusunda xidmət edən erməni zabitləri fəal iştirak edirdilər. Köçürülən ermənilər İrəvan xanlığının 247 kəndində, Naxçıvan xanlığının 43 şəhər və kəndində və Ordubad dairəsinin 5 kəndində yerləşmişdir. Naxçıvana 2551, Ordubada isə 266 ailə köçürülmüşdü. 1918-ci il iyun ayında Batum müqaviləsinə görə, Azərbaycanın 9 min kvadratkilometr ərazisində Ararat (Ermənistan) Respublikası yaradıldı. İrəvan şəhəri isə paytaxt kimi Ermənistana verildi. Bununla kifayətlənməyən Ermənistan Azərbaycanın daha 20,8 min kvadratkilometr ərazilərini tutaraq sahəsini 29,8 min kvadratkilometrə çatdırdı. Bu da Ermənistan üçün son hədd deyildi.
    – Qərbi Azərbaycan torpaqlarının azərbaycanlısızlaşdırılmasına və Qarabağ münaqişəsinə hazırlıq mərhələsinə necə başlandı? 
    – Ermənilər böyük dövlətlərin, xüsusilə çar və bolşevik Rusiyasının köməyi ilə dövlətlərini yaratdıqdan sonra özləri üçün qarşıya iki vəzifə qoymuşdular: Ərazilərini genişləndirmək, demoqrafik vəziyyəti özlərinin xeyrinə həll etmək. Onlar ikinci vəzifədən başlamışdılar. 1905-1906-cı illərdə azərbaycanlıların yaşadıqları ərazilərdə silah gücünə etnik təmizləmə siyasəti həyata keçirməyə başladılar. Bu vaxt onların hələ dövlətləri yox idi. Ermənilər Cənubi Qafqazın 14 qəzasında və 8 şəhərində kütləvi qırğınlar törətmişlər. Bu qırğınlar Qərbi Azərbaycan ərazilərini də əhatə etmişdi. Belə ki, Qərbi Azərbaycanın 200-ə qədər yaşayış məntəqəsi dağıdılmış, çoxsaylı azərbaycanlılar qətlə yetirilmişdi. Zəngəzur qəzasında 217 kənd, bütövlükdə, dağıdılmışdı, əhalinin xeyli hissəsi vəhşicəsinə öldürülmüşdü. Zəngəzur qəzasının 4,5 min kvadratkilometr ərazisi Ermənistana ilhaq edilmişdi. Həmin ərazidə 9-cu qəza olan Zəngəzur qəzası yaradıldı. 1929-cu ildə Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilməklə Zəngəzurda daha bir erməni rayonu – Mehri rayonu təsis edildi. 1918-1920-ci illərdə Qərbi Azərbaycanın şəhər və kəndlərində yaşayan azərbaycanlılar soyqırımına məruz qaldı. Ermənilərin əsas məqsədi bu ərazilərdən azərbaycanlıların çıxarılması idi. Bunun üçün ən vəhşi vasitələrdən istifadə edirdilər. Qarabağ ermənilərin həmişə maraq dairələrində olub. Köçürülən ermənilərin müəyyən qismi burada yerləşdirilmişdi. 1920-ci ilin sonundan başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün səy göstərirdilər. 1921-ci ilin iyun ayının əvvəllərində buna nail olmağa çox yaxın idilər. Nəriman Nərimanovun Vladimir İliç Leninlə danışığından sonra ermənilərin bu planı baş tutmadı. Belə olan halda onlar Azərbaycanın tərkibində Dağlıq Qarabağa muxtariyyət verilməsini istəyirdilər. 7 iyul 1923-cü ildə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu, əslində, Azərbaycanın daxilinə qoyulmuş bir mina idi, nə vaxtsa partlamalı idi. 1980-ci illərə qədər Ermənistan Respublikası Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün bir neçə dəfə təşəbbüs etmişdi, lakin bunun qarşısı alınmışdı. M.Qorboçovun SSRİ rəhbərliyinə gəlməsi, görkəmli dövlət xadimi Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosundan və Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrindən istefasından sonra ermənilər üçün əlverişli şərait yarandı. Həm də Azərbaycan rəhbərliyinə naşı və səriştəsiz adamların gəlməsi bunun qarşısını ala bilmədi. Ermənistan nəinki DQMV-ni, onun ətrafındakı 7 rayonu da işğal edə bildi.
