AZ EN RU

Xalqın məşvərət məkanları: meydanlar

Qədim, dar məhəllələri, tarixi evləri, zəhmətsevər insanları, heyrətamiz məscidləri, abidələri və eyni zamanda müasir infrastrukturu ilə Ordubad. Bu torpaq sanki tarixin hansısa dövründə ilişib qalıb və müasir zamanla ayaqlaşmaq istəməyib. Öz mistikasını, sirrini, sehrini, özünəməxsusluğunu, təkrarsızlığını qoruyub saxlamağa çalışıb, özünü modern dünyadan uzaq tutmaq üçün səy göstərib.

El arasında deyildiyi şəkildə - çiy kərpicdən, palçıq möhrədən tikilmiş evləri, maraqlı memarlıq üslubu, özünəxas kiçik məhəllələri, hər qarışında görə biləcəyimiz keçmiş dövrün yadigarları ilə sanki tarix kitabından boylanıb bizə baxır. Yaxud da ki, fantastik bir zaman maşınında özünü bir neçə əsr geriyə səyahət etmiş kimi hiss edirsən. Orta əsr bir Azərbaycan şəhərinin qonağısan. Daş döşənmiş kiçik, səliqəli küçələri, o küçələrdən keçən balaca su arxları, divarlardan boylanan ağacları, pəncərələrə düzülmüş rəngarəng gül dibçəkləri ilə başqa bir dünyanın qonağısan həm də. Əlbəttə qaz boruları, elektrik və rabitə naqilləri olmasa özünü heç bir halda müasir dövrdə hiss edə bilmərsən. Bir də meydanlarda dayanmış avtomobillər.

Ordubad meydan, məscid, çinar və kəhriz tandemi - kvarteti ilə ehtiva olunur desəm, yəqin ki, səhv etmərəm. Bunların hamısını isə özündə birləşdirən meydandır; çinarı, məscidi və kəhrizi ilə. Hər biri də bir neçə əsrlik. Bu mistik kvartetin aurası isə hər kəsi bu dünyadan qoparmaq gücündədir: ən azından bir anlıq və ya xəyali olaraq.

Burada hansı tarixi küçə ilə, hansı dar bir məhəllə ilə hərəkət edirsən et, fərqi yoxdur, o yol mütləq səni geniş bir meydana çıxaracaq. Sakinlərin cəmləşdiyi, evlərin, məscidin, kəhrizin və əsrlik çinarların olduğu geniş bir meydan. Bu da özünəxas tarixi şəhərsalma ənənəsi ilə Ordubad diyarının təkrarsızlığını təmin edir. Hər şey bu meydanda bitir və ya əksinə, hər şey məhz bu meydanda başlayır.

Siz mütləq burada – meydanda oturan ağsaqqalları, oynayan uşaqları görəcəksiniz, onların söhbətlərinə də qoşula bilərsiniz. Yaxud da ki, elə qapısının ağzına – taqqılbablı, zəncirbablı, zəngin işləməli tarixi bir taxta darvazanın hər iki tərəfindəki səkinin üstündə döşəkçəsini sərib oturan bir ağsaqqal babanı, bir ağbirçək nənəni mütləq görəcəksiniz. Buradakı hansı qapını döysəniz sizi geri çevirməzlər. Əmin olun ki, sizinlə səmimi və mehriban bir şəkildə danışacaqlar. Sizi maraqlandıran hər bir məlumatı da onlardan öyrənə bilərsiniz. Həvəslə və böyük zövqlə öz bildiklərini sizinlə bölüşəcəklər, bundan şübhəniz olmasın. Çünki meydan fikir mübadiləsinin aparıldığı, müzakirələrin, məşvərətlərin gerçəkləşdiyi və nəhayətdinə, son qərarların verildiyi məkandır. Yəqin ki, buna görə də əsrlərdir sakinlər bu meydanlarda toplaşmağa, bir-birindən əhval tutmağa davam edirlər.

Sərşəhərin baştağları, Anbarasın əsrlərə sinə gərən qoşa çinarı görəsən neçə əsri yola salıblar? Yüz illik çinar ağaclarının kölgəsinə sığınan, tarixi evlərin əhatələdiyi, axar kəhrizin nəğmə dediyi bu meydanlar kim bilir nələrə şahid olub? Baş tağları ilə Sərşəhəri əhatələyən, sanki uzun qolları ilə bağrına basan bu meydandan görəsən kimlər keçib? Neçə nəfər bişmiş kərpiclə inşa edilmiş bu baştağlara, Sərşəhər məscidinin incə zövqlə işlənmiş şəbəkələrinə heyranlıqla nəzər salıb?

Bu meydanlar qərarların verildiyi məkanlardır. Şahın fərmanlarının əhaliyə çatdırıldığı məkanlardır. Kim bilir, bəlkə elə 400 ildən çoxdur ki, Cümə məscidinin giriş qapısının baş tərəfində qoyulmuş Şah Abbasın Ordubad əhalisinin vergidən azad olunması haqqındakı fərmanı burada – Sərşəhər meydanında əhaliyə elan olunmuşdu. Əsrlik çinar, göz yaşı kimi dupduru, bumbuz suyu ilə əsrlərdir axan çeşmə və şəbəkələri ilə göz oxşayan Sərşəhər məscidi şahiddir buna. Həqiqəti bir tək onlar bilir. Amma lal sükuta qərq olub susurlar. Sanki sirrlərinin bilinməsini istəmirlər.

Hər Novruzda xanbəzəmə mərasimlərinin keçirildiyi məkandır bu meydanlar. Bu adətləri neçə əsrlərdir yaşadan xalqın yaddaşına şahidlik edən meydanlar neçə xanı yola salıb indiyə qədər, hansı hökmlərin verilməsinə şahidlik edib, neçə xan görüb? Ordubad meydanları xalqın Novruz adətlərini yaşatmasına, birliyinə, həmrəyliyinə tamaşa edib əsrlərlə. Xoş günləri, bayramları, ağır günlərin öhdəsindən gəlib geridə buraxmağı görüb bu meydanlar; yallılara şahidlik edib, birlik rəqslərinin ritmini dinləyib, insanların söhbətinə qulaq verib.

Tarix dəyişir, ənənə isə dəyişmir. Ordubad öz tarixiliyini, qədimliyini qoruyaraq əsrlərə sinə gərməyə və orta əsr şəhər memarlığı quruluşunu qoruyub gələcəyə daşımağa davam edir. Ordubadın meydanları isə sakinlərinə, şəhərin qonaqlarına yenə də qucaq açmağa, onları dinləməyə, xoş günlərə, insanların talelərinə şahidlik etməyə davam edir. Bu meydanlar hələ uzun illəri, daha neçə xanbəzəmə mərasimlərini yola salacaq və özündə tarix yaşatmaqda, o tarixi yaratmaqda davam edəcək. Ordubad meydanlarının hər zaman xalqımızın şad günlərinə şahidlik etməsi diləyilə...

Məmməd BABAYEV

Nəşr edilib : 14.04.2024 10:21