AZ EN RU

Xalqımızın əsrlərdən bəri şadyanalıqla, çal-çağırla qoruyub yaşatdığı ən əziz milli bayramıdır Novruz!

Novruz təbiətin oyanışı ilə insanların qəlbini riqqətə gətirərək, gur tonqallarıyla göz oxşayan, könül titrədən, noğul-nabatlı xonçaları, yam-yaşıl cücərdilmiş səmənisi, mübarək niyyətləri, tumurcuq diləkləri ilə, bir sözlə, hər il toy-bayram büsatı ilə qədəm qoyur yurdumuza. 

Ana Vətənimizin hər yerində olduğu kimi, qədim diyarımız Naxçıvanda da, hər il olduğu kimi bu il də böyük coşĝu ilə qeyd olunur bu bayram. Bir neçə illər sonra yenidən, “Əcəmi Seyrangahı”nda – memarlıq inciləri ilə dünyanı bəzəyən Əcəmi Əbubəkir oğlunun ucaltdığı Mömünə Xatın türbəsi ətrafında bu bayramın qeyd olunması insanlarda daha xoş ovqat yaşatdı. Milli personajlarımızın, folklor nümunələrimizin, canlı musiqilərin gün boyunca səslənişi, müxtəlif növ iaişə xidmətlərinin təşkili insanların bayram şənliyinə marağını daha da artırdı. Hər kəs öz ailə üzvlərilə birgə bayram tətilini səmərəli keçirmək üçün demək olar ki təşkil olunan “Novruz şəhərciyi”nə üz tutur. Bu bayramı üstün edən adətlərdən biri də qonaqlı-qaralı olmasıdır. Bu bayram şənliyinə üz tutanlar arasında yerli sakinlərlə yanaşı, ölkəmizin başqa şəhər və rayonlardan gələnlər, hətta əcnəbi qonaqlar da vardır. Şənliyə üz,tutmuş qonaqlarımızın üzündəki sevinci görüb, onların bayram arzularını öyrənmək üçün həmsöhbət olmağa çalışdıq. 

İlk müsahibimiz 44 günlük Vətən müharibəsinin canlı əfsanələrindən olan Şahbuz rayon sakini, qazimiz Mirkənan Kərimov oldu. O, balaca qızı ilə şənliyə qatılmışdı. Mirkənanla söhbətimiz, bayramlaşmağımız bayram sevinci ilə yanaşı, həm də qürur hissi ilə dolu oldu. Elə onun da gözlərində qeyri-adi sevinc, xoşbəxtlik işıldayırdı. Çünki həmsöhbətim 30 il həsrətini çəkdiyimiz, işğaldan azad olunmuş torpaqlarımızdan danışır, milli bayramımız olan Novruzu Zəfər məğrurluğu ilə qeyd etdiyimizi xüsusi vurğulayırdı. Qazimiz söhbət əsnasında döyüşlər zamanı Vətən uğrunda şəhid düşmüş şəhid yoldaşlarından da söz açdı. O, “Biz bu bayramı bu cür ürək açıqlığı ilə qeyd ediriksə, şəhidlərimizə və gözü yolda qalmış ailələrinə borcluyuq”,- dedi. Qazimiz döyüşlərin qızğın vaxtlarında 12 saatlıq mühasirədə qalmağından da danışır, mən isə böyük heyrətlə qulaq asırdım. Amma həmsöhbətim bayram günlərini qeyd etdiyimizi dilə gətirərək daha da gülərüzlə, mehriban siması ilə ətrafına toplaşan insanlara xoş arzularını bildirirdi: “Biz sizlər üçün, siz hər zaman belə şən bayram əhvali-ruhiyyəsində olasınız deyə,  qanımız, canımız bahasına da olsa,  Böyük Zəfərə imza atmışıq”. Qazimiz Mirkənan Kərimovla bayramlaşıb sağollaşsaq da, düşünürəm ki onun üzündəki qürur dolu ifadə heç zaman gözlərim önündən getməyəcək. 

