AZ EN RU

Xalqın düzgün seçimi və ya 20 ilin Prezidenti

Praqmatik düşüncə, idarəetmə məharəti, liderlik istedadı, sərkərdəlik qabiliyyəti hər dövlət başçısına mənsub olan keyfiyyətlər deyil. Dünyanın siyasi coğrafiyasına nəzər salsaq, bu keyfiyyətlərə malik çox az sayda dövlət başçısına rast gələrik. Bu təbiətinmi, Ulu Tanrınınmı səxavətidir? – sualının cavabını vermək isə bizim dərketmə təfəkkürümüz xaricindədir. Tarixən belə rəhbərlər mənsub olduğu xalqın, təmsil etdiyi dövlətin ən qiymətli milli sərvəti kimi dünyanın həsəd apardığı, hətta əks mövqedə dayanan rəhbərlərin də diqqətini özünə cəlb edib. Onlar xalqının dünəninə söykənərək bu gününü yaşatmağı, sabaha cavabdehlik hissini vəzifə və vətəndaş borcu kimi yerinə yetirməyi həyat amalına çeviriblər. Rastlaşdıqları heç bir çətinlik onları öz yolundan döndərə bilməyib; əksinə, daha mübariz edib. Bu mübarizlik isə həmin rəhbərlərə böyük şöhrət gətirib, mənsub olduğu xalqın qəlbində onlara əbədi sevgi və məhəbbət qazandırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elə ölkə başçıları içərisində ön sıralarda olması isə hər bir azərbaycanlıya ikiqat, üçqat sevinc yaşadır. Çünki dünyanın güc dövlətlərinin başçıları sırasında kiçik bir respublikanın rəhbəri kimi belə böyük nüfuza yüksəlmək asan məsələ deyil və xüsusilə vurğulanmalıdır ki, O, bu nüfuzu məhz praqmatik düşüncəsi, idarəetmə məharəti, liderlik istedadı, sərkərdəlik qabiliyyəti ilə qazanıb...

***

Respublikaya rəhbərlik etdiyi 20 il ərzində cənab İlham Əliyev hələ hakimiyyətə gəldiyi ilk günlərdə dediyi: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifah halı, təhlükəsizliyi, yaşayışı dayanır. Hər bir dövlət və hər bir rəhbər məhz bu prinsiplərlə yaşamalıdır. Xalqa xidmət etmək, xalqın qayğıları ilə yaşamaq, xalqı narahat edən problemləri daim diqqət mərkəzində saxlamaq və onları həll etmək lazımdır”, – platformasını fəaliyyət manifesti kimi həyata keçirməkdədir. Belə ki, bu gün ölkəmizdə hər bir sahədə davamlı xarakter almış inkişaf və tərəqqiyə mükəmməl idarəetmə hesabına nail olunub; demokratik və hüquqi cəmiyyət formalaşdırılıb, dövlətin iqtisadi potensialının gücləndirilməsi diqqət mərkəzində saxlanılıb. Dövlət başçısının həyata keçirdiyi bütün islahatlar və tədbirlər Onun xalqımız və dövlətimiz qarşısında böyük tarixi xidmətləri, Ulu Öndərimiz Heydər Əliyevin yoluna sədaqəti, nəticə etibarilə, ölkə vətəndaşlarının layiq olduğu səviyyədə yaşamasını təmin etməyi diqqət mərkəzində saxlamasıdır.

