AZ EN RU

Xalqın arzularını reallaşdıran LİDER - YENİLƏNİB

Tarix dəfələrlə sübut edib ki, xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli birlik böyük siyasi dühaların yaratdığı ideologiyalarda reallaşır. XX əsrdə xalqımızla bağlı bu şərəfli missiyanı Ümummilli Lider Heydər Əliyev həyata keçirmişdir. 
    Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olmuşdur. Bu ondan irəli gəlirdi ki, Vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyi də düşündürürdü. Ümummilli Lider Heydər Əliyev qurduğu dövlətin taleyini tapşıracağı yeni liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapır. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd cənab İlham Əliyev haqqında dediyi “Mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri uzaqgörənliyin və seçimin alternativsizliyinin bariz nümunəsi sayıla bilər. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”, – deyən cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən illərin reallıqları sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. 
    Dövlət başçısı cənab İlham Əliyevin yüksək erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti, polad iradəsi, yorulmaz fəaliyyəti və xalqla iqtidar arasında olan sıx birliyin sayəsində planetimizin üzləşdiyi çoxsaylı qlobal çətinliklərə, ümumbəşəri ciddi və mürəkkəb problemlərə, həmçinin müharibədən yeni çıxmış ölkə olmağımıza rəğmən, respublikamızda iqtisadiyyat güclənir, bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə, dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir.
    Azərbaycan dövləti, Azərbaycan xalqı İlham Əliyev cənablarının rəhbərliyi altında gələcəyə, yüksəlişə və inkişafa doğru inamla irəliləyir və hər bir ölkə vətəndaşının fəxr edəcəyi, qürur duyacağı bir məkana çevrilir. Ötən illər aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev öz fəaliyyət dövrünü bu amalın reallaşmasına həsr etmiş, Ulu Öndərimizin müstəqillik və azadlıq ideyalarını dönmədən həyata keçirmiş, Azərbaycanı sosial-iqtisadi inkişaf, demokratik, hüquqi dövlət quruculuğu və siyasi sabitlik baxımından dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirmişdir. 
    Xalqımız öz liderinin – Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək müasir Azərbaycan tarixinin ən böyük uğurunu – bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Azərbaycan xalqı 20 illik dinamik inkişaf və qalibiyyət tariximiz necə bir mahir, uğurlu sərkərdəyə – Ali Baş Komandana sahib olduğunu aşkar gördü. 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Uzaqgörən lider cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzü birmənalı olaraq təsdiq etdi. Prezident cənab İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə kimi deyil, diplomatik cəbhədə də böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Xalqımız öz dövlət başçısının xalqın, dövlətin maraqları naminə böyük qətiyyətini bir daha gördü. 
    Zamanın gedişini haqqın, ədalətin bərpası istiqamətində dəyişən müdrik lider və yenilməz sərkərdə cənab İlham Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərməğan oldu.
    Birmənalı olaraq Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bu qələbə sayəsində qalib xalq kimi özünü dünyaya bəyan etdi. Ali Baş Komandan Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşatdı. 
    Son 20 ilin uğurları, tarixə yazdığı möhtəşəm qələbələri deməyə əsas verir ki, dövlətimizin başçısı qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olmaq üçün istər ölkə daxilində, istərsə də beynəlxalq səviyyədə düşünülmüş və məqsədyönlü siyasət həyata keçirərək Azərbaycanın timsalında “Güclü dövlət” konsepsiyasını reallaşdırmağa nail olmuşdur. Prezident cənab İlham Əliyev Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində dövlətin və xalqın maraqlarını ən ali məqsəd kimi qarşıya qoyan və bütün qüvvəsini bu vəzifələrin reallaşmasına səfərbər edən, milyonların sevgisini qazanan alternativsiz LİDERdir.
    Son 20 ildə bütün bu uğurların şahidinə çevrilən Azərbaycan xalqı əldə olunan nailiyyətləri ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli maraqlara söykənən məqsədyönlü siyasətinin məntiqi nəticəsi hesab edir, ölkəmizin gələcəyini bu siyasi kursun ətrafında sıx birləşməkdə görür.

Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin prorektoru,
 tarix üzrə fəlsəfə doktoru

 

Nəşr edilib : 24.10.2023 19:41