AZ EN RU

Xalqımızı xilasa və tərəqqiyə aparan yol

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə daim fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz, Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi tanınır.

Bu fikirlər Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin “Xalqımızı xilasa və tərəqqiyə aparan yol” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Müstəqilliyi əldə etmək nə qədər çətindirsə...

Müstəqil, azad yaşamaq, öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək əsrlər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Azərbaycan 18 oktyabr 1991-ci ildə ötən əsrin 20-ci ilində itirdiyi dövlət müstəqilliyini yenidən bərpa etsə də xalqımız bu sevinci yaşaya bilmədi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, ayrı-ayrı siyasi qruplar arasında hakimiyyət uğrunda gedən amansız mübarizə müstəqil Azərbaycan dövləti, xalqı üçün heç də uğurlu gələcək vəd etmirdi. 1992-ci ildə hakimiyyəti zor gücünə ələ keçirən AXC-Müsavat cütlüyü bir illik iqtidarı dövründə ölkəmizi daha da ağır, çıxılmaz vəziyyətə saldı. AXC-Müsavat iqtidarının səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən və ayrı-ayrı siyasi qruplaşmalara məxsus olan silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq törətdikləri cinayət əməlləri, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyillərinin baş qaldırması və sair kimi hadisələr respublika daxilində qardaş qırğınına, vətəndaş müharibəsinə zəmin yaratmış, Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xüsusilə hakimiyyəti silah gücünə ələ keçirmiş və xalq arasında “ac bəylər” adlandırılan zümrə tərəfindən dövlət əmlakının amansızcasına talan edilməsi ölkəni acınacaqlı duruma salmışdı. Bütün bunlarla yanaşı, dövlət idarəetməsində heç bir təcrübəsi olmayan təsadüfi şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə ciddi təhdid yaratmışdı. Bir sözlə, ölkə təcrid olunmuş vəziyyətə gətirilmişdi. Torpaqlarımız bir-birinin ardınca işğal edilir, xalqın sabaha olan ümidləri tamamilə puça çıxırdı. Belə bir çıxılmaz durumda olan Azərbaycan müstəqilliyini itirmək, bir dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Vəziyyətin daha da ağırlaşacağından qorxuya düşən və heç bir əməli tədbir görməyi bacarmayan səbatsız AXC-Müsavat iqtidarının yüksək vəzifəli şəxsləri son nəticədə məsuliyyətdən yayınmaq üçün bir-birinin ardınca istefa verməyə, Ümummilli Lider Heydər Əliyevi hakimiyyətə dəvət etməyə məcbur oldular. Ulu Öndər onların bu təkliflərini qəbul etmir, vəziyyət isə getdikcə daha da pisləşirdi. Bu çətin məqamda Azərbaycan xalqı hamılıqla ayağa qalxdı, üzünü xilaskarına tutaraq böyük dövlətçilik təcrübəsi olan, dünya şöhrətli nüfuzlu siyasi xadim Heydər Əliyevi təkidlə ölkəni məhv olmaqdan xilas etmək üçün hakimiyyətə dəvət etdi. Xalq inanırdı ki, yalnız Ulu Öndər Heydər Əliyev bu vəziyyətdən çıxış yolu tapa və Azərbaycanın müstəqilliyini qoruyub saxlaya, inkişaf etdirə bilər. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli çağırışına səs verərək Naxçıvandan Bakıya qayıtdı. Böyük xilaskar Heydər Əliyevin Bakıya qayıdışı ilə Azərbaycan müstəqil bir dövlət kimi məhv olub tarix səhnəsindən silinmək təhlükəsindən qurtuldu. Heç də təsadüfi deyil ki, 1993-cü ilin 9 iyunu müstəqillik tariximizə, dövlətçilik salnaməmizə qızıl hərflərlə yazılıb. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, Böyük Qurtuluşa doğru mühüm addım atıldı. Bu qayıdış bütün mənalarda milli qurtuluşumuz idi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildiyi 1993-cü il 15 iyun tarixinin Milli Qurtuluş Günü adlandırılması xalqımızın öz xilaskarına verdiyi tarixi qiymət, gələcəyini müəyyənləşdirmək baxımından qəbul etdiyi böyük tarixi qərar idi. Məhz bu səbəbdən də dövlət başçısı İlham Əliyev Milli Qurtuluş Gününü Azərbaycan tarixinin dönüş nöqtəsi kimi dəyərləndirir.

