AZ EN RU

Xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib sahə

    Müdriklərdən biri deyir ki, iki cür yolgöstərən var: biri öz yolunu başqalarına təlqin edir, digəri isə insanlara onların öz düzgün yollarını tapmaqda yardımçı olur. Böyük liderlər zəmanələrinin fatehləri kimi insanlara ən düzgün yolu tapmaqda kömək göstərirlər. Dövrünün görkəmli maarifpərvərlərindən olan Nəriman Nərimanov vaxtilə yazırdı: “Əgər tarixə nəzər salsanız, yəqin edərsiniz ki, heç bir xalq qılınc və silahla irəli getməyibdir. Hansı millət ki, gedib qabağa, tərəqqi edibdir, yalnız elmin, təhsilin gücünə xoşbəxt olubdur”. Xoşbəxt o xalqdır ki, özünə rəhbər seçib taleyini etibar etdiyi lider ona yolun ən düzgününü nişan verir. Bu, elm və təhsil yoludur. Bu sahəyə qayğı göstərən dövlət rəhbərləri bununla nəinki öz ölkələrinin iqtisadi və mədəni yüksəlişini təmin edir, həm də dünya elminə və təhsilinə böyük töhfələr verirlər.

    Müstəqil Azərbaycanın qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri xüsusi yer tutur. Ulu öndərimiz ölkənin və xalqın taleyində, onun hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir. Dahi rəhbər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”. 

