AZ EN RU

Xalqın dəstəyinə əminliyin bariz göstəricisi

Azərbaycanın yaratdığı reallıqlar böyük dəyişikliklərə, yeniliklərə yol açır. Ölkəmizin uğurları gələcək üçün böyük stimuldur. Eyni zamanda, yeni hədəflərin müəyyənləşdirilməsində öz sözünü deyir. Bu gün ölkə gündəminin əsas müzakirə mövzusu Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsidir. İlham Əliyevin atdığı hər bir addım Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində verdiyi vədlərin icrası ilə bağlı hesabatı kimi dəyərləndirilir. Dövlətimizin başçısı həmin andiçmə mərasimində belə bir müraciəti etmişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əliabbas Salahzadə söyləyib.

O qeyd edib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunduğu bir dövrə təsadüf edən bu seçkilər Zəfər seçkiləri kimi tarixə yazılacaq. Bu seçkilərdə Azərbaycanın bütün ərazilərində seçki məntəqələri fəaliyyət göstərəcək. Mərkəzi Seçki Komissiyasının 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında bu statistik rəqəm açıqlanıb ki, hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər.

Azərbaycanın ilk gündən demokratik, hüquqi dövlət quruculuğu yolunu tutaraq bu istiqamətdə mühüm addımlar atdığını deyən deputat əlavə edib: “Bizim demokratiya təcrübəmiz dünyaya nümunə göstərilir. Bu baxımdan deyə bilərik ki, növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar həm Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edildiyi, həm də ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonrakı dövrə təsadüf edir. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Elektoratı və potensialı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı onlar üçün fürsətdir. Yəni, seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazıçılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilməlidir. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir”.

Növbədənkənar seçkilərin keçirilməsini dünyada qəbul olunmuş siyasi təcrübə adlandıran Əliabbas Salahzadə vurğulayıb: “Növbəti seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi bir zərurət idi. Artıq qarşıya qoyulan bütün hədəflərə nail olunub. İşğaldan azad edilmiş ərazilərimizə soydaşlarımızın qayıdışı həyata keçirilir. Onların bu ərazilərdə seçkilərdə iştirakları üçün bütün şərait mövcuddur. Azərbaycan hər zaman demokratik prinsiplərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Azərbaycanda təkmil seçki təcrübəsi mövcuddur. Ölkəmiz bir daha dünyanın diqqətini demokratik inkişafının əsas göstəricilərindən olan azad, şəffaf və beynəlxalq standartlara cavab verəcək prezident seçkilərinə yönəldəcək. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir”.

Nəşr edilib : 11.12.2023 12:20