1997-ci ildən etibarən Azərbaycanda rəsmi olaraq dövlət bayramı kimi qeyd edilən bu tarix olduqca böyük əhəmiyyət daşıyır. Milli Qurtuluşumuz Azərbaycanın çoxəsrlik tarixinə sadalamaqla bitməyən zəngin səhifələr əlavə etdi. Bu gün həmin səhifələr tarixi Zəfərimizin reallıqları fonunda daha da zənginləşir, Azərbaycan xalqının yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatında əhəmiyyətli rol oynayır.

Müasir müstəqil Azərbaycan Ulu Öndərin həyat amalının təntənəsidir

Ümummilli Liderin tarixi missiyası üç mühüm amilə söykənirdi: xalqın Heydər Əliyevə olan möhkəm və sarsılmaz inamı, dəstəyi; Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; Ulu Öndərin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi. Məhz bu üç amilin vəhdəti sayəsində müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl formalaşdı.

1993-cü il iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayan, 1993-cü il oktyabrın 3-də milyonların etimadı nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər Heydər Əliyev 10 oktyabr 1993-cü ildə keçirilən andiçmə mərasimində müstəqilliyimizin əbədiliyinin təmin edilməsi naminə qarşıda dayanan mühüm məsələlərin proqram tezislərini bəyan etdi.

Məhz bu tarixi tezislər əsasında Ulu Öndər Heydər Əliyev çox qısa bir müddətdə özünün xilaskarlıq missiyasını xalqın dəstəyi sayəsində uğurla gerçəkləşdirdi, millətimizi, ilk kövrək addımlarını atan gənc dövlətimizi böyük bəlalardan xilas etdi. Eyni zamanda, Ümummilli Lider bu missiyası ilə dövlətimizin rəmzinə çevrildi ki, bu da tarixdə nadir hallarda rast gəlinən gerçəklikdir. Məhz bu əvəzsiz xidmətlərinə görə müasir müstəqil Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq gözlərimiz önündə bütün mənalı həyatını xalqımızın xoşbəxt həyat sürməsinə, dövlətimizin inkişafına və tərəqqisinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin nurlu siması canlanır. Ümummilli Lider dünya tarixində nadir şəxsiyyətlərdəndir ki, zəngin irsi hər zaman araşdırılır, öyrənilir, təbliğ olunur və gələcəkdə də belə olacaqdır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olundu. Bu tarixi addım dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı misilsiz xidmətlərinin təhlilinə böyük imkanlar yaradır. «Heydər Əliyev İli” çərçivəsində həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda keçirilən rəngarəng tədbirlərdə Ümummilli Liderin fəaliyyətinin ayrı-ayrı istiqamətləri geniş təhlil olunur, bunların fonunda Onun Vətəninə, xalqına, dövlətinə bağlılığı böyük qürur hissi ilə vurğulanır.

“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram!” söyləyərək Azərbaycanı böyük inkişaf, tərəqqi yoluna çıxaran Ulu Öndər Heydər Əliyev, eyni zamanda, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, “Vətən birdir, hamımız bu Vətən üçün çalışmalıyıq!” çağırışları ilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyini, həmrəyliyini təmin etdi. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, təbliği Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə fəaliyyətinin əsasını təşkil edib.

Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və dövlətçilik bacarığı sayəsində Azərbaycan qısa müddət ərzində zamanın təlatümlərindən, sınaqlarından uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi. Sabitliyi hər bir ölkənin inkişafının əsası kimi dəyərləndirən Ulu Öndərin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda sabitlik təmin edildi.

İqtisadi müstəqilliyi Azərbaycanın qüdrətlənməsi, ölkə əhalisinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca şərt kimi önə çəkən Ulu Öndər Heydər Əliyev iqtisadiyyatı bərbad hala salınan respublikanın sərbəst iqtisadiyyat sisteminə keçməsini, mövcud təbii resurslardan səmərəli istifadəni, önəmli islahatların tətbiqini çıxış yolu kimi dəyərləndirdi. 1994-cü il mayın 12-də Ermənistanla atəşkəs sazişinin imzalanmasından sonra elə həmin ilin sentyabrın 20-də dünyanın nəhəng transmilli şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması sayəsində neft strategiyasını müəyyənləşdirən, Azərbaycana investisiya axınını iqtisadi böhrandan çıxış yolu hesab edən Ulu Öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli şəraitdə yerləşən respublikanın iqtisadi-sosial, elmi- texniki potensialını da hazırladığı neft strategiyasının həllinə yönəltdi. Ümummilli Lider dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir ölkə təcrübə mübadiləsi aparılmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi” Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi Ərzurum, Cənub Qaz Dəhlizi, eyni zamanda, “Yeni əsrin müqaviləsi” kimi unikal layihələrin reallaşmasına yol açdı. Bu gün enerji sahəsində əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin göstəricisidir. Əminliklə deyə bilərik ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal neft-qaz layihələri dünyanın enerji xəritəsini dəyişdirməyə imkan yaratdı.