    Ulu öndər həm təhsilin məzmunu, mahiyyəti, məqsədləri, səmərəli təşkili, müəllim əməyinin şərəfi, şagirdlərin və tələbələrin vəzifələri barədə dəyərli fikirlər söyləmiş, həm də Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalmış, bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirmişdir. Azərbaycana birinci rəhbərliyi dövründə də ümummilli lider Heydər Əliyev daim təhsilə, tərbiyəyə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxmamış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkərək demişdir: “Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır”.
    Tarix zaman-zaman sübuta yetirib ki, bir xalqın inkişafı üçün bu yoldan daha müqəddəs bir yol yoxdur. Dünyanın bütün qabaqcıl xalqları öz hədəflərinə yalnız elmin, təhsilin, biliklərin gücü ilə çatıblar. Xalqın yetirdiyi maarifçilər, mütəfəkkirlər də bütün həyatlarını insanlara məhz bu həqiqəti çatdırmağa sərf ediblər. Təhsilin, elmin imkanlarının hər kəs üçün əlçatanlığı naminə yaşayıblar.
    Prezident cənab İlham Əliyev hələ illər öncə Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi prosesinin vacibliyini strateji hədəf kimi irəli sürmüş və əməli surətdə inkişaf etdirmişdir. Bu ali niyyətin reallaşdırılması üçün davamlı islahatlar aparılmışdır. Həmin islahatların təsiri ilə ölkəmizdə, eləcə də muxtar respublikamızda tamamilə yeni təfəkkürlü, müasir nəsil yetişmişdir. Gənclər bu gün cəmiyyət həyatının bütün önəmli sahələrində yenilik meyillərini ifadə edirlər. Yeni nəsillərin bacarıqları, bilikləri, ən müasir texnologiyalara maraqları, müxtəlif tarixi hadisələr zamanı onların fəallığı, təəssübkeşliyi, təşəbbüskarlığı bütünlükdə cəmiyyətin inkişafından xəbər verən göstəricilərdir.
    Gənclərimizin təhsili ilə yanaşı, milli ruhda tərbiyəsi, onlarda daim Vətənə sevginin olması da çox mühüm məsələdir. Əslində, elə milli təhsilimizin ali məqsədi də milli ruhlu kamil vətəndaşlar yetişdirməkdir. 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduq. Prezident İlham Əliyev bu barədə deyir: “Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir”.
    Bu gün dövlətimiz təhsil almaq üçün xarici universitetlərə göndərilən və məzun olduqdan sonra xarici ölkələrdə qalıb çalışan gənclərimizin də daim yanındadır. Onlara lazımi dəstəyini heç zaman əsirgəmir. Çünki bu gənclər xaricdəki istinadgahımız, milli qürurumuz, uzaqlardakı Azərbaycanımızdır. Bizim ölkə hüdudlarından kənarda eşidilən səsimiz, sözümüz, nəfəsimizdir. Onların uğurları nə qədər bol olarsa, mövqeləri, dayaqları nə qədər möhkəmlənərsə, Azərbaycanın da nailiyyətlərinin hüdudları bir o qədər genişlənər, etibarlı olar.
    İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, həmin ölkələrdə əldə edilmiş tərəqqi təhsilin yüksək səviyyəsi ilə bağlıdır. Təhsilin səviyyəsi, eyni zamanda elmi-texniki tərəqqini də yüksək dərəcədə şərtləndirir. Bu, ölkələrin ən yüksək inkişaf səviyyəsinə təbii resurslar vasitəsilə deyil, məhz bilik, savad, təhsil, elm, yetkin insan ağlının hesabına çatdığını göstərir. 
    Muxtar respublikamızda da təhsil quruculuğu, təhsilin müasir tələblər səviyyəsində inkişafı ciddi önəm verilən məsələlərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində qədim diyarımızda müasir təhsil infrastrukturu yaradılıb.  Belə ki, muxtar respublikada orta, orta ixtisas və ali təhsil, eləcə də elm müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilib. Daha dəqiq desək, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu gün həmin məktəblərdə, ali təhsil müəssisələrində zəngin dərslik və bədii ədəbiyyat olan kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarındadır. Yaradılan müasir təhsil mühitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərirlər. Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri demişdir: “Muxtar respublikada təhsilin inkişafı beynəlxalq aləmə inteqrasiya, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı kadr hazırlığı işinə müasir yanaşmanı əhatə etməklə ümummilli lider ­Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinə əsaslanır”.
    Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda güclü intellektual və kadr potensialının hazırlanmasına da şərait yaradır. O da xüsusi vurğulanmalıdır ki, bu gün muxtar respublikamızda təhsilin bütün sahələri özünün yeni inkişaf dövrünü yaşayır. Bu baxımdan ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikamızın ali təhsil müəssisələri dünyanın qabaqcıl ali təhsil müəssisələri səviyyəsində güclü infrastruktura malikdir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetləri, Naxçıvan Müəllimlər İnstitutu diyarımızda yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfələrini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Müəllimlər İnstitutunun yeni tədris korpusunda fəaliyyət göstərməsi, onun müstəqil ali məktəbə çevrilməsi, elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, respublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində xeyli iş görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il 7 sentyabr tarixli Sərəncamı muxtar respublika rəhbərinin elmə, elm adamlarına göstərdiyi diqqət və qayğısının bariz ifadəsi olmaqla həm də muxtar respublikamızda elm adamlarının inkişafına, yeni-yeni tədqiqat işləri aparmalarına böyük stimul vermişdir. Ölkəmizdə elmə göstərilən qayğının digər bir təzahürü isə Prezident cənab İlham Əliyevin Sərəncamı ilə martın 27-nin “Elm Günü” kimi təsis edilməsidir.
    Muxtar respublikamızda elm, təhsil sahəsində görülən işlər məzmun etibarilə çoxşaxəlidir. Son illərdə həm strateji, həm də taktiki baxımdan müasir keyfiyyət meyarlarına cavab verən xeyli işlərin görülməsi, elm, təhsil istiqamətində əsaslı islahatların uğurla davam etdirilməsi bu sahənin ildən-ilə daha da inkişaf edəcəyindən xəbər verir. Muxtar respublikada bütün təhsil pillələri üzrə müasir infrastruktur yaradılmış, yeni texnologiyaların tədrisdə tətbiqinə başlanmışdır. Təhsil müəssisələrində STEAM kabinələri yaradılmış, dərsliklər və tədris proqramları nəşr edilmiş, yüzlərlə müəllim STEAM təlimlərinə cəlb olunmuşdur. Ali Məclis Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Dövlət Universitetində Texnoparkın və Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması da muxtar respublikada tələbələrin, şagirdlərin daha bilikli formalaşmasına böyük töhfə verəcəkdir. Ali Məclis Sədrinin də dediyi kimi: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Müdriklər də deyirdi ki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsillə bağlıdır. Bu mənada, hərtərəfli təhsil alan gənc­lər ölkəmizin gələcək təminatçılarıdır”.
    Naxçıvan Muxtar Respublikasında müasir səviyyədəki yüksək inkişaf Azərbaycanda Heydər Əliyev yolunun böyük imkanlarının və geniş üfüqlərinin möhtəşəm təntənəsidir. Bu yol Azərbaycanın dünəni kimi, bu gününün də böyük reallıqları və daha parlaq sabahları deməkdir. Bütün bunlar Azərbaycanın tərkibində hərtərəfli surətdə inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən sərhəddində alınmaz qalaya çevrilmiş müasir Naxçıvanın bundan sonra da böyük addımlarla irəliləyib inkişaf edəcəyinin real təminatıdır. Bu isə torpağını və məmləkətini sevən hər bir Azərbaycan vətəndaşının böyük arzusu və inamıdır. 

    Bu gün dаvаmlı оlаrаq təhsil sаhəsində  islаhаtlаr həyаtа kеçirilməkdədir. Bütün bunlаr bir dаhа əmin оlmаğа əsаs vеrir ki, müаsir Аzərbаycаn təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, bеynəlхаlq təcrübəyə əsаslаnаrаq dаhа dа inkişаf еdəcəkdir. Çünki qazanılan bütün nailiyyətlər məhz Heydər Əliyev ideyalarından güc alır. Ulu öndərin “millətin gələcəyi” adlandırdığı təhsil sahəsi islahatların daha sürətlə aparıldığından xəbər verir.

Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 06.05.2022 22:14