Hər zaman  minnətdar olacağımız şəhid ailələri, qazilərimiz bizim baş tacımızdır. Ən əziz günlərimizdə yad edəcəyimiz dəyərlilərimizdir. Xalqımız hər zaman, bayramlarımızda da şəhidlərimizi böyük ehtiramla yad edir, onlardan bizə yadigar qalan əmanətlərinin yanında olmağa çalışır. Bayram şənliyinə axın edən insan seli içərisində bizim balaca fidanlar da var. Onların da bayram diləklərimi oyrənmək istədim.  Bunlardan biri də Naxçıvan şəhərindən olan 44 günlük Vətən müharibəsi şəhidimiz Elşən Orucovun qızı Aygündür. Aygün balamız anası və balaca bacısı ilə birgə  gəlmişdi bayram tədbirinə. Seyrəngaha daxil oıarkən onları tanıyan hər kəsin yaxşı qarşıladığını, hətta hədiyyələr də verdikini söylədi. Atasının yoxluğu onları üzsə də, onun adı ilə fəxr etdiklərini,  bir qəhramanın qızları olmaqdan qürur duyduqlarını dilə gətirdi. Söhbətimiz əvvəlki müsahibimdə olduğu kimi çox təsirli, qürurlu biraz da sükutlu idi. 

Tarixiliyi özündə ehtiva edən “Əcəmi Seyrəngahı”nı bi raz gəzib dolanmışdım ki, qarşıma Vətən keşikçilərimiz çıxdı. Hərbi xidmətlərində fərqlənən bu gənclərimiz bayramı ailələri ilə birgə keçirmələri üçün bir neçə günlüyə evə ötürülmüşdülər. Onlardan birinə yaxınlaşıb həmsöhbət olmaq qərarına gəldim. Bakı şəhərindən olan Fariz Əzimov Naxçıvanda hərbi xidmətdədir. Onu burada qarşılamağa anası gəlmişdi. İlk dəfə idi bayramı Naxçıvan şəhərində qeyd edirdilər. Bizimlə bayram təbriklərini bölüşməyi xahiş etdim. Qeyd etdi ki, nə qədər ki biz Vətən keşikçiləri var xalqımız hər zaman bayramlarımızı ənənəvi qaydada, təntənə ilə qeyd edəcək. Əsgərimiz Fariz Əzimov başda Ali Baş Komanda cənab İlham Əliyevi və xalqımızı milli bayramımız münasibətilə ürəkdən təbrik edib xoş arzularını bölüşdü. Mən də elə bu bayram günündə ən xoş arzularımızən ön cəbhədə düşmənə sipər olan Vətən keşikçilərimiz üçün olduğunu bildirib, söhbətimi yekunlaşdırdım. 

Novruz bayramı özündə həm də mənəvi dəyərlərimizi cəmləyir. Bunlardan biri də böyüyə-kiçiyə hörmət, yardımlaşmalardır. Günlərdi diqqətimizi çəkən məqamlardan biri də, bayram şənliyində hər kəsin rəğbətini qazanmış könüllülərdi. Könüllü xidmətləriylə yanaşı onların çalıb -oynamaqları, uşaqların sevincinə sevinc qatmaları bayramı daha da rəngarəng edirdi. Könüllülərimizdən biri ilə həmsöhbət olub, bayram arzularını dinlədim. Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakultəsinin II kurs tələbəsi olan Eldar Əliyev Gəncə şəhərindəndir. Burada ali təhsil almaqla yanaşı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda könüllülük fəaliyyəti ilə də məşğuldur. İlk dəfədir ki, könüllü kimi bu cür böyük bir təntənəli tədbirdə iştirak etdiyini dedi. Ailəsindən uzaqda olsa da, doğma diyarda qəribçilik yaşamadığını naxçıvanlılarla birgə bayramı xüsusi qeyd etdiyindən söz açdı. Görünür, könüllülük ona xüsusi zövq verir. Çünki ona tapşırlan işləri, digər könüllülər kimi xüsusi bir zövqlə, pozitiv enerji ilə yerinə yetirir, şənliyə gələn hər kəsdə məmnunluq hissi yaradırdı. Eldar  könüllü gəncimiz olaraq hər zaman xalqımızı belə şən, firavan görməyini arzuladı və “Şərq qapısı” qəzeti vasitəsilə bayram təbriklərini çatdırmamızı xahiş etdi. Biz də öz növbəmizdə gənc könüllümüzə təhsilində və şərəfli fəaliyyətində uğurlar azu edib, bayramlaşıb sağollaşdıq. 

Xalqımız üçün Novruz, ən şən və sevimli bayramdır. Hər bahar gələrkən, torpaqda canlanmanın yarandığı kimi, xalqımızın arzu-ümidlərinə də inam və coşğu hakim kəsilir. Tonqal hərarətli, səməni bərəkətli, çiçək ətrli Novruz bayramınız mübarək olsun! 

Aidə İBRAHİMOVA

Nəşr edilib : 24.03.2023 17:24