    – İrəvanın və Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi bir sıra faciələrə yol açdı. Bu addımın Naxçıvanın taleyində rolu barədə nə demək olar?
    – Yuxarıda qeyd etdiyimiz kimi, daşnak Ermənistanı və sovet Ermənistanının İrəvan, Zəngəzur və Naxçıvanı Ermənistana birləşdirmək planı olub. Ermənistanda sovet hakimiyyəti 29 noyabr 1920-ci ildə qalib gələn kimi, İrəvanın paytaxt kimi Ermənistana verilməsini Azərbaycandan xahiş etdilər. Ermənistanın paytaxtı Gümrü şəhəri ola bilərdi. Lakin Ermənistan-Türkiyə müharibəsi nəticəsində birinci tərəf məğlub olmuş, Türkiyə Gümrü şəhərini tutmuş və geri qaytarmaq istəmirdi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli Qərarı ilə (Protokol № 3) 28 nəfərin 16-sı lehinə, 1-i əleyhinə, 3-ü bitərəf qalmaqla İrəvan Ermənistan Respublikasına verildi. Bu böyük tarixi səhv idi. Zəngəzura gəldikdə isə 1918-ci ildən daşnak Ermənistanı buranı işğal etmək üçün Azərbaycanla müharibə aparırdı. Bu döyüşlərdə 10 mindən çox müsəlman öldürülmüşdü. Andranik “Zəngəzur hökuməti” yaratmış və Gorusu “paytaxt” etmişdi. Zəngəzur qəzası mövcud olan dövrdə qəzanın 326 kəndinin 154-də Azərbaycan türkləri (46 faizə yaxın), yalnız 81-də (25 faizə yaxın) ermənilər yaşayırdılar. 1897-ci il siyahıyaalmanın nəticəsinə görə Zəngəzurun 142 minlik əhalisinin 72 minə yaxını azərbaycanlılar idi. 1919-cu ilin noyabrında ABŞ nümayəndələrinin iştirakı ilə danışıq aparılmış və hər iki tərəf öz qoşunlarını Zəngəzurdan çıxarmalarına söz vermişdilər. Azərbaycan tərəfi buna əməl etmiş, Ermənistan tərəfi isə, əksinə, əlavə qoşun yeritmiş və Zəngəzuru tutmuşdu. 1920-ci ilin sonunda isə Azərbaycanın xəbəri və iştirakı olmadan Rusiya Ermənistan arasında müqavilə imzalanmış, Zəngəzur Ermənistanın ərazisi kimi göstərilmişdir. Ermənistan sovetləşəndən sonra isə Azərbaycan da Zəngəzurun Ermənistan ərazisi olduğunu qəbul etmişdir. Bu da Sovet Azərbaycanının səhvi idi. Zəngəzurun itirilməsi Naxçıvanı Azərbaycandan ayırdı və Türk dünyası ilə əlaqəsini pozdu. Ermənistanın Zəngəzuru tutmaqda məqsədi gələcəkdə Naxçıvanı işğal etmək idi. Bu addımın Naxçıvanın taleyinə nə qədər mənfi təsir göstərdiyini biz bu gün də hiss edirik. Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olur, halbuki bu ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Naxçıvanın Azərbaycanla sərhəd əlaqəsinin pozulması onun muxtariyyətini zəruri etdi. Ona görə də Ulu Öndər Heydər Əliyev qeyd etmişdi ki, Zəngəzurun itirilməsi olmasaydı, Naxçıvanın muxtariyyətinə də ehtiyac qalmazdı.
    – Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın faciəsinə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildi. Bu addım bir çox faktları da ortaya çıxardı...
    – Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı soyqırımlar ermənilər tərəfindən törədilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyası soyqırımı hadisələrini araşdırmağa başlamışdı. Lakin Azərbaycan sovetləşəndən sonra bunları davam etdirmək mümkün olmadı. Qərbi Azərbaycan ərazisindən azərbaycanlıların deportasiyası isə 1947-1953-cü illərdə baş vermişdi. Xarici ölkələrdən gələn erməniləri Ermənistanda yerləşdirmək üçün azərbaycanlıları öz tarixi torpaqlarından, ata-baba yurdlarından könüllülük adı ilə zorla köçürdülər. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr və 1948-ci il 10 mart tarixli qərarları ilə Ermənistanın 24 rayonundan 145 mindən çox azərbaycanlı Kür-Araz ovalığına köçürüldü. Ermənistanın dağlıq ərazilərində yaşayan azərbaycanlıların Aran rayonlarına köçürülməsi böyük tələfat və faciələrə gətirib çıxardı.
    Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmin hadisələrə siyasi qiymət verilməsi üçün şərait yarandı. Görkəmli dövlət xadimi Heydər Əliyev 1997 və 1998-ci illərdə Azərbaycanlıların deportasiyası və soyqırımı haqqında tarixi qərarlar imzaladı. Hər iki qərarda həm deportasiyanın səbəbləri, mahiyyəti, törətdiyi faciələr, həm də azərbaycanlılara qarşı ermənilərin soyqırımı etmələrinə siyasi qiymət verilmişdir. İki milyondan artıq azərbaycanlı soyqırımı və deportasiya siyasətinin qurbanı olmuşdur. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı və deportasiya siyasətini bu tarixi sənədlər obyektiv qiymət verməklə yanaşı, həm də deportasiya və soyqırımı siyasətini ifşa etdi. Bu tarixi qərarlar erməni şovinistlərinin və onların havadarlarının “türksüz Ermənistan” siyasətinin ifşasına, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini açıb göstərdi.
    – 2010-cu ildə Qarabağın azərbaycanlı icması üçün mənzil-qərargahın yeni binası istifadəyə veriləndə dövlət başçısı məcburi köçkünlərə üç il bundan əvvəlki Qələbənin mesajlarını vermişdi. Əldə edilən tarixi Zəfər həm də Qərbi azərbaycanlılara doğma torpaqlarına qayıtmaq üçün böyük ümid yaratdı...
    – Ermənistanın Azərbaycana qarşı tutduğu mövqe, qarşıdurma və münaqişə yüz minlərlə insanı məcburi köçkünə çevirmişdi. Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal edilmiş, 750 minə qədər insan yaşadıqları ərazidən zorla qovulmuşdu. Bu elə vəhşi üsullarla edilmişdi ki, nəticədə, soydaşlarımızdan 20 min nəfəri şəhid olmuş, 30 min nəfəri isə ağır yaralanmışdı. Onlar 30 ilə yaxın çətin şəraitdə yaşamışlar. BMT məcburi köçkünlərlə bağlı 4 qətnamə qəbul etsə də, həmin qərarlar icra olunmamışdır. ATƏT-in yaratdığı Minsk qrupu isə bu məsələni həll etmək istəməmişdir. Azərbaycan dövləti danışıqlar aparsa da, bu danışıqların səmərəsiz olduğunu görmüş, ölkəmizi iqtisadi və hərbi cəhətdən gücləndirmişdir. 2020-ci ilin sentyabr-noyabr aylarında – 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə düşmənə layiqli cavab verilmiş, onlar torpaqlarımızdan qovulmuş, ərazi bütövlüyümüz bərpa edilmişdir. 2010-cu ildə dövlət başçısı məcburi köçkünlərə Qələbənin mesajlarını verəndə qətiyyətlə inanırdı ki, ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Prezident cənab İlham Əliyevdə yüksək inam hissi var idi. Tarix xalqımızda, Qərbi azərbaycanlılarda böyük ümid yaratdı ki, zorla çıxarılmış tarixi torpaqlarımıza da qayıdacağıq. Bunun üçün qarşıya qoyulan vəzifələrə uyğun olaraq çalışmalıyıq. Qərbi Azərbaycanda azərbaycanlıların yaşadıqları kəndlərin çoxu boşdur. Ermənistanın nə insan resursları, nə də iqtisadi vəziyyəti həmin kəndlərin bərpasına imkan vermir.
    – Bilirsiniz ki, Prezident cənab İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Bu görüş barədə fikirlərinizi öyrənək.
