AZ EN RU

Xalqın hüquqi düşüncə tərzini dəyişən LİDER

Ulu Öndər Heydər Əlİyеv: Bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam.

    Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malik olmasıdır. Görkəmli şəxsiyyətlər özləri situasiya yaradır və onu lazımi istiqamətə yönəltməklə qarşıya qoyduqları məqsədləri reallaşdırmağa nail olurlar. Bacarıqsızlar isə bu situasiyaların əsirinə çevrilir, hadisələrin axarına düşüb üzürlər. 
    Görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə nəzər salarkən əmin oluruq ki, O, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib.

    “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!” Doğrudan da, 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın o ağır, çətin vəziyyətdən xilas edilməsində Ulu Öndərimizin müstəsna rolu vardır. Tarixən hər bir xalqın keçdiyi yol müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təcəssümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. 
    Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Ümummilli Liderimizin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. 
    Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. О dövrdə ölkəmizdə hökm sürən hərcmərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu. Ulu Öndərimizin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhvali-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.
    Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində müstəqil Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri qısa müddətdə ləğv edildi, ölkənin ordusu yaradıldı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunması faktlarına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi. Dövlətçilik yenidən yaradıldı, insanların öz qüvvələrinə inamı özlərinə qaytarıldı. İctimai-siyasi vəziyyətin normallaşdırılması iqtisadiyyatda zəruri dəyişiklikləri həyata keçirməyə imkan verdi.
    Ümummilli Liderin Azərbaycanda rəhbərliyə gəlişi, eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır. 
    Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir.
    Müstəqil Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir. Azərbaycanda bu potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər kəsi qane edə biləcək milli siyasət strategiyasının həyata keçirilməsi, eyni zamanda xarici siyasət kursunun prioritetlərinin doğru-düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır.
    Bu gün müşahidə etdiyimiz gerçəklikləri о dövrün çətin reallıqları ilə müqayisə etdikdə görərik ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizin qarşısında duran problemlərin həllinə nail olmağı, dövləti böhranlı durumdan çıxarmağı bacarmışdır. Bu qənaətə gəlmək mümkündür ki, o zaman zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş xarici siyasət kursu özünü bütün mənalarda doğrultmuşdur. Əgər ötən əsrin sonlarında qazanılmış dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın, sadəcə, siyasi kuluarlarda tanınan bir ölkə olduğunu nəzərə alsaq, bu gün ay-para ulduzlu, üçrəngli bayrağın hansı dövlətin rəmzi olduğunu artıq bütün dünyanın dərk etməsinə, sadəcə, sevinməklə kifayətlənməyib, bundan həm də qürur hissi keçirməliyik. Nəticə isə ondan ibarətdir ki, Ulu Öndər Heydər Əliyevin və hazırda Onun siyasi kursunun layiqli davamçısı olan Prezident cənab İlham Əliyevin siyasi və diplomatik səyləri nəticəsində Azərbaycan haqqında vaxtilə formalaşmış mənfi rəy artıq tamamilə dağıdılmışdır.
    Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var, dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, Onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.

Amil RƏHİMOV
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, ədliyyə müşaviri

Nəşr edilib : 27.12.2023 18:59