***

Enişli-yoxuşlu 20 ilin Azərbaycana nələr verdiyi barədə geniş danışmağa, çoxsaylı faktlara müraciət etməyə ehtiyac duymuram. Çünki bu yol xalqın gözü qarşısında keçib, xalq da Onun arxasında dayanıb. Məhz buna görə də bu gün dövlət-rəhbər-xalq birliyindən bəhrələnmiş Azərbaycan dünyada söz sahibidir. Bu isə özünün ən yüksək zirvəsində olan müstəqilliyimizin bizə verdiyi nemətdir. Təbii ki, buna nail olmaqda başlıca amil cənab İlham Əliyevin müstəqilliyimizi qorumaq, onu daha da möhkəmləndirmək istiqamətində gecəli-gündüzlü fəaliyyətinin nəticəsidir və görkəmli dövlət xadimi Heydər Əliyevin vaxtilə dediyi: “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir” aksiomasını yada salır. Və bütün Azərbaycan xalqı müstəqilliyə nail olduğumuz andan bu günə kimi keçirilən yolda gördüyümüz çətinliklərin necə dəf edilməsinin şahididr. “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, Onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”, – deyən ölkə başçısı müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətə sədaqətini nümayiş etdirməklə bir daha hər birimizdə sabahımızın taleyinə cavabdehliyini ortaya qoyur. Yunan filosofu Platonun “Ağıllı dövlət başçısı baş verə biləcək hadisələrin qarşısını peşəkarcasına almaqla, əslində öz dövlətinə və xalqına xidmət edir... onun qurduğu möhkəm sütunlu dövlət... əbədi olur və banisini bəşər tarixi boyu yaşadır” qənaəti dünya siyasət tarixində dəfələrlə təsdiqini tapıb. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin yolunu uğurla davam etdirən cənab İlham Əliyev kimi rəhbəri var.

***

Zəngin milli-mənəvi dəyərlərimizə sadiqlik göstərən bir ailədə – Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın ailəsində böyüyən, Onların həyat təcrübəsindən bəhrələnən cənab İlham Əliyev haqqında müxtəlif dünya dövlətləri başçılarının, tanınmış siyasət xadimlərinin söylədikləri ölkə başçısının bilmədiyimiz müdrik keyfiyyətlərinə işıq salır. Mixail Qusman yazır: “Siyasətçi üçün ən böyük məsələ siyasət məktəbi keçməkdir. O, XX və XXI əsrlərin ən nüfuzlu və böyük siyasi məktəbini – Heydər Əliyev məktəbini keçmişdir. Heç bir ata öz oğluna pis tale arzulamaz. Heydər Əliyev İlhamı böyük siyasətə gətirməklə bir ata və müdrik siyasətçi kimi hiss edirdi ki, İlham bu missiyanın öhdəsindən gələcək. Heydər Əliyev deyirdi ki, onda istedad görürəm, onda genetik kodlar var”. Və Ulu Öndərin cənab İlham Əliyevdə öncədən müşahidə etdiklərini son 20 ildə xalqımızla yanaşı, bütün dünya gördü. Elə 3 dəfə onun ən yüksək səs göstəriciləri ilə Prezident seçilməsində, Azərbaycanda yeni reallıqlar yaradılmasında, bütün Qarabağda üçrəngli bayrağımızın dalğalanmasında, ölkədə görülən işlərin təməlində Heydər Əliyev amilinin, Heydər Əliyev siyasətinin dayandığını, bu siyasətə və Ulu Öndərin vəsiyyətlərinə sadiqliyini bəyan etmiş cənab Prezidentin, doğrudan da, böyük siyasi məktəb keçdiyini göstərir. Kurt Yeldonun dediyi kimi: “Yüksək təhsilli İlham Əliyev uzaqgörən dövlət xadimidir. O, ölkənin ən çətin problemləri barədə açıq danışır və bunları həll etmək qərarında qətidir”.

***

İctimai-siyasi sabitliyin, qanunların aliliyinin hökm sürdüyü şəraitdə inkişafın yeni mərhələsini yaşayan doğma Azərbaycanımızda son 20 ildə ölkə başçısı öz fəaliyyəti ilə sübut etdi ki, O, doğrudan da, uzaqgörən ölkə başçısı kimi yüksək siyasi nüfuz qazanmış Prezidentdir. Xalqımız isə görür ki, bu gün dövlət adlı maşınımızın, titanik gəmimizin sükanı etibarlı əllərdədir. Bu gün həmin fəaliyyətin hər bir detalında Ulu Öndərin yaratdığı siyasi məktəbin təlimi dayanır. Bu təlimin dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasına, inkişafına, tərəqqisinə xidmət etməsini bizə qarşı əks mövqedə dayanan qüvvələr həzm edə bilmirlər. Bu, onların öz işidir... Ancaq fakt faktlığında qalır.