    – Bəli, qeyd etdiyiniz kimi, dövlətimizin başçısı Qərbi Azərbaycan İcması üçün ayrılmış binanın əsaslı təmiri və yenidənqurmadan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə burada görüşdü. Həmin binada vaxtilə Azərbaycan Qaçqınlar Cəmiyyəti yerləşirdi. Qeyd olunduğu kimi, Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin hüquqi varisidir. İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib. İcmanın yeni Nizamnaməsi təsdiq olunmaqla yanaşı, onun strukturu, işçi heyəti formalaşdırılıb. Təşkilat Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı ictimai qurumdur. Əhəmiyyətinə gəldikdə isə, Prezident cənab İlham Əliyev həmin görüşdə problemlərin həlli yolları haqqında həm giriş, həm də yekun nitqində bəhs etdi, qayıdış konsepsiyasının hazırlanması və onun icrası haqqında dəyərli fikirlər söylədi. Əminliyini bildirdi ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqdır. Çox yaxşı haldır ki, həmin görüşdən keçən bir ay sonra indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya – Qayıdış Konsepsiyası hazırlanaraq geniş ictimaiyyətə təqdim olunub. Bu görüşün ən böyük əhəmiyyəti problemin dövlət səviyyəsində müzakirəsi və onun həlli yollarının müəyyən edilməsidir.
    – Prezident sözügedən görüşdə qeyd etdi ki, bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Bu tarixi nailiyyəti necə qiymətləndirərdiniz, bu, gələcəkdə bizi nələrdən sığortalaya bilər?
    – İkinci Qarabağ müharibəsi ilə son iki əsrdə ermənilərə ala bilmədikləri, gözləmədikləri dərslər verildi. İndiyə qədər Azərbaycan da belə yüksək tarixi qələbə qazana bilməmişdi. Dövlət-xalq-ordu birliyi bu qələbəni təmin etdi. Təbii ki, burada Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətini xüsusi qeyd etməliyik. Ermənistan bu ağır məğlubiyyətdən lazımi nəticə çıxara bilmədi. Bəzi revanşist qüvvələr yenə də Azərbaycanı müharibə ilə hədələyirdi. Müharibədən sonrakı sentyabr döyüşü erməniləri bir daha məğlub etdi. Onlarla yüksəkliklər ələ keçirildi. Bu yüksəkliklərlə erməni qüvvələrinin bütün hərəkət istiqamətlərinə nəzarət etmək, müşahidə etmək imkanları yarandı. Erməni hərbi hissələrinin yerdəyişmələri, silah-sursatla təmin edilməsi, müdafiə sisteminin qurulması Azərbaycan hərbçilərinin gözləri önündə baş verirdi. Ermənilər bundan gizlənə bilmirlər. Bu bizi gələcək döyüşlərdən sığortalaya bilir. Erməni ordusunun nə etdiyini bilməyimiz vaxtında tədbirlər görməyə, hərbi üstünlüyü qoruyub saxlamağa şərait yaradır.
    – Ermənilər Qarabağda, Qərbi Azərbaycanda xalqımıza qarşı saysız-hesabsız cinayətlər törədiblər. Lakin bu gün də dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Fikrinizcə, xalqımız, ziyalılarımız tərəfindən hansı addımlar atılmalıdır ki, haqq səsimizi daha yaxşı çatdıra bilək?
    – Xalqımıza qarşı törədilən bu cinayətlərin ən azı ikiəsrlik tarixi vardır. İkili siyasət hadisələri obyektiv qiymətləndirməyə imkan vermir. Qarabağ problemini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu arbitr rolunu oynaya bildimi? Minsk qrupunun hər üç həmsədri dünyanın taleyini “həll etmək” istəyində olan böyük dövlətlərin nümayəndələri idilər. Onlar 30 il oyun oynadılar, “Qarabağ problemi ancaq sülh yolu ilə həll edilə bilər” fikrini dönə-dönə təlqin edirdilər. Qarabağ problemi müharibə yolu ilə həll edilə bilməz, – deyirdilər. Nəticə onların dediyinin əksi oldu. Azərbaycan problemi həll etdi, özü də onların dediyi yol ilə yox. Problemlərimizi dünya xalqlarına dönə-dönə, ardıcıl, yorulub-usanmadan çatdırmalıyıq. Diaspor və lobbiçilik fəaliyyətini gücləndirməliyik. Böyük dövlətlərin idarəetmə strukturlarında yer almalıyıq. İnformasiya mübarizəsini bir an belə zəiflətməməliyik. Hər cəhətdən güclənməli, inkişaf etməliyik, birliyimizi qorumalıyıq, mübarizəmizi dinc yollarla davam etdirməliyik, başqa yolları da unutmamalıyıq. 
