AZ EN RU

Xalqımızın qan yaddaşı: Xocalı soyqırımı

AMEA Naxçıvan Bölməsində Xocalı faciəsinin 32-ci ildönümü münasibətilə “Xalqımızın qan yaddaşı: Xocalı soyqırımı” adlı elmi konfrans keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə Bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik əzəli Azərbaycan torpaqlarına köçürülən ermənilərin “ərazilərini” genişləndirmək məqsədilə xalqımıza qarşı törətdikləri kütləvi qırğınlardan, soyqırımlardan, etnik təmizləmə siyasətindən danışıb.

Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib.

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Xocalı soyqırımı”, dosent Ramiz Qasımov “Xocalı soyqırımı bədii ədəbiyyatda”, kiçik elmi işçi Səfər Əliyev “Xocalı soyqırımına gedən yol” mövzularında məruzələr ediblər.

Məruzələrdə Qaradağlı və Xocalı faciələri ərəfəsində ölkədə mövcud olan ictimai-siyasi vəziyyət, Xocalı şəhərinin mühüm strateji mövqeyi, blokada vəziyyətində olan dinc şəhər əhalisinin vaxtında təxliyə olunmaması, faciənin nəticələri və başqa mühüm məsələlər ətraflı şərh olunub.

Qeyd olunub ki, bu gün Xocalıda dalğalanan Azərbaycan bayrağı yurd-yuvasından xüsusi amansızlıqla didərgin düşmüş xocalılıların doğma yurda qayıdışının simvoludur.

Məruzələrdən sonra dinləyiciləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

Nəşr edilib : 26.02.2024 18:43