***

Dünyanın güc dövlətlərinin 30 ildən də artıq müddətdə müşahidə və daha çox qərəzli şəkildə müdaxilə etdikləri Qarabağ probleminin həllində cənab İlham Əliyev sübut etdi ki, ağıl gücdən güclüdür və elə gücü məhz ağıl idarə edir.Yeri gəlmişkən, politoloq Brenda Şafferin sözlərini xatırlamağa ehtiyac duyuram. Çünki onun gəldiyi qənaət bu günün reallığıdır: “Xalqınıza sadiqliyiniz, yüksək təhsil və bilik səviyyəniz, idarəçilik qabiliyyətiniz kifayət qədər bəllidir və mən əminəm ki, siz Azərbaycanı daha böyük tərəqqiyə və təhlükəsizliyə doğru aparacaqsınız”. Bunu 44 günlük İkinci Qarabağ müharibəsi də göstərdi. Dönməz qətiyyəti, möhkəm iradəsi, dərin zəkası ilə 20 il ərzində problemin həllinin sülh yolu ilə mümkünlüyünü möhtəşəm beynəlxalq tribunalardan bəyan edən cənab İlham Əliyevin müharibə dövründə xarici ölkələrdən gəlmiş jurnalistlərə verdiyi müsahibələrdə: “...Buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl güzgüyə baxın... Biz nəyi nə vaxt edəcəyimizi yaxşı bilirik... Hazırlaşın!” deməsi ölkə başçısının düşmənə öz yerində oturması üçün bir mesaj idi. Onlar ağılla hərəkət etsəydilər, qədim Azərbaycan torpaqlarından öz terrorçu qüvvələrini çıxarsaydılar nə 2023-cü ilin sentyabr ayında lokal antiterror tədbirləri, nə də, təbii ki, itkilər olmazdı. Bu, ağlın qələbəsi kimi dəyərləndirilməklə, sülhsevər qüvvələr tərəfindən doğru addım kimi qiymətləndirilir. 

***

Ermənistanın uzun illər havadarlarına arxayın olaraq İkinci Qarabağ müharibəsinə başlaması, müharibənin 44 günü ərzində biabırçı surətdə məğlubiyyətinin acılarını yaşaması təbiidir. Bu, öz yerində. Sözümüz ondadır ki, həmin müharibə dünya hərb tarixində bir yenilik kimi dəyərləndirilir. İlk olaraq onu deyək ki, qazanılmış tarixi Qələbə Azərbaycan Prezidentinin ordu quruculuğuna göstərdiyi böyük diqqətin məntiqi nəticəsi idi. Və cənab İlham Əliyevin ölkəmizin hərbi inventarının komplektləşdirilməsini diqqət mərkəzində saxlaması, dünyanın aparıcı hərbi şirkətlərinin məhsullarının əldə edilməsinə mühüm əhəmiyyət verməsi, döyüşçülərimizdə yüksək əhvali-ruhiyyənin təmin olunması bizə böyük Qələbə qazandırdı. 

Postmüharibə dövründə Rusiya mediası yazırdı: “Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu? – demək çətindir. Azərbaycan Ordusunun əsgəri dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan tər içində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...” Ukraynalı hərbi ekspert Aleksey Arestoviç isə Şuşanı işğaldan azadetmə əməliyyatını belə şərh edirdi: “Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. “PUA”-larsız, tanksız, artilleriyasız şəhəri aldı”. Budur ağlın gücü! 

***

Nəyi nə vaxt edəcəyini yaxşı bilən ölkə başçısının yüksək keyfiyyətlərindən biri də Onda özünəinam və ətrafındakılara da bu inamı təlqin etmək keyfiyyətidir ki, sonda insanlarda Prezidentə olan inamı daha da gücləndirir; bu isə cənab İlham Əliyevin qətiyyətindən irəli gəlir. Amerikalı politoloq Zbiqnev Bjezinskinin dediyi kimi: “Mən onu on ildən artıq bir müddətdir ki, tanıyıram... O, özünə inamlı, ciddi dövlət adamıdır və Avropanın həmin hissəsində öz mühüm rolu və konstruktiv mövqeyi ilə seçilir”.
***
Tarix Ulu Tanrının müəyyən etdiyi sürətlə irəliləyir və prosesdə yeni reallıqlar yaranır. Cənubi Qafqazda isə bu reallıqların müəllifi cənab İlham Əliyevdir. Deməli, O həm də tarix yaradır. Görkəmli dövlət xadimi Heydər Əliyev də bunu yaxşı bilirdi ki, deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

 Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

 

 

Nəşr edilib : 13.11.2023 18:03