Ulu Öndər qarşıdakı dövrün hədəflərini açıqlayarkən bu məqamı da xüsusi qeyd etmişdir ki, Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan demokratiya yolu ilə getməlidir. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır.

Ümummilli Liderin demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün atributların bərqərar olması istiqamətində atdığı addımların uğurlu nəticəsi 2001-ci ildə Azərbaycanın dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi oldu.

Ölkədə söz, mətbuat azadlığının təmin olunması, insan hüquqlarının qorunması, çoxpartiyalı sistemin yaradılması, plüralizmin təmin edilməsi, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri tədbirlərin görülməsi bir daha təsdiqlədi ki, Azərbaycanda demokratiya prinsiplərinə sadiqlik sözdə deyil, əməli işdə özünü təcəssüm etdirir. Milli Konstitusiyamızın bütün maddələrində insan amilinə diqqət, dövlətçiliyin möhkəmləndirilməsi üçün vətəndaşların üzərinə düşən vəzifələr tam aydınlığı ilə müəyyənləşdirildi. Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm hökmünün ləğv olunması, Amnistiya aktları və əfv sərəncamları ilə azadlıqdan məhrum edilmiş minlərlə məhbusun cəzasının çəkilməmiş hissəsindən azad olunması insan amilinə diqqətin nümunəsi kimi dəstəkləndi. Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında senzuranın ləğvi sözün həqiqi mənasında azad, müstəqil mətbuatın formalaşmasında həlledici rol oynadı. 1998-ci ilin 6 avqustunda “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ilə ölkə mətbuatının inkişafında yeni bir mərhələnin başlanğıcı qoyuldu.

Ümummilli Lider müstəqillik yolunda ilk addımlarını atan hər bir ölkənin qarşısında dayanan vəzifələri açıqlayarkən xarici siyasətin düzgün qurulmasını qarşıya mühüm vəzifə kimi qoyurdu. Onun düşünülmüş, çoxşaxəli xarici siyasət kursu Azərbaycan həqiqətlərinin, keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynadı. Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı. Dahi şəxsiyyət, eyni zamanda, bu çağırışı da edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordu olmalıdır. Ölkəmizdə nizami ordu formalaşdı, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndiriməsi istiqamətində davamlı addımlar atıldı. Fərarilik hallarına son qoyuldu. Azərbaycan gənclərində formalaşdırılan vətənpərvərlik hissləri onların hərbi xidmətə böyük ruh yüksəkliyi ilə qatılmalarını şərtləndirdi.

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Dahi şəxsiyyətin xidmətlərinin miqyası o qədər genişdir ki, bütün bunları bir yazıda əhatə etmək mümkün deyil. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin sürətlə uçuruma yuvarlandığı bir şəraitdə- 1992- ci ildə 91 nəfər ziyalının xalqın böyük əksəriyyətinin istəyini özündə ifadə edən “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti tarixə mühüm hadisə kimi yazıldı. Ümummilli Lider “Yeni Azərbaycan uğrunda” cavabı ilə xalqla bir olduğunu növbəti dəfə nümayiş etdirdi, Azərbaycanın düşdüyü vəziyyətdən xilasında yaradılması nəzərdə tutulan Yeni Azərbaycan Partiyasının böyük rol oynacağına əminliyini ifadə etdi. Məhz bu əminlik, Yeni Azərbaycan Partiyasına dünənin, bu günün və gələcəyin partiyası kimi göstərilən böyük etimad indiki reallıqlarımıza yol açdı. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması və Ümummilli Liderin partiyaya Sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb oldu. Çünki Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdı. Partiya yarandığı gündən tutduğu yola sadiqliyi, söz ilə əməl birliyi sayəsində milyonların sevgisini qazandı, cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Dövlət başçısı, YAP Sədri İlham Əliyev keçilən yolun təhlili fonunda böyük əminliklə bildirir ki, YAP bundan sonra da ölkəmizdə gedən bütün proseslərin mərkəzində olacaq. YAP ənənələri olan partiyadır.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək deməliyik ki, Ulu Öndər Heydər Əliyevin adı tariximizdə Vətənin və xalqın xilaskarı, müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi həkk olunub.

