AZ EN RU

Xalqımızın qədim görüşlərinə, milli dəyərlərinə əsaslanan bayramlarından biri olan “Xıdır Nəbi”

Türksoylu xalqların mifik düşüncəsində təbiətin oyanışını müjdələyən, yazın, yaşıllığın səbirsizliklə gözlənilməsini tərənnüm  edən, bolluq, bərəkət, firavanlıq inanclarının rəmzi kimi uzun əsrlər boyu yurdumuzda  keçirilən  bayramlardan biri “Yazağzı Xızır”, “Xıdır Nəbi”, “Xıdır İlyas”, yaxud “Qışyarısı” bayramıdır. “Xıdır Nəbi” yazın, yaşıllığın müjdəsi anlamındadır. Bu bayram tarixən əsasən kiçik çillənin hökm sürdüyü ərəfədə, təqribən fevralın 9-11-ci günlərində keçirilir.

Xıdır Nəbi bayramının başlıca iştirakçısı olan Xıdır və ya Xızır əski türk mifoloji təsəvvürlərində ölüb-dirilən, zülmət dünyasından əbədi həyat bəxş edən dirilik suyunu tapıb içən və ölməzlik qazanan bir obrazı simvolizə edir. Türk mifik qaynaqlarında Xızır Yer, Su, Umay kimi bir vəli (övliya), yaxud hami ruh statusuna malik varlıq kimi səciyyələndirilir.

Təqdirəlayiqdir ki, qədim tarixi köklərə malik Xıdır Nəbi bayramı çağdaş dövrdə Azərbaycanın müxtəlif bölgələrində, Naxçıvanda, həm Cənubi Azərbaycanda yaşayan həmvətənlərimiz, həm də Anadolu türkləri tərəfindən  qeyd olunur. Göründüyü kimi, Xıdır Nəbi  bayramı yazın gəlişi ilə bağlı  erkən  əkinçilik inanc və etiqadları ilə zəngin olan, türk mifik təfəkkürünün ulu qaynaqlarından xəbər verən mövsüm mərasimlərinin toplusu kimi çağdaş dövrümüzdə də öz aktuallığını itirməmiş və əbədiyyət  qazanmışdır.

  Qədim diyarımız Naxçıvanda el təqvimi ilə keçirilən bayramlardan biri də Xıdır və ya Xıdır Nəbi bayramıdır. Bu bayram “qışın oğlan çağında”, Kiçik çillənin onuncu günü qeyd edilir.

  Xıdır bayramı fevralın 9-da Kiçik çillənin yarı olduğu gündə keçirilir. Maraqlı odur ki, muxtar respublikanın bəzi şəhər və kəndlərində bu bayram fərqli günlərdə keçirilir.

  Qədim Türk İnancı

İnanca görə Bayram qışın ən çətin dövründə, insanların tədarük gördükləri ərzaq, yanacaq ehtiyatının azaldığı vaxt Xızır Peyğəmbərin çağırılması onun yardımına böyük ehtiyacla bağlıdır. Əldə olan materiallara əsaslanaraq demək olar ki, bayram çətinlikdə insanların dadına, köməyinə çatan, istilik hamisi olan Xızırla bağlı olub, onun şərəfinə keçirilir. Bu, İslamdan öncə formalaşmış əski türk inancıdır. Bir qayda olaraq fevralın 9-u qeyd olunmalıdır. Bayrama bir neçə gün qalmış onu qarşılamaq üçün hazırlıq işləri görülür, evlər səliqə-səhmana salınır, həyət-baca təmizlənir. İnama görə, səliqəsiz evə Xızır gəlməz. Bayramda qovurmaq üçün buğda, küncüd təmizlənir, bir çox kəndlərdə (Kükü, Teyvaz, Qıvraq, Şahtaxtı) günəşi çağırmaq anlamında, günəşin, yazın rənginə uyğun olaraq yumurtalar qırmızı rəngə boyanır. Qeyd edək ki, yumurta boyanması başqa kəndlərdə yoxdur. Ümumiyyətlə, bu adətə Novruz bayramında əməl edilir. Bəzi kəndlərdə isə günəşin, istiliyin rəmzi olaraq çömçə bəzəyirlər.

  Naxçıvanda Xıdır Nəbinin əsas simvolu qovurğa vəya qovut hesab edilir. Buğda ilə bərabər küncüt, çətənə, qoz, dənə, fındıq, püstə, badam, günəbaxan tumu və şabalıd qoyulur. Qovrulmuş çərəzlər qovurğa ilə qarışdırılır. Qovurğa kirkirədə çəkilərək qovud hazırlanır.

  Bayram hamıdan çox uşaqların sevincinə səbəb olur. Hava qaralan kimi onlar qapılara gedib, torba, papaq atır, Xıdırın payın yığırlar. Pay gözləyənlər aşağıdakı misraları söyləyirlər:                                           

  Xıdıra xıdır deyərlər,

Xıdırın payın verərlər.

və yaxud:

Çatma,çatma çatmaya

Çatma yerə batmaya.

Xıdırın payın kəsənin

Ayağı yerə çatmaya.

  Bu parça deyildikdə sonra qapılar açılar və bayram payı verilərdi. Uşaqların torbalarına Xıdır xonçasındakı şirniyyat, çərəz və qovurğa qoyularaq yola salınar.

Naxçıvanda Xıdır Nəbi bayramında nişanlılara və təzə gəlin köçmüş qızlara pay aparmaq adəti də var. Oğlan evindən nişanlı qızlara, ata evindən isə təzə gəlinlərə Xıdır xonçası aparmaq ənənəsi geniş yayılmışdır. Xıdır xonçasının yanında yundan toxunulmuş isti qış geyimləri də qoyulur. Xıdır Nəbi xonçasından əlavə şirniyyat və meyvə xonçaları da pay aparılır.

Xıdır Nəbi bayramı ərəfəsində doğulan oğlan uşaqlarına Xıdır, Nəbi, İlyas, Xızır kimi adların qoyulması da geniş yayılmışdır. Bu adlar verilən uşağın çətinlik çəkməyəcəyi, darda qalmayacağına inanılır. “Xıdır Nəbi” bayramını xalqımız illər boyu qoruyub saxlamış, nəsillərdən-nəsillərə ötürmüşdür.

  Səfər ƏLİYEV

                                                      " Naxcıvan Mətbəxi " Kulinariya Mərkəzinin

                                                           Mütəxəssisi 

Nəşr edilib : 09.02.2023 11:38