AZ EN RU

Xalqımız sevinc dolu günlər yaşayır

Əldə edilən uğurlar hər birimizi qürurlandırır

Məlum olduğu kimi, bu günlərdə Azərbaycan ard-arda yeni tarixi uğurlara imza atır. Belə ki, aprelin 17-də Rusiya sülhməramlı kontingenti müvəqqəti yerləşdirildiyi Qarabağdan vaxtından əvvəl çıxarılmağa başlanıldı. Bunun ardınca, aprelin 19-da  Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunaraq Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kənd yaşayış məntəqələri Azərbaycana qaytarıldı. Aprelin 23-də isə 34 il sonra Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində  ilk sərhəd dirəyi quraşdırıldı. Bunun ardınca daha bir xoş xəbərə şahidlik etdik: 36 il sonra Xankəndidə ilk körpəmiz dünyaya göz açdı. Təbii ki, bu xoş xəbərlər ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da böyük sevinc və qürur hissi ilə qarşılanır. Bunu “Şərq qapısı” qəzeti ilə fikirlərini bölüşən müsahiblərin dediklərindən də görmək mümkündür:

İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, akademik: – Xalqımız çox acılar çəkmişdir. Ancaq müdriklərimiz demişlər ki, acı günlərin ömrü uzun olmur. Ümummilli Lider Heydər Əliyev xalqımıza qarşı yönəldilmiş məkrli siyasətin qarşısını aldı, xoş günlərin, ümidli günlərin ovqatını ortaya qoydu, xalqımıza sevinmək nə qədər yaraşır gerçəkliyini bərpa edə bildi. Gözlənilən arzu və ümidləri cənab İlham Əliyev həqiqətə çevirdi, “nəyin nə vaxt və necə ediləcəyini” vaxtında reallaşdırdı.

Artıq bir neçə ildir ki, xalqımız sevinc dolu günlər yaşayır. 44 günlük savaşın doğurduğu qürur və fərəh hissi Şuşa zəfərinin sevinci, ərazi bütövlüyümüzün bərpası Qələbə Bayramı ilə qurtardı. Antiterror əməliyyatı – dostlara sevinc, düşmənlərə acı kədər gətirən sonluq, suverenliyimizin bərpası. Bircə gün içərisində Azərbaycan ərazisindəki Ermənistan ordusunun qalıqları və tör-töküntülərinin darmadağın edilməsi, separatçı-terrorçu dəstələrin təslim edilməsi, onların “başbilənlərinin” həbsi və Xankəndidə hərbi parad. Uzun illər həsrətində olduğumuz qələbə bayramları!

Aprel hadisələri sevinc üstünə sevinc gətirdi. Bu hadisələrin memarı, dünyada nüfuzlu dövlət xadimi kimi tanınmış və şöhrət qazanmış Prezident cənab İlham Əliyevdir.

 Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 44 günlük müharibənin nəticələrini təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən Qarabağa müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının bölgəni tərk etmələri nəinki ölkəmizin, eləcə də, bütövlükdə, Cənubi Qafqaz regionunun gündəmində olmuşdur. Mövcud istiqamətdə müxtəlif fikirlər səsləndirilir, mülahizə və rəylər söylənilirdi. Əlbəttə, ilk növbədə, vurğulanmalı bir məqam var: Rusiya sülhməramlı kontingentinin Qarabağdan vaxtından əvvəl çıxarılması qərarı Azərbaycan və Rusiya münasibətlərindəki qarşılıqlı inam və etibarın göstəricisidir. Çünki başa düşüldü ki, Qarabağda məhdud sayda rus hərbi hissələrinin mövcudluğuna ehtiyac yoxdur. Çünki orada Bakı ilə Moskva arasında etimad mühiti var. Rusiya çox yaxşı dərk edir ki, Azərbaycan regiona kənar qüvvələrin daxil olmasına yol verməyəcək. Prezident cənab İlham Əliyevin ustalığı ondadır ki, mövqeyini əməli işi ilə dəfələrlə təsdiqləyib.

Hazırda Azərbaycanda böyük qələbənin sevinci yaşanır. “Ağıl olan yerdə zora ehtiyac yoxdur” fikri Qazax rayonunun 4 kəndinin azad olunmasında özünü göstərdi. Silah işlətmədən, bir güllə atmadan kəndlərimiz özümüzə qaytarılır. İllərdən bəri işğal altında qalmış kəndlərin ölkəmizə qaytarılması siyasi və dövlətçilik fəaliyyəti ilə həmişə qürur duyduğumuz Prezident cənab İlham Əliyevin liderlik və diplomatik məharəti sayəsində baş tutmuşdur. Əllərində Azərbaycan Bayrağı ilə sevinc hisslərini nümayiş etdirən Qazax rayonunun işğaldan azad olmuş kənd sakinlərinin sevincinə bütün Azərbaycan xalqı qoşulur. Azərbaycanlıların Vətən sevgisi və güc-qüdrəti düşməni kəndlərimizi qaytarmağa məcbur etdi. Nəhayət haqq-ədalət zəfər çaldı!