Tarixi Qayıdışdan şanlı Zəfərə

Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Lider məcburi köçkünlərlə görüşlərinin birində bildirmişdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik.” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini, arzusunu reallığa çevirdi.

Artıq təsdiqini tapmış faktdır ki,1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsi rolunu oynayıb. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan və uğurla davam etməkdə olan islahatlar dövlətimizin və xalqımızın bu günü, gələcəyi üçün həlledici amil rolunu oynayır. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. 2003-cü ildən başlanan yol Böyük Yolun davamı kimi dəyərləndirilir. Həmin ildən başlayaraq Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirir. Uğurlu daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqlarının qorunmasında, həm də ölkəmizin dünyanın siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. 44 günlük İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 8 noyabr 2020-ci ildə Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” fikirləri ilə Prezidentlik dövrünün əsas hədəflərini reallığa çevirdiyi üçün keçirdiyi hissləri xalqla bölüşdü. Dövlət başçısı tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərə səfər edərək Qələbə sevincini xalqla bölüşdü, bu torpaqların əsl sahibinin məhz Azərbaycan xalqı olduğunu bu məkanlardan sonsuz qürur hissi ilə dünyaya çatdırdı. Dünya hərb tarixində ilkə imza atan Azərbaycan müharibədən dərhal sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu gün həmin ərazilərə Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azad Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Sonsuz qürur hissi ilə qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində əks olunan çağırışlar, inam və etimad real həyatda öz təsdiqini tapıb. Qarabağ münaqişəsinin tarixə qovuşması, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın bugününə və gələcəyinə nəzər salmaq sevincini bizlərə yaşadan möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarlığımızı ifadə edir, canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik.

Heydər Əliyev Fondu Ulu Öndərin zəngin irsinin ən fəal təbliğatçısıdır

Reallıq budur ki, Heydər Əliyev Fondu tariximizə müstəqil dövlətimizin qurucusu kimi daxil olmuş Ulu Öndərin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmışdır. 2004-cü ildə fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Fondun fəaliyyətində azərbaycançılıq ideologiyasının təbliği xüsusi yer tutur. Çoxəsrlik tariximizin hər bir səhifəsinin gənc nəslə çatdırılması istiqamətində Fondun həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bugünümüzün əsas çağırışı olan işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində də Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Tarixi və dini abidələrimizin bərpası və yenidən qurulması istiqamətində mühüm addımlar atılır. Heydər Əliyev Fondunun bilavasitə təşkilatçılığı ilə Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı və Vaqif Poeziya Günləri ənənələri bərpa edilib.

Yeni hədəflərə doğru

Təbii ki, görülən işlərlə və qarşıda dayanan hədəflərlə bağlı sıralamanı xeyli artıra bilərik. Əsas olan budur ki, xalqımız qazanılan uğurlarla kifayətlənmir, daim irəli baxaraq, yeni-yeni hədəflərə doğru addımlayır. Tarixi ədalətə, beynəlxalq hüququn norma və prinsiplərinə söykənərək 30 illik işğala son qoyub ərazi bütövlüyümüzü bərpa etdiyimiz kimi, hazırkı dövrün əsası çağırışı olan Qərbi Azərbaycana qayıdışımızı da təmin edəcəyik. Xalqımız tam əmindir ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində hər bir hədəfə nail olacaq, Azərbaycan daim möhtəşəm uğurları ilə dünyanı heyrətləndirəcək.

Artıq üçüncü ildir ki, bütün uğurlarımızın bünövrəsi olan 15 İyun - Milli Qurtuluş Günündə Azərbaycanımıza və məğrur, yenilməz xalqımıza Zəfər ruhlu təbriklərimizi çatdırır, bundan böyük qürur hissi keçiririk. Milli Qurtuluşdan möhtəşəm Zəfərə doğru addımlayaraq bu istəyini reallığa çevirən, qalib ölkə kimi yeni reallıqlar yaradan, sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edən müasir müstəqil Azərbaycan, Milli Qurtuluş Günün mübarək olsun!

Nəşr edilib : 14.06.2023 17:47