 – İsmayıl müəllim, ölkə başçısının Qərbi Azərbaycan torpaqlarına mənəvi qayıdışın təməlini qoyan sərəncamları vardır. Bilirsiniz ki, Aşıq Ələsgərin 200 illik yubileyi ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd olundu. 
    – Qərbi Azərbaycan torpağı ölkəmizə yüzlərlə dövlət xadimi, elm, təhsil işçisi, tanınmış mədəniyyət adamları, əmək qəhrəmanları, səhiyyə işçiləri vermişdir. Bunlarla əlaqədar dövlət başçımızın onlarla sərəncamları olmuş, bu torpağın məşhur təhsil müəssisələri, mədəniyyət ocaqları xalqımıza, geniş ictimaiyyətə tanıdılmışdır. İrəvan gimnaziyasının yaradılmasının 140 illiyi, xalçaçı-rəssam Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə ölkə Prezidentinin Sərəncamından irəli gələn vəzifələr uğurla icra olunmuş, gimnaziyanın tarixi və yetirmələri haqqında kitab və monoqrafiyalar yazılmışdır. Bu sözləri İrəvan Azərbaycan Teatrı haqqında da demək olar. Prezident İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamı ilə görkəmli söz ustadının yubileyi ölkəmizdə, eləcə də muxtar respublikamızda təntənəli şəkildə qeyd olundu. AMEA Naxçıvan Bölməsinə gəldikdə isə Aşıq Ələsgərə həsr olunmuş elmi konfrans keçirilmişdir. Bölmənin “Elmi əsərləri”nin xüsusi nömrəsi Aşıq Ələsgərə həsr edilib. Kütləvi informasiya vasitələrində əməkdaşlarımızın elmi-kütləvi məqalələri çap olunmuşdur. Naxçıvan televiziyasında bölmə əməkdaşının aparıcılığı ilə 2 veriliş hazırlanmış və ictimaiyyətə təqdim edilmişdir və sair.
    – AMEA Naxçıvan Bölməsi, eləcə də onun Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu tərəfindən indiyədək Qərbi Azərbaycanın tarixi ilə bağlı hansı işlər görülüb və kitablar dərc olunub?
    – AMEA Naxçıvan Bölməsində çalışan elmi əməkdaşların tədqiqat istiqamətləri daha çox Naxçıvanla bağlı olsa da, tədqiqatlarda Qərbi Azərbaycana, onun ayrı-ayrı bölgələrinə də yer verilmişdir. Çünki Naxçıvanın tarixi ərazisinə Qərbi Azərbaycanın bəzi əraziləri vaxtı ilə daxil olduğundan həmin ərazilərin tarixi də bir sıra hallarda işlənilmişdir. “Naxçıvan abidələri ensiklopediyası”nda həmin ərazilərin abidələri də araşdırılmışdır. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası və soyqırımı əməkdaşlarımızın kitab və monoqrafiyalarında öz əksini tapıb: “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri”, “Территориальные притязания и кровавые преступления армян против Азербайджана”, “Ermənistanın soyqırımı və deportasiya siyasətində Naxçıvan”, “İrəvan necə varsa. Keçmişdən bu günə” və sair monoqrafiyalar yazılmış, “Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX-XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyası AMEA Naxçıvan Bölməsinin Dissertasiya Şurasında müdafiə olunmuşdur. Qərbi Azərbaycanın müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı elmi məqalələr ölkəmizin və xarici ölkələrin nüfuzlu jurnallarında dərc edilmişdir. Ölkə Prezidentinin Qərbi Azərbaycanla bağlı qarşıya qoyduğu vəzifələrin həllində AMEA Naxçıvan Bölməsinin humanitar və ictimai elm sahələrində çalışan elmi əməkdaşlarımız da yaxından iştirak edəcəklər.
    – Vaxt ayırdığınız üçün təşəkkür edirəm. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 16.02.2023 19:26