İsmayıl Qəribli – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl və vahid xarici siyasət strategiyası nəticəsində Ermənistan və onu müdafiə edən dövlətlər Azərbaycanın öz ərazilərini azad etmək iradəsini gördülər və Azərbaycanın iradəsi ilə hesablaşmağa məcbur oldular. Ermənistan anladı ki, Azərbaycanın torpaqlarını qaytarmadan, Azərbaycanla sülh şəraiti əldə etmədən onun siyasi və iqtisadi baxımdan heç bir gələcək perspektivi yoxdur.

Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin müdrik yanaşması ilə Azərbaycanın regionda sülh, sabitlik və əməkdaşlığa əsaslanan siyasətinin perspektivi region dövlətləri tərəfindən qəbul edildi. Qazax rayonunun dörd kəndinin  Azərbaycana qaytarılması da bu prosesin davamıdır. Eyni zamanda Azərbaycanla Ermənistanın birbaşa, kənar qüvvələrin müdaxiləsi olmadan görüşərək öz məsələlərini həll etmək iradəsini ortaya qoyur.

Şəhid atası Mayis Gülməmmədov: Bu günlərdə, həqiqətən, çox gözəl xəbərlərin şahidi oluruq. Həm rus sülhməramlılarının vaxtından əvvəl torpaqlarımızı tərk etməsi, həm 4 kəndin qaytarılması bizi çox sevindirdi. Bu onu göstərir ki, 44 günlük Vətən müharibəsində düşmənə layiqli dərs verən ordumuzun, Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti əldə etdiyimiz uğurların əsasını təşkil edir. Dəfələrlə də cənab Prezident çıxışlarında “dəmir yumruğ”un yerində olduğunu bildirib. Elə bu yumruğun təsiridir ki, Ermənistan Azərbaycanın dedikləri ilə razılaşır. Çünki başqa yolu da qalmır. Qazax rayonundakı 4 kəndin Azərbaycana heç bir itki, şəhid vermədən qaytarılması da bunu bir daha təsdiq edir. Digər tərəfdən, indiyədək deyirdilər ki, rus sülhməramlıları Qarabağı asanlıqla tərk etməyəcəklər. Hansısa yolla müddəti uzadacaqlar. Amma hamımız gördük ki, torpaqlarımızı həmişəlik, həm də vaxtından əvvəl tərk etdilər. Bu, bir daha cənab İlham Əliyevin qətiyyəti, həyata keçirdiyi siyasətin nəticəsində mümkün oldu. Buna görə də bir şəhid atası olaraq inanıram ki, Prezidentimiz cənab İlham Əliyevin sayəsində bundan sonra da belə xoş xəbərləri eşidəcəyik.

Gültəkin Əliyeva – Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi, tibb üzrə fəlsəfə doktoru: Həqiqətən də, Azərbaycanımız son günlərdə böyük tarixi uğurlara şahidlik edir. Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra gördük ki, möhtəşəm Zəfərimizi, uğurlarımızı həzm edə bilməyənlər çoxdur. Buna görə də daim müxtəlif xarici qüvvələrin təsirinə məruz qalırıq. Amma bunlar bizi qorxutmur, əksinə, cənab Prezidentimizin ətrafında daha sıx birləşdirir. Çünki 44 günlük Qələbənin müəllifi odur, Azərbaycan torpaqlarında separatizmin kökünü əbədi kəsən də odur. 30 ilə yaxın bir dövrdə qulaqlarımız yalnız atəşkəsin pozulmasını, şəhid xəbərlərini eşidirdi. İndi isə  rus sülhməramlı hissələrinin torpaqlarımızdan çıxmasını eşidirik, illərdir, düşmən işğalı altında olan kəndlərimizin heç bir güllə atılmadan qaytarılmasını eşidirik, ən əsası doğma Qarabağımızda – Xankəndidə dünyaya gələn körpə balamızın xoş xəbərini eşidirik. İllərdir, bu cür xəbərləri yalnız arzulaya bilərdik. İndi isə ayrı bir reallıqla, həqiqətlə üz-üzəyik. Həm də təkcə biz yox – bizi sevənlərin və sevməyənlərin hamısı. Bu reallığı yaradan isə dövlət başçımız cənab İlham Əliyevdir. Bir daha Prezidentimizlə qürur duyuram!

Fuad Mirzəyev – dövlət qulluqçusu: Qazax rayonunun Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin sülh yolu ilə azad olunması və iki ölkə arasında ilk sərhəd dirəyinin quraşdırılması Azərbaycanın növbəti diplomatik uğurudur. Praqmatik düşüncə, diplomatik bacarıq  və qətiyyətli siyasətin uğurlu təntənəsi 4 kəndin heç bir silah işlədilmədən geri qaytarılmasını təmin etdi. Eyni zamanda Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərindən problemsiz və vaxtından əvvəl çıxarılması da bu diplomatiyanın uğurudur. Bu proseslər onu göstərir ki, qarşıdakı hədəflərimizə də tezliklə nail olacağıq.

Bəli, Azərbaycan hər keçən gün yeni uğurlar əldə edir və addım-addım öz hədəflərinə çatır. Ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan parlaq gələcəyə inamla irəliləyir. Bu siyasətin təməlində isə Azərbaycan Prezidentinin uzaqgörənliyi, qətiyyəti, yeni reallıqlar yaratmaq bacarığı dayanır.

Səbuhi HƏSƏNOV  ​​​​​​​

Nəşr edilib : 24.